AZ

Ümumrusiya Müsəlmanları İttifaqı nədən yarandı?

Rusiyada əzilən müsəlman xalqlarına yol göstərən ilk qurultaydan 120 il keçir

1905-ci il avqustun 15-də Nijni-Novqorod şəhərində Ümumrusiya Müsəlmanlarının I Qurultayı keçirilir. Qurultayda Krımdan, Şimali Qafqazdan, Zaqafqaziyadan, Kazandan, Uraldan, Türküstan və Sibirdən nümayəndələr iştirak edirlər. Qurultayda Rusiyanın müsəlman əhalisinin müxtəlif zümrələri təmsil olunmaqla 150 nəfərə yaxın şəxsin iştirak etdiyi ilə bağlı məlumatlar var. 

Oka çayı üzərində "Gustav Struve" gəmisində işə başlayan Rusiya  Müsəlmanlarının I Qurultayı Vladiqafqaz imamı Şakir Sadıq Əfəndi Rəhimqulun oxuduğu "Qurani-Kərim"in sədaları altında açılır. Bu qurultayın əhəmiyyətindən biri də odur ki, ilk dəfə məzhəb ayrılıqlarına baxmayaraq, sünni və şiə müsəlman türkləri bir arada problemlərini müzakirə edirlər. Qurultay iştirakçılarını ilk giriş sözü ilə "Tərcüman" qəzetinin redaktoru İsmayıl bəy Qaspıralı salamlayır və onun təklifi əsasında Əlimərdan bəy Topçubaşov və Yusif Akçura  qurultayın sədarətinə, Ufa quberniyasından olan Səlim-Girey Canturin isə katibliyə seçilirlər. 

İlk təsis qurultayında bütün Rusiya müsəlmanlarını birləşdirən ittifaqın - "İttifaqi-müslümin" yaranması qərara alınır və beş maddədən ibarət qətnamə qəbul edilir. Qətnamədə ittifaqın fəaliyyətinin əsas istiqamətləri göstərilir. Eyni zamanda Rusiya müsəlmanlarının yaşadığı ərazilərdə 16 mərkəzin yaradılması və bu mərkəzlərin hər birində məclislərin fəaliyyət göstərməsi də qərarlaşdırılır. Bu qurultay qeyri-formal xarakter daşısa da, gələcəkdə müsəlmanların öz müqəddəratını həll etməyə imkan verməklə, tarixi əhəmiyyət daşıyır. 

Birinci rus inqilabı nəticəsində dini hərəkatın genişlənməsi, Rusiya müsəlmanları arasında siyasi fikirlərin baş qaldırması sinfi mübarizənin kəskinləşməsi və milli azadlıq mübarizəsinin genişlənməsi ilə nəticələnir ki, bu da Ümumrusiya Müsəlmanları İttifaqının yaranmasına gətirib çıxarır.

Qeyd edək ki, təsis qurultayından sonra ikinci qurultay 1906-cı ilin yanvar ayında Peterburqda baş tutur. Birinci qurultayda irəli sürülən təklif və qərarlar burada rəsmiləşdirilir. İ.Qaspıralının sədrliyi ilə keçirilən yığıncaqda birinci qurultayda yaradılması nəzərdə tutulan Müsəlman İttifaqının rəsmi olaraq "Rusiya Müsəlmanları İttifaqı" adlandırılması məsələsi qaldırılır. 

Üçüncü qurultay isə 1906-ci ilin avqustunda yenidən Nijni-Novqorodda keçirilir. Bu qurultaya rəsmi icazə verildiyindən iştirakçıların sayı daha çox olur.  

Bu qurultaylar rəsmi formada isə 1917-ci ildən keçirilməyə başlanır.

Qurultayın təşkili və məqsədi

Rusiyada zülm altında inləyən müsəlman xalqlarının tarixində mühüm yerlərdən birini 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlarının Qurultayı tutduğunu vurğulayan Milli Məclis Sədrinin müavini Musa Qasımlı qəzetimizə bu qurultayın keçirildiyi tarixi şərait, səbəbləri, təşkili, məqsədləri və nəticələri barədə danışıb. Onun sözlərinə görə,  Birinci Dünya müharibəsi illərində Rusiya imperiyası Qara dəniz boğazlarına yiyələnmək, isti dənizlərə çıxmaq, türk torpaqlarına sahib olmaq məqsədilə Osmanlı dövləti ilə müharibəyə girdikdən sonra Osmanlı hökuməti taxıl və ərzağın imperiya ərazisinə daxil olduğu boğazları bağlamaqla Rusiyanın şah damarını və nəfəsliyini kəsdi: "Çox keçməmiş Rusiyada çörək qıtlığı baş verdi. İmperiya hakimiyyəti hətta ordunu da təmin edə bilmirdi. Mənasız və yerinə yetirilməsi mümkün olmayan məqsədlərdən ötrü aparılan, milyonlarla insanın ölümünə səbəb olan müharibədən və səfalətdən cana doymuş xalq ayağa qalxdı. İri şəhərlərdə müharibə əleyhinə keçirilən nümayişlərdə türk, müsəlman xalqları da fəal iştirak edirdilər. Tarixi minilliklərə gedib çıxan, qədim və zəngin dövlətçilik ənənələri olan türk, müsəlman xalqlarının əraziləri hələ çar IV İvan Qroznı zamanından başlayaraq işğal, dövlətləri darmadağın edilmiş, dilləri, mədəniyyətləri və adət-ənənələri inkar edilərək sıradan çıxarılmağa, assimilyasiya edilməyə çalışılmış, torpaqlarına digər xalqlar yerləşdirilmişdi. Rusiyada ruslardan sonra sayca ikinci yerdə olmasına baxmayaraq, hakimiyyət müsəlmanlara etibar etməyərək ayrı-seçkilik siyasəti yürütmüş, idarəçiliyə yaxın buraxmamışdı. Bununla hakimiyyət xalqlar həbsxanası olan Rusiya imperiyasını ayaqda saxlayan sütunlardan birinə güllə sıxmışdı. Belə bir imperiyanın sonu qaranlıq görünürdü, dağılmağa məhkum idi", - deyə M.Qasımlı bildirib.

 Müharibə və yürüdülən təkəbbürlü siyasət əleyhinə başlayan nümayişlərin inqilaba gətirib çıxartdığını deyən Milli Məclisin Sədr müavini xatırladıb ki, 1917-ci ilin fevral inqilabı müsəlman xalqlarını da bədbəxtliklərə düçar etmiş Romanovlar sülaləsinin devrilməsi ilə nəticələnib. Qurulan müvəqqəti hökumət müharibəni davam etdirmək qərarına gəlsə də, şərait düzəlməyib. Yeni hökuməti keçmiş imperiyanın gələcəyi - idarəçiliyi, xalqlar arasındakı münasibətlər və sair düşündürürdü. Bundan sonra xalqlar necə yaşayacaqdılar? Türk, müsəlman xalqları da nicat yolu arayırdılar.

Qurultayın təşkili və məqsədindən danışan Musa Qasımlı deyib ki, yaranmış şəraitdə müsəlman xalqlarının taleyini, inkişaf yollarını müəyyənləşdirmək məsələlərini müzakirə etmək üçün IV Dövlət Dumasının müsəlman fraksiyasının təşəbbüsü ilə Ümumrusiya Müsəlmanlarının Qurultayı çağırılıb: "Bu barədə qərar fevral inqilabından dərhal sonra, mart ayında qəbul edilmiş və hazırlıqlara başlanılmışdı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı evində keçirildi. Buna qədər də müsəlmanların qurultayları qeyri-leqal formada 1905-ci, 1906-cı və 1914-cü illərdə Nijni Novqorodda və Sankt Peterburqda keçirilmiş, iştirakçıları təqiblərə məruz qalmışdı. Fevral inqilabından sonra bu qurultayın sayca birinci hesab edilməsi qərara alındı. Qurultayda Qafqazdan, Türküstan diyarından, Krımdan, Sibirdən, Xivə və Buxara xanlığından təxminən 900 nəfər iştirak edirdi. Onlar müxtəlif siyasi cərəyanları, partiyaları təmsil edən deputatlar, zabitlər, əsgərlər, din xadimləri və müsəlman tələbə qızlar idi. Qurultayın Rəyasət Heyətinə seçilən 12 nəfər Ufa, Ural vilayəti, Orenburq, Türküstan, Moskva və Kazan quberniyası və Krımın nümayəndələri, Azərbaycandan isə Əlimərdan bəy Topçubaşov idi. Rusiya müsəlmanlarının birliyinin nümayişi olan qurultaya xarici ölkələr də maraq göstərirdilər. Amerikan və ingilis jurnalistlərinin iştirakı bunun təzahürü idi".

M.Qasımlı qeyd edib ki, qurultayda "Qurani-Kərim" oxunduqdan sonra açılış nitqi söyləyən böyük tatar filosofu, maarifçisi Musa Biqiyev yaranmış şəraitdən və qurultayın məqsədlərindən danışıb. Gündəlikdə dövlət idarəçiliyinin forması, milli-mədəni muxtariyyət, müharibəyə münasibət, Müəssislər Məclisi, qadın, fəhlə, aqrar, ucqarlara münasibət, silahlı qüvvələrin təşkili, təşkilati, Müəssislər Məclisinə seçkiqabağı kampaniyada taktika, müharibə qurbanlarına yardım, Ümumrusiya Müsəlman Şurasına seçkilər məsələləri dayanıb. "Müvəqqəti hökumətin qurultaya təbrik məktubunu Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi oxuyub. Qurultayın başlıca məqsədi Rusiyanın müsəlman xalqlarının öz müqəddəratlarını təyinetmə problemlərinin müzakirəsi və həll olunması idi. Həmin məqsədlə komissiyalar yaradıldı. Rusiyanın gələcək ərazi quruluşu məsələsində iki fərqli fikir var idi: federativ və unitar quruluş. Federativ quruluş ideyası müsəlmanlara milli-ərazi muxtariyyəti verilməsini, unitar quruluş isə milli-mədəni muxtariyyətin qurulmasını nəzərdə tuturdu". 

Qəbul edilən qərarlar və alınan ibrət dərsləri

    

Parlamentin Sədr müavini vurğulayıb ki, səsvermə nəticəsində milli-ərazi və yığcam halda bir yerdə yaşamayan xalqlar üçün milli-mədəni muxtariyyətlər şəklində demokratik federativ respublikanın qurulmasını nəzərdə tutan qətnamə qəbul edilib. Müharibənin davam etdirilməsinə qarşı çıxan qurultayın qəbul etdiyi qətnamədə Rusiya müsəlmanlarının ilhaqsız və təzminatsız sülhə tərəfdar olduqları əksini tapdı. Nümayəndələr ordunun milli əlamətlərə görə qurulmasını, müsəlman uşaqlarına öz məktəblərində doğma dillə yanaşı, ümumtürk dilinin tədrisini, torpağın xalqa verilməsini nəzərdə tutan qərarlar qəbul etdilər. Qurultayda Milli Şura və İcraiyyə Komitəsi  seçildi. Qəbul edilən qərarlar göstərdi ki, müsəlman xalqları gələcəklərini öz müqəddəratlarını təyin etməkdə görürlər. Onlar həyatlarını özləri müəyyənləşdirməli idilər. 

Musa Qasımlı qeyd edib ki, lakin müvəqqəti hökumət də türk, müsəlman xalqlarının hüquqlarını təmin etməyib, bu xalqlar rejim, quruluş dəyişsə də, yenə haqsızlığa məruz qalıblar: "Az sonra müvəqqəti hökumət də bolşevik çevrilişi yolu ilə devrildi. Türk, müsəlman xalqları üçün yeni şərait yarandı. Azərbaycan xalqı nümunə göstərərək müsəlman Şərqində ilk dəfə olaraq Xalq Cümhuriyyətini qurdu. Hakimiyyətə gələn bolşevik Rusiyası cəlbedici şüarlar elan etsə də, müsəlman xalqlarının gerçək hüquqlarını təmin etmədi. Verdiyi vədlərə və elan etdiyi şüarlara xilaf çıxaraq müsəlman xalqlarını sıxışdırdı, qurultayda iştirak etmiş şəxslərin çoxunu sonralar repressiya etdi, bir çoxu isə mühacirətə getməyə məcbur oldu. Bu, bütün müsəlman xalqlarının adi hüquqlarının inkar edilməsi idi".

M.Qasımlı sonda qeyd edib ki, qurultayın tarixi təcrübəsinin öyrənilməsindən çıxarılan başlıca dərs odur ki, müsəlman xalqlarının xoşbəxt gələcəyi və rifahı talelərini özlərinin müəyyən etməsindədir.

Bütün təzyiqlərə baxmayaraq,  Azərbaycan müstəqil siyasət yürüdür

Bu gün də Rusiyada milli etnik zəmində soydaşlarımıza qarşı təzyiqlər davam edir. Xüsusilə son dövrlər belə hallar artmaqdadır. Bir müddət əvvəl Yekaterinburqda iki soydaşımızın qətlə yetirilməsi, digərlərinin işgəncələrə məruz qalması Rusiyada qeyri-xalqlara qarşı diskriminasiyanın yüksək səviyyədə olduğunu göstərir. 

Bundan başqa, Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin və oğlunun saxlanılması, həmyerlilərimizin müxtəlif hadisələrdə günahlandırılması, ümumilikdə miqrantlara qarşı qanunların sərtləşdirilməsi bu ölkənin milli-etniklərə qarşı dözümsüzlüyünü və ayrı-seçkilik siyasətini bir daha ortaya qoyur.

Azərbaycanın regionda lider ölkə olaraq qalibiyyətlərini həzm edə bilməyən Kreml həmçinin media üzərindən də ölkəmiz əleyhinə kampaniyalar həyata keçirir. İmperiya təfəkküründən qurtula bilməyən Rusiyanın hazırda apardığı müharibəyə görə dünyada təkləndiyi bir vaxtda qonşu ölkəyə qarşı da düşmənçilik siyasəti yalnız özünə ziyan vura bilər. Azərbaycan artıq tam suveren, müstəqil, ərazi bütövlüyünü bərpa etmiş, regionda söz sahibi olan ölkədir.

Necə ki 1900-cü illərdə keçirilən qurultaylar xalqımızın milli təfəkkürünün dirçəlməsində, özünüifadə hüququnun formalaşmasında mühüm rol oynadı, XX əsrin əvvəllərindən başlanan bu milli mübarizə dalğası da öz parlamenti, himni, ordusu, dili, bayrağı olan Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxartdı, eləcə də bu gün ölkəmiz milli maraqlarını qoruyaraq özünün ən qüdrətli, şanlı dövrünü yaşayır. 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
5
azerbaijan-news.az

1Mənbələr