AZ

"Azərenerji": istehsal istehlakı üstələyir

Ölkəmizdə elektrik enerjisinə olan tələbatın ödənilməsi istiqamətində tədbirlər davam edir. Enerji təsərrüfatının gücünü artırmaq üçün çoxsaylı yeni elektrik stansiyaları qurulur, yeni enerjiötürücü xətləri  çəkilir, enerjinin verilməsinin dayanıqlı olması və itkinin qarşısının alınması üçün tədbirlər görülür. 

Yaşadığımız bu günlər havalar çox isti keçir. O üzdən enerjiyə olan tələbat da artıb. "Azərenerji" ASC-dən verilən  məlumata görə, avqustun 6-sı saat 15.00-da ölkə üzrə elektrik enerjisinə olan tələbat rekord həddə çataraq saatda 4871 meqavat olub. Məlumatda həmçinin bildirilib ki, sutkalıq enerji istehlakı 100 milyon kilovat-saata qədər yüksəlib.

Amma bu pik artımın arxasında yalnız isti, bürkülü hava üzündən soyuducu sistemlərinin çox işləməsi durmur. Son illər ölkə iqtisadiyyatının, o cümlədən sənaye müəssisələrinin, ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafı da elektrik enerjisinə olan tələbatı artırıb. Məsələn, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu. Lakin 7 ildə ölkə üzrə maksimum tələbat 1200 meqavatdan çox artıb. Bu artımı qarşılamaq üçün "Azərenerji" tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün kompensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib. Bütün bunların hesabına hazırda "Azərenerji" ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.

Amma ölkəmizin enerji siyasətinin əsas hədəflərindən  biri də "yaşıl enerji"nin istehsalını artırmaqdır. Azərbaycan dünyada bu istiqamətdə uğurlu addımlar atan ölkə kimi tanınır. COP29-un Bakıda keçirilməsinin dünya ölkələri tərəfindən yekdilliklə dəstəklənməsi də bununla bağlı idi.

44 günlük Vətən müharibəsi zamanı qazanılan tarixi Zəfərimizdən sonra işğaldan azad olunmuş torpaqlarımızda  aparılan bərpa-quruculuq işlərində "yaşıl enerji" mənbələrinin yaradılması əsas istiqamətlərdən biri oldu. İndiyəcən Qarabağ və Şərqi Zəngəzurda 30-dan çox su-elektrik stansiyası tikilib. Həmin stansiyalarda istehsal edilən enerji əsasən bölgənin tələbatını ödəməyə yönəldilir. Artıq qalan hissəsi isə ölkənin enerji sisteminə ötürülür. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə iri günəş və külək-elektrik stansiyalarının tikilməsi barədə nüfuzlu xarici şirkətlərlə danışıqlar aparılır. Əsas hədəf gələcəkdə ölkədə istehsal olunan "yaşıl enerji"ni Avropa bazarına ixrac etməkdir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramının açılış tədbirində bildirib ki, 2027-ci ilin sonuna qədər 2 GVt-a yaxın "yaşıl enerji" Azərbaycanın elektrik şəbəkəsinə ötürüləcək. Agentliyin direktorunun dediyinə görə, Azərbaycanda "yaşıl enerji"dən istifadə üç əsas mərhələdə nəzərdən keçirilir. Birinci mərhələ ilə bağlı bütün lazım olan tədbirlər başa çatdırılıb - torpaq sahələri müəyyənləşdirilib, şəbəkə ilə bağlı bir sıra problemlər həllini tapıb.

C.Abdullayev tədbir iştirakçılarının diqqətinə onu da çatdırıb ki, Azərbaycanda böyük "yaşıl enerji" potensialı mövcuddur və onu reallaşdırmaq lazımdır: "Yaşıl enerji" tələbatımızdan artıq olacaq və onun ixracı mühüm əhəmiyyət kəsb edir. Bu mənada ixrac potensialının, interkonnektorların formalaşdırılması zəruridir. Həmin istiqamətdə işləmək və lazımi nəticələri əldə etmək lazımdır". Bütün bunlar isə ikinci mərhələdir.  

Direktor tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, bu gün artıq 4 interkonnektor masa üzərindədir və onlarla bağlı bütün zəruri işlər həyata keçirilir: "Bunların hər biri bu və ya digər formada bugünkü akselerasiya proqramına aidiyyəti olan məsələlərdir. Biz artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə optik komponentlərlə bağlı birgə işlər aparırıq və orada çox böyük irəliləyişlər var".

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
4
azerbaijan-news.az

1Mənbələr