AZ

Tarixi dəyişən sülh konsepsiyası Azərbaycanın dövlət siyasəti kimi

IV məqalə

“Humanitar canfəşanlıq” və “durbin diplomatiyası”

Bu mövzuya aid III məqalədə Azərbaycanın sülh konsepsiyasına qarşı əsasən Qərb dövlətləri tərəfindən törədilən təxribatların iki qrupunu vurğulamışdıq. Onlar “rəsmi siyasi dairələrin süni davranışları” və “Azərbaycanın real sülh niyyətlərinə kölgə salmağa yönəlmiş saxta diplomatiya üsulu” kimi təsnif edilmişdir. Lakin məsələ bununla yekunlaşmırdı. ABŞ və Aİ-nin güclü dövlətləri daha geniş cəbhədə Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi zəfərin əsl mahiyyətini təhrif etməkdə idilər.

“Humanitar canfəşanlıq” və “durbin diplomatiyası” aparırdılar. Bununla yanaşı, ekoloji böhtanlar, saxta insan haqları bağırtıları, diplomatik təhriklər və hətta kiçik hərbi avantüralar sülhün qarşısına çıxarılan əngəllərdən idi. 

Azərbaycan Qarabağda qanunsuz olaraq təbii resurslarımızdan istifadə edən xarici+erməni qruplaşmasını dinc aksiyalarla ifşa edəndə, Bakıya qarşı hansı böhtanları atmadılar? İndi məlum olur ki, hətta gizli servislər müəyyən adamları aksiyaçıların arasına yerləşdirərək siyasi, ideoloji təxribatlar təşkil etməyə çalışmışlar. Bu zaman onlar Qırmızı Xaç kimi təşkilatlar vasitəsi ilə də Laçın yolunda Azərbaycanı ittiham edən davranışlar etmişlər. Bir neçə konkret misal. 

Rusiya və İran

Laçın yolu ərazisində bir erməninin Azərbaycan sərhədçilərinə atdığı qumbara yaddan çıxmamışdır. Onu rus sülhməramlıları götürdülər. Bir neçə dəfə Azərbaycan tərəfi dəqiq videogörüntülərlə rus sülhməramlılarının Qarabağdakı erməni separatçı-terrorçu tör-töküntülərinə silah daşıdığını ifşa etdi.  

Müsəlman İran tərəfdən hətta azərbaycanlı sürücüləri belə Azərbaycana qarşı müxtəlif təxribatlara məcbur etdilər. Onların hansı həyasızlıq və saymazlıqla Azərbaycan dövlətçiliyi haqqında sözlər dediyini unutmaq olarmı? 

Açıq-aydın görünürdü ki, ruslar, ermənilər və İranın hakimiyyət dairələri Azərbaycan Respublikası dövlətinin suveren hüquqlarını tapdalamağa, hər fürsətdə işğalçıya dəstək verməyə çalışırdılar. Bəs beynəlxalq təşkilatlar bu prosesə necə reaksiya verdi? İndi özlərini “sülh mələkləri” kimi təqdim edən və Vaşinqton razılaşmasını “ürəkdən alqışlayan” həmin dairələr Azərbaycanın müstəqilliyi və suverenliyinin təmini baxımından o çətin və həlledici dövrdə özlərini necə apardılar? Bir neçə faktı yada salmaq kifayətdir.

Fransa, Almaniya və ABŞ

Fransa bütün vasitələrlə Azərbaycanı günahkar çıxarmağa, insan haqlarını pozan dövlət olmasını “sübut” etməyə çalışırdı. Nümunələr o qədər çoxdur ki, hansını deməkdə çətinlik çəkirik. Jurnalistlərin dili ilə insan haqlarını (rəsmi Paris “insan” deyəndə yalnız erməniləri nəzərdə tutur) müdafiə üçün vay-şüvən qopardılar. Laçın yolunda ora-bura vurnuxub “haqları pozulan erməni” axtarmaqdan əldən-dildən düşdülər. Fransız rəsmiləri diplomatiyası, gizli servisi, “durbin müşahidəsi”, hərbi kompleksi yeni silahlar vermə üzrə “xarüqələr” yaratmaq işinə girişdilər. Bütün bunların Azərbaycan tərəfdən cavabı o dərəcədə ədalətli, hüquqi və birmənalı oldu ki, “Bakının müqavimət divarına” dəyib darmadağın oldular.

Almaniyanın xarici işlər naziri regiona səfəri zamanı bir dəfə də olsun “Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılar” cümləsini işlətmədi. Hətta C.Bayramov açıqca alman nazirin diqqətini bu məsələyə yönəltməyə çalışdı, lakin adam lal və kar oldu. Praktiki meydanda isə alman gizli servisinin təxribatçı zabitləri erməni tərəfdən Azərbaycanı durbinlə izləyir, hətta fransızlarla birgə bir neçə xırda təxribat belə təşkil edirdilər. 

Biz həmin dövrdə Azərbaycan sərhədində baş verən bir sıra hadisələri əsla unutmamışıq! O cümlədən, Almaniyadan Avropa Parlamentində olan deputatın Azərbaycana qarşı hansı böhtanları atdığını və süni olaraq “erməni haqları”nın pozulduğunu dəfələrlə qaldırmasını da xatırlayırıq.  Almaniyanın Prezidenti və Kansleri daxil heç kəs Azərbaycanın müqavimət sahəsini keçə bilmədi. 

Amerika həmişə olduğu kimi açıq sahədə az görünürdü, lakin pərdəarxası dirijorluğuna şübhə yox idi. ABŞ həmin dönəmdə diplomatiyada Avropa İttifaqını irəli vermişdi. Şarl Mişelin bir neçə təşəbbüsünü vurğulamaq olar. Sözdə sülhdən, münasibətlərin normallaşmasından dəm vururdular, lakin hər imkanda anti-Azərbaycan addımı atırdılar. Məsələn, E.Makronun özünü danışıqlar formatına soxmağa çalışmasının adı nə idi? Azərbaycanın qətiyyətli etirazları nəticəsində bu siyasi-diplomatik təxribat da baş tutmadı. Bundan başqa, ABŞ-ın o dönəmdə Rusiya, Aİ və İran tərəfdən olan qəsdlərə “durun, haqsızlıq edirsiniz, beynəlxalq hüququ pozursunuz” dediyini eşidən var?  

Həqiqət anı

Reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası müharibədən sonrakı o çətin və mürəkkəb dönəmdə praktiki sahədə təkbaşına savaş verirdi. Doğrudur, qardaş Türkiyə və Pakistanın dəstəyi həmişə olmuşdur, lakin praktiki sahədə Azərbaycanın yanında lideri, xalqı, qeyrəti və şücaəti idi! Bu Vətənin təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirən minlərlə isimsiz qəhrəmanlarımız, peşəkar komandolarımız, hər bir vətənpərvər azərbaycanlı idi. 

Onlar lideri tam dəstəkləyir və tam gücü ilə çalışırdıalr. Lakin hər kəsin qəlbində bir niyyət vardı: bütün bu qovğalar bitsin və Vətənə sülh gəlsin, regiona barış gəlsin, əməkdaşlıq olsun və hər bir xalq zənginlik içində dinc yaşasın! Hələ də anlamırlar ki, Azərbaycan dövlətinin sülh konsepsiyasının mənəvi motivasiyasının qaynağı xalq mənəviyyatı, müdrikliyi və azadlıqsevərliyidir! Azərbaycanın dövlət kimi sülh konsepsiyasının yenilməzliyinin kökü bu gerçəklikdədir! Prezident və lider İlham Əliyev bunları ən yaxşı duyan və bilən milli siyasi lider kimi, xalqı arxasınca yeni qələbəyə - sülhün zəfərinə apara bildi! Ən yüksək zirvədə sülh bayrağı başqasının yox, İlham Əliyevin əlindədir! Sülh üzrə Nobel mükafatının ən layiqlisi Azərbaycanın dövlət başçısıdır!

Qayıdaq postmüharibə mərhələsinin ilk illərində yuxarıda vurğuladığımz baş verənlərə “demokratik və sülhsevər dairələrin” sonrakı reaksiyasına.  

Müqavimətin qırılması

Aydın görünür ki, hərbi qələbəmiz Qərb, Rusiya, İran və hətta uzaq Hindistanı o dərəcədə qane etmirdi ki, artıq keçmiş olan işğalçıya hər dəstəyi verirdilər. Onu silahlandırır, ruhlandırır, bizi günahkar çıxartmaq üçün Ermənistana hücum edəcəyimiz uydurması tirajlayırdılar. Onlar bununla kifayətlənmədilər – sərhəddə bir neçə hərbi təxribat törətdilər. Nəticədə Azərbaycan konkret tədbir görmək məcburiyyətində qaldı və bir neçə yüksəkliyi də 100 illik işğaldan azad edərək Ermənistanın içərilərinə nəzarət imkanı qazandı. Və Azərbaycan təhlükəsizliyini təmin edəndən sonra dayandı. O aylarda avropalı rəsmilərin və diplomatların Ermənistana dalbadal səfərləri oldu. Onlara erməni hərbi rəhbərliyi real vəziyyəti göstərdilər. Belə nəticəyə gəldilər ki, Azərbaycana qarşı sahədə hərbi təxribatların nəticəsi yoxdur. Bu, Azərbaycanın ədalətli sülh konsepsiyasının postmüharibə mərhələsində ilk ciddi uğuru idi. 

Lakin şər qüvvələrin müqavimətini qırmaq prosesi başa çatmamışdı. ABŞ, Avropa, Hindistan Ermənistanı silahlandırmağa, siyasi-diplomatik dəstək verməyə davam etdilər. Nəhayət, ABŞ də son zamanlar Ermənistan vasitəsi ilə regiona yerləşmyə başladı. İrəvandan Zəngəzura məhdud sayda Amerika hərbi kontingentinin getdiyi haqqında informasiyalar yayıldı. Bunların fonunda Azərbaycanı onların birmənalı dəstəkləməsi halını görmədik! Ancaq Azərbaycan bütün istiqamətlərdə - hərbi, siyasi, diplomatik, geosiyasi və informasiya aspektlərində sülhyaratmaq missiyasına olan əngəlləri aşmışdı!

Bu prosesdə Azərbaycan liderinin sülhü təmin etmədə atdığı çox möhtəşəm bir addımı vurğulamaq lazımdır. 

Yeni geosiyasi konfiqurasiya yaradan diplomatiya 

Biz artıq vurğulamışıq ki, Azərbaycanın sülh konsepsiyasına gətirdiyi yeni anlam bu anlayışı - milli, regional və qlobal miqyasların vəhdətini təmin etməklə, geosiyasi kontekst səviyyəsinə proyeksiya etməsi ilə bağlıdır. Həmin hədəfə çatmanın bariz nümunəsi yeni regional və regionlar-
arası geosiyasi konfiqurasiyanın yaradılmasıdır. Ona nail olmağın başlıca üsulu isə liderin məharətli və çoxgedişli diplomatiyasıdır.    

Yeni geosiyasi konfiqurasiya yaratmaq həmişə və hər bir lider üçün çətin işdir. Burada liderin təşəbbüskarlığı və kreativliyi ilə reallığı adekvat görə bilməsi də çox vacibdir. Bunlarla yanaşı, liderin etibarlılığı və etimad sahibi olması olduqca vacib keyfiyyətlərdir. Çünki siyasilər etibar etdikləri liderlərlə səmimi əlaqələr qurmağa üstünlük verirlər. Prezident İlham Əliyev “çox daşları yerindən oynadan” Vətən müharibəsindən qısa müddət sonra yeni geosiyasi konfiqurasiyanı motivasiya edə bildi. 

Bunun üçün Azərbaycan lideri regional reallıqlardan çıxış edərək Türk Dövlətləri Təşkilatı (TDT) və Qoşulmama Hərəkatı (QH) çərçivəsində fəaliyyətini daha da intensivləşdirdi. Paralel olaraq İlham Əliyev dünya miyqasında yeni müstəmləkəçiliyə və ksenofobiyaya qarşı qətiyyətli mübarizə apardı. QH-yə sədrliyi müddətində Azərbaycan Prezidenti ədalətli, yardımlaşma xarakterli və humanitar addımları ilə qlobal miqyasda böyük etibar və etimad qazandı. İndi dünyanın hər bir dövləti Azərbaycanın humanitar dəstəyini qəbul edir. Suriya bunun son nümunəsidir. Sakit Okeanın ada dövlətlərinin müstəmləkəçiliyə qarşı mübarizədə Azərbaycana üz tutmaları bunun əlamətlərindəndir. Türk dünyasının isə Prezident İlham Əliyevə sonsuz etibarı, inamı və etimadına söz ola bilməz. Şimali Kiprin rəhbərliyi və cəmiyyəti bu barədə geniş danışa bilərlər.  

Vurğulanan faktlardan aydın olur ki, Azərbaycanın motivasiya etdiyi yeni geosiyasi konfiqurasiya birmənalı olaraq sülh, barış, ədalət, əməkdaşlıq mahiyyətlidir. Azərbaycan təcrübəsinin bu sahədə digərlərindən əsas fərqi də bundan ibarətdir. Azərbaycanın imza atdığı hər bir proqram və layihə yalnız sülhə, barışa, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edir. Bununla kimsə mübahisə edə bilməz. COP29-un Bakı tədbirində minlərlə xarici diplomat bu barədə açıq fikir bildirmişlər. 

Bütün bu məqamlardan Vaşinqton müzakirələri fonunda vacib bir sual alınır: Vaşinqton razılaşmaları “köhnə” yolun sonudur, yoxsa yeni yolun başlanğıcıdır? Bu görüş yekundurmu? Əvvəllər Azərbaycanı hər imkanda sıxışdırmağa, ona şər atmağa çalışanlar Vaşinqtonda Azərbaycan liderinə təriflər yağdırmaqda nə dərəcədə səmimidirlər? 

Azərbaycanı hər şeydə günahkar kimi göstərməyə cəhdlər edən rəsmi Paris indi alqışlayırsa, səbəbi nədir? Berlin də yumşalıb, sülhə əl çalır. Hindistan susur. İran rəhbərliyi də mövqeyində yumşalan kimi görünür. D.Tramp isə sözün həqiqi mənasında “göylərdə uçur”. Dünya dəyişirmi? Bir sıra dairələr Vaşinqton sazişi ilə Azərbaycana qarşı 300 illik siyasətlərinin yanlış olduğunumu etiraf edirlər?

Doğrudan möhtəşəm hadisədir! Azərbaycan bütün geosiyasi layları elə tərpədib və ortaya elə yeni geosiyasi model qoyub ki, “qurdlar süfrəsi bir-birinə qarışıb”! İndi hamı Azərbaycanın sülhyaratma məntiqini və məkanını qəbul edir. Bəs bu prosesin sərhədləri haradan keçir? 

(ardı var)

Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Seçilən
14
xalqqazeti.az

1Mənbələr