AZ

Köhnə təmtəraqlı məzar daşları söküləcək?


Mətləb Salahov: “Standart, sadə məzar daşlarının hazırlanması həm dəyərlərimizə hörmət, həm də gələcək nəsillərimizə buraxacağımız ən yaxşı nümunədir”

İnsan dünyasını dəyişdikdən sonra onun məzarının daş, mərmər və s. hər hansısa materialdan olması ölən üçün heç bir əhəmiyyət daşımır. Bəzən məzarlıqlarda ev kimi bəzədilmiş, hündür, 5-6 məzar yerini əhatə edən məzarlara rast gəlirik.

Bəzən isə, məzarların üzərində dünyasını dəyişmiş insanın heykəlini elə bir formada düzəldirlər ki, sanki dilə gəlib danışacaq.

Bəziləri də göstəriş naminə təmtəraqlı məzar daşlarına üstünlük verir. Təm-təraqlı məzar daşlarının standart məzar daşları ilə əvəz olunması uzun illərdir müzakirə olunur. Hətta bu məsələ qanunvericilikdə də əks olunub. Qeyd edək ki, son zamanlar bu məsələ sosial şəbəkədə və ictimaiyyət arasında müzakirəyə səbəb olub. Qeyd edilir ki, qanunvericiliyə əsasən, təmtəraqlı məzar daşları ləğv edilir.

Maraqlıdır, köhnə məzar daşları yeni standartlarla əvəz oluna bilərmi?

“Standart məzarlıq daşlarının qanun halına salınması uzun illərdir ki, cəmiyyətdə kök salan xoşagəlməz stereotiplərin tarixə qovuşmasına, sosial bərabərsizlikdən çəkdikləri əziyyətlərin sona çatmasına kömək edə bilər”

Jurnalist-ekspert Mətləb Salahov “Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, son illər Azərbaycanın sosial şəbəkə seqmentində ən çox reklam olunan, insanların gözünə dürtüşdürülən mövzulardan biri də bahalı məzarlıqlar, onların reklam edilməsidir: “Bəli, artıq neçə əsrlərdir ki, bizim ölkəmizdə İslam dininin qaydalarına tam zidd olaraq bahalı ehsan məclisləri, bahalı, gözəgəlimli məzar daşlarının hazırlanması ifrat həddə çatdırılıb. Bu, ilk növbədə ölkəmizdə İslam dini ilə bağlı maariflənmə səviyyəsinin olduqca aşağı olması, cəmiyyətin əsrlər boyu kiflənmiş stereotiplərin təsirindən çıxa bilməməsi və ən əsası da “qonşudan dala qalmamaq” kimi cəfəng ictimai adətlə bağlıdır. Bu insanlar heç cür anlamırlar ki, rəhmətə gedən şəxs üçün bahalı məzar daşları hazırlamaqla onların cənnətə getməsi üçün əsas yaratmırlar. Heç bir bahalı məzar daşı heç kimi cənnətə aparmır”.

Onun dediyinə görə, son vaxtlar hətta bir sıra tanınmış şəxslər üçün 25-30 min manatlıq məzar daşlarının sosial şəbəkələrdə reklam edilməsi əcaib və biabırçı vəziyyətin kritik həddə olduğunu göstərir: “Bir müddət bundan öncə rəhmətə gedən bir neçə keçmiş məmur üçün bu cür məzarlıqlar hazırlandı. Hətta ortabab bir müğənni də rəhmətə gedən atası üçün 40 min manatlıq məzar daşı hazırlatması ilə özünü bir müddət eninə-boyuna reklam etdi. İllərdir Azərbaycan cəmiyyətində ölüsü düşən ailələr bir ictimai təzyiq altındadırlar. Kim ölüsü üçün gen-bol ehsan verməsə, ölüsünə bahalı məzar daşı hazırlamasa stereotip adətlər üzündən qınaq obyekti olur. Ölü yiyəsi də o üzdən, imkanı olmadığı halda kreditə, borca düşüb həm dəbdəbəli ehsan verir, həm də bahalı məzar daşı hazırlatdırır. Niyə? – Bu iyrənc, oturuşmuş zərərli ictimai baxış üzündən. Bu vəziyyətdə rəhmətə gedən qalır bir kənarda, yazıq ölü yiyəsi borc-xərci ödəmək üçün illərlə çalışıb əziyyət çəkməli olur. Belə islam qaydalarımı var, bu cür biabırçılıqla kimin atası-anası cənnətə “viza” alır? Məncə, cəmiyyətin üfunət iyi verən bu stereotiplərdən qurtulması vacibdən vacibdir. Standart, sadə məzar daşlarının hazırlanması həm dəyərlərimizə hörmət, həm də gələcək nəsillərimizə buraxacağımız ən yaxşı nümunə ola bilər. İnternet əsrində cənnətə getmək üçün fırıldaqçılara 7 min manat ənam verənləri, ölüsünə 25-30 min manatlıq başdaşı qoyduranları, məzarlıq başında şəhərcik yaradıb ora internet çəkdirənləri, məzar başında bahalı çılçıraqlar və son dəb oturacaqlar quraşdıranları, “dini toy” adı ilə cibini pullarla dolduranları, tort kəsib ətrafında dövrə vurub mahnı oxuyanları görəndən sonra cəmiyyətimizin dini maariflənmədən çox-çox geri qaldığını görmək ürək ağrıdan mənzərədir. Bilirsiniz ən dəhşətlisi hansıdır? Hətta bunu səviyyəsiz efirlərdə milyonarla insanın qarşısında deməkdən utanmırlar. Sanki fəxr ediləsi, rəhmətə gedən atası üçün əsl övladlıq edirmiş kimi qürrəlinəsi iş görüblər. Ay düşüncəsiz insan, axı sağlığında qara qəpik qiymət qoymadığın atana ən bahalı mərmərdən baş daşı qoymaqla ölmüş dədənimi “qiymətə mindirirsən”, yoxsa sadəcə özünə reklam qazanırsan? Axı bu cahil və gerizəkalı imic sənin nəyinə gərəkdir? Bu savadsız gədə-güdə yığını trilyard dollar cah-cəlal sahibi olan Səudiyyə şahzadəsinin yarım metrlik sadə ağ daşdan olan məzarını heç görüblərmi? Türkiyəli məşhur milyarderlərin, böyük sənət adamlarının məzarlarını necə, görüb seyr ediblərmi? Əlbəttə, bəzilərinin rüşvətlə, onun-bunun haqqını yeməklə milyonlar yığmaqdan,bir çoxlarının da sosial şəbəkələrdə macəra axtarmaqdan başları ayılarsa, dünyada olub- keçənlərdən xəbərdar olarlar. Məncə, standart məzarlıq daşlarının qanun halına salınması uzun illərdir ki, cəmiyyətdə kök salan xoşagəlməz streotiplərin tarixə qovuşmasına, israfçı ehsanlıqların yığışdırılmasına və ən əsas da insanların sosial bərabərsizlikdən çəkdikləri əziyyətlərin sona çatmasına kömək edə bilər. Gerçək reallıq odur ki, rəhmətə gedən şəxs o dünyaya öz əməllərinin hesabatını aparır, bahalı məzar daşlarının hesabını deyil”.

Günel CƏLİLOVA

Seçilən
2
baki-xeber.com

1Mənbələr