Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad şəhəri, V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzi bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hafta.az bu barədə FHN-ə istinadən bildirir.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mərkəzi bazar ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bazar ərazisində 20m² sahədə məişət tullantıları, ümumi sahəsi 900m² olan bir dam altında tikilmiş birmərtəbəli bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 16m² olan meyvə-tərəvəz mağazasının dam örtüyü və sahəsi 27m² olan məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bazara bitişik yerləşən uşaq bağçasının ərazisində 300m² sahədə quru ot yanıb.
Bitişik obyektlər və uşaq bağçasının binası yanğından mühafizə olunub.