Məlum olduğu kimi, Azərbaycan MDB-nin daha bir iclasında iştirak etməyib. Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv olan dövlətlərin Daxili İşlər Nazirliyi Şurasınınnnpvbəti iclası keçirilib. Azərbaycanın Daxili İşlər Nazirliyi bu toplantıda iştirakdan imtina edib.
Azərbaycan DİN-in bu addımının məntiqini anlamağa və anlatmağa çalışaq. Bunun üçün iclasda müzakirə edilmiş məsələlərə baxaq.
Məsələn, müzakirəyə çıxarılmış məsələlərdən biri MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizəsidir. Başqa bir məsələ hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyətidir.
Rusiyada Azərbaycanlılara qarşı repressiyalar məlumunuzdur. İyunda Yekaterinburqda, daha sonra Voronejdə, paytaxt Moskvanın özündə, başqa şəhərlərdə Azərbaycanlılara qarşı olanları Azərbaycan tərəfi pisləyib. Yekaterinburqda iki Azərbaycanlı döyülərək öldürülmüşdü. Başqa xeyli Azərbaycanlı da işgıncələrə məruz qalıb, saxta ittihamlarla əsassız yerə həbs və məhkum olunub. Eyni hal xeyli sayda Azərbaycanlı iş adamlarına qarşı edilib. Yekaterinburqdakı Azərbaycan diasporunu rəhbəri Şahin Şıxlinskiyə və oğluna qarşı olanları videodan gördünüz. Hər iki şəxs hazırda qanunsuz olaraq həbsdədir. Eləcə də, Rusiyanın tərkib hissəsi olan başqa respublikalards vilayətlərdə, şəhərlərdə də Azərbaycan diasporunun rəhbərlərinə və ayrı-ayrı üzvlərinə qarşı belə qanunsuz əməllər törədilib. Bunları kimlər törədib?! Rusiyanın hüquq-mühafizə orqanları, onların əməkdaşları. O cümlədən, hələ də "OMON" adını daşıyan xüsusi qəddar cəza dəstəsi, həmçinin Rosqvardiya. Hələ Federal Təhlükəsizlik Xidmətini demirik.
Bir sözlə, Rusiyada Azərbaycanlılara qarşı cinayətləri Rusiyanın Daxili İşlər Nazirliyinin öz əməkdaşları törədirsə, Azərbaycan Daxili İşlər Nazirliyi onunla cinayətkarlığa qarşı necə mübarizə apara bilər?! Azərbaycan DİN Rusiyada Azərbaycanlılara qarşı kütləvi qanunsuz həbslə keçirən - kütləvi repressiya aparan hüquq-mühafizə orqanları ilə qarşılıqlı olaraq necə fəaliyyət göstərə bilər?! Təbii ki, Rusiyada Azərbaycanlı miqrantlara qarşı bu dövlət terroru dayanmasa, Azərbaycan DİN-in Rusiyanın müvafiq qurumları ilə işbirliyi mümkünsüzdür.
Bundan başqa Sankt-Peterburq toplantısında informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə bağlı məsələ də olub. Rusiyalı hakerlərin Azərbaycanın rəqəmsal platformalarına, internet resurslarına kütləvi, davamlı və dağıdıcı hücum cəhdləri fonunda Azərbaycan DİN təbii ki, Sankt-Peterburqa getməkdən imtina etməli idi və etdi də. Yaxud qeyri-qanuni miqrasiya məsələsi müzakirə olunub. Rusiya hökuməti ölkə ərazisində qanuni əsasda yaşayan və işləyən qeyri-rus miqrantlara, o cümlədən və xüsusilə Azərbaycanlılara qarşı kütləvi olaraq qanunsuzluqlar törədirsə, qeyri-qanuni miqrasiyanın müzakirəsində iştirak da məntiqdən kənara çıxmış olacaqdı.
Təsəvvür edin: iclasa Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev sədrlik edir. Bu, o nazirdir ki, üzərində polis işgıncələrinin izi olan Azərbaycanlı miqrantı alçaldıcı şəkildə şəxsən öz kabinetinə qədər gətirtmişdi. Bu, polislərə qeyri-rus gəlmələrin, o cümlədən, Azərbaycanlı miqrantların üzərinə kütləvi hücum mesajı idi. Həm də o zaman Rusiya ilə Azərbaycan arasında indiki gərginlik də yox idi; münasibətlər ən azı zahirən yüksək səviyyədə görünürdü. Buna baxmayaraq general Kolokoltsev o cür hərəkəti ilə Azərbaycanlılara nifrəti daha da körükləmişdi. İndi Azərbaycanın daxili işlər nazirinin, yaxud müavininin gedib həmin generalın sədrlik etdiyi iclasda iştirak etməsi doğru olmazdı. Odur ki, bütün bunları nəzərə aldıqda, Azərbaycan DİN-in MDB çərçivəsində iclasa qatılmaqdan imtina etməsi doğru qərardır.
Bizimyol.info