Bunlar Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığını əhatə edəcək sahələrin yalnız bir neçəsidir
Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri nəticəsində Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılıb. Bu, əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsidir. İki ölkə arasında əlaqələrin inkişaf perspektivlərində iqtisadi əməkdaşlıq da geniş yer alıb.
Ölkələrimiz strateji tərəfdaşlıq yoluna qədəm qoyur və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasının işlənib hazırlanacağı bunun təsdiqidir. Dövlət başçısı bunu Azərbaycan üçün tarixi nailiyyət adlandırıb. Avqustun 8-də Vaşinqtonda mətbuata bəyanatında Prezidentimizin dediyi kimi, dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsət, həm də məsuliyyətdir. Bu strateji tərəfdaşlıq formatı qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt və bir sıra digər vacib sahələri əhatə edir. "Bu günədək bu sahələrdə əməkdaşlığımız olub və ümid edirəm ki, gələcəkdə də fəal əməkdaşlığımız olacaqdır. Bu, Azərbaycan üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, bu gün olduğu kimi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır", - deyə dövlətimizin başçıı bildirib.
Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində də əməkdaşlıq üçün perspektivli olan sahələri bir daha vurğulayaraq deyib: "Sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər".
Məlum olduğu kimi, avqustun 7-də dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "ExxonMobil" şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar. Bu hadisə iki ölkə arasında enerji əməkdaşlığının böyük perspektivə hesablandığını göstərir.
ABŞ-nin dünyaşöhrətli "ExxonMobil" şirkətini ölkəmizdə yaxşı tanıyırlar. Bu şirkət Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsində sanballı payla (6,79 faiz) iştirakçıdır.
"ExxonMobil" eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin səhmdarlarından biridir və burada 2,5 faizlik payla iştirak edir.
Prezident İlham Əliyev imzalanan yeni memorandumun böyük layihə ilə nəticələnəcəyinə inam ifadə edərək deyib: "Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir. Bildiyiniz kimi, "Exxon" dünyanın aparıcı enerji şirkətidir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir. "Exxon"un həmçinin Azərbaycanda böyük təcrübəsi var. "Exxon" bizim "Azəri-Çıraq-Günəşli" layihəmizə ilk olaraq 1994-cü ildə qoşulmuşdu və dünən burada xüsusi elçi cənab Uitkoffun, ABŞ-nin enerji nazirinin müavininin və mənim iştirakımla imzalanma mərasiminin keçirilməsi faktiki olaraq nümayiş etdirir ki, biz bu layihənin gələcəyinə inanırıq. İnanın, inanmasaydıq, memorandumun imzalanmasında iştirak etməzdik. Mən çox nadir hallarda memorandum imzalanmasında iştirak edirəm. Mən bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, lakin bu, memorandumdur. Əlimizdə bir sıra amillər, texniki amillər var ki, onlar yeni karbohidrogen ehtiyatlarının kəşfinə işarə edir".
Yeri gəlmişkən onu deyək ki, dövlət başçısı son on ildə, bəlkə də daha uzun müddətdə ədalətsiz şəkildə ayrı-seçkiliyə məruz qalan mədən yanacağının Prezident Trampın baxışı və siyasəti sayəsində yenə də dəbdə olduğunu xüsusi qeyd edib. Təsadüfi deyil ki, ABŞ Prezidenti ilə imzalanan memorandumda da enerji əməkdaşlığı xüsusi yer tutur. Enerji deyəndə neft, qaz, potensial olaraq bərpaolunan enerji mənbələri nəzərdə tutulur. Bu gün Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır. Bu yaxınlarda Türkiyə vasitəsilə Suriyaya da təbii qaz tədarük etməyə başlamışıq. Beləliklə, ixrac coğrafiyamız Yaxın Şərq regionuna da çatıb. İxrac istər Avropa, istərsə də Yaxın Şərq istiqamətində daha da genişlənəcək və bu, əslində, enerji sahəsində gələcək gündəliyimizin yalnız bir hissəsidir.
Qaldı ki, Zəngəzur dəhlizi məsələsinə, "bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" daha bir tarixi nailiyyət olacaq... Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq".
Prezidentimiz eyni zamanda vaxt itirməməyin, bu işlərlə daha tez məşğul olmağın vacibliyini vurğulayıb: "Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir".
Flora SADIQLI,
"Azərbaycan"