Müşahidəçilərin binokllarını götürüb evlərinə dönən vaxtıdır
İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatdıqdan sonra Avropa İttifaqı (Aİ) həm rəsmi İrəvana dəstək vermək, həm də Cənubi Qafqazda maraqlarını qoruyub saxlamaq məqsədilə Ermənistanda mülki müşahidə missiyası yaratdı. Bu addımı ilə Qərb dairələri mürəkkəb siyasi coğrafiyada öz varlıqlarını dünyaya göstərmək istəyirdi. Guya ki, Aİ bu missiyası ilə bölgədə gedən siyasi proseslərə nüfuz edəcək, regionda sülh yaradacaq.
Aİ-nin mülki müşahidə missiyası 2022-ci ilin dekabrından fəaliyyətə başlamışdı. Təsisatın formalaşması ilə bağlı qərar isə iki ay əvvəl verilmişdi. Yeri gəlmişkən qeyd edək ki, o vaxt söhbət qərardan yox, razılıqdan gedirdi. Belə ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə Aİ Şurasının prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdilər. Missiya məhz Makronun irəli sürdüyü mənasız bir təşəbbüs idi. Azərbaycan müşahidəçilik institutuna etiraz etməsə də, missiyanın yalnız Ermənistanda fəaliyyətinə razılıq vermişdi. Azərbaycan tərəfində isə belə bir missiyaya ehtiyac yox idi.
Məhz elə buna görə də rəsmi Bakı hələ bu təşəbbüs irəli sürülərkən müşahidəçilərin fəaliyyət göstərməsini gərəksiz hesab etmişdi. Çünki N.Paşinyan 2022-ci ilin oktyabrında Praqada ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Bunun üstündən iki həftə keçər-keçməz Fransa Prezidenti Emmanuel Makron yerli televiziyaya müsahibəsində Rusiyanı "Ermənistanın mənafeyini satan ölkə" adlandırmışdı. Bu, aşkar həm təxribat və danışıqlar prosesini dalana dirəmək cəhdi, həm də Aİ-nin missiyası üçün zəmin formalaşdırmaq idi.
Müşahidə missiyası fəaliyyətə başlayanda isə məlum oldu ki, bu gərəksiz təsisatın nümayəndələrinin işləri yalnız və yalnız şərti sərhədin müxtəlif hissələrini boş-boşuna gəzib-dolaşmaqdan ibarətdir. Onlar hərdən binokllarla Azərbaycan tərəfə də baxırdılar. Necə deyərlər, indiyə qədər heç yerdə analoqu olmayan "Binokl diplomatiyası" aparırdılar.
Azərbaycan həmişə bu mülki missiyanın yaradılmasının və fəaliyyətinin lüzumsuz olduğunu qeyd edir. Prezident İlham Əliyev 2024-cü il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz bu missiyanı önə çəkmişdi. Dövlət başçısı belə bir təsisatın fəaliyyət göstərməsini Azərbaycan-Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulamış və əlavə etmişdi ki, 2023-cü ildə "Avropa müşahidəçilər missiyasının" müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. "Buna nə ehtiyac var idi?!" - deyə ritorik sual səsləndirən dövlət başçısı "Binokl diplomatiyası"nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə Azərbaycanın Aİ ilə təmaslarında bu məsələnin qaldırılacağını dilə gətirmişdi.
Xəbər verildiyi kimi, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar. Qeyd etmək lazımdır ki, bu saziş iki ölkə arasında sülh və qarşılıqlı etimadın qurulmasına yönəlmiş mühüm sənəd olaraq, hər iki tərəfin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini tanımaqla bərabər, bölgədə mövcud olan gərginliyi azaltmağı və gələcəkdə ərazi iddialarını tamamilə aradan qaldırmağı hədəfləyir. Paraflanmış sazişdə Qafqaza sülh gətirəcək bütün müddəalar öz əksini tapıb. 17 maddədən ibarət olan sazişdə həmçinin qeyd olunur ki, tərəflər sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Sazişdəki bu öhdəlik Avropa İttifaqının 2022-ci ilin sonlarından Ermənistanda yerləşdirilmiş mülki müşahidə missiyasının regiondan çıxmasını da şərtləndirir. Başqa sözlə, fəaliyyəti dövründə elə bir ciddi işlə məşğul olmayan, varlığı ilə yoxluğu bilinməyən bu missiyanın Ermənistandan çıxarılmasının zamanı çatıb.
Əslində, Avropa İttifaqının Ermənistandakı missiyasının görməyə elə bir işi də qalmayıb. Ümumiyyətlə, heç bu missiyanın yaranmasına da zərurət yox idi. Bu, Fransa Prezidenti Emmanuel Makronun layihəsi idi. Məqsəd isə Aİ-nin, Qərbin Ermənistanda hərbi mövcudluğunu nümayiş etdirmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasibətləri gərginləşdirmək idi. O zamanlar isə artıq geridə qalıb.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"