Mehriban Zeynalova: “Kim xoşuna gəlmirsə, minməsin”
İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə yeni təlim proqramına başlanılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.
Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarına cəlb olunurlar. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.
Dünyanın bütün sivil ölkələrinin sərnişindaşınmasında qadın sürücülər var. Sovet dövründə Azərbaycanda da qadın maşinistlər, avtobus, tramvay sürücüləri olub. Hazırda Bakıda bir neçə qadın taksi sürücüsü, metroda maşinist olsa da, avtobus sürücüsü yoxdur. Bu günlərdə də “Bakubus” MMC-nin qadınların sürücülüyə cəlb olunması ilə bağlı elanı maraq doğurub, lakin ümumilikdə cəmiyyət arasında birmənalı qarşılanmayıb.
Qadınların pis sürücü olduğuna dair əsassız və birmənalı qarşılanmayan baxış var. Qadın sürücü qəzaya düşəndə xəbərlərdə “Qadın sürücü qəza keçirdi” deyilir. Amma kişi sürücü qəza törədərkən onun kişi olduğunu bildirməyə ehtiyac yoxdur. Elmi araşdırmalara görə, qadınların sürücülükdə kişilərdən daha zəif olduğu hissələr var, ancaq kişilərdən daha güclü olduqları yerlər də var. İki cinsin maşın sürməsinin səbəbi təkamül biologiyası ilə izah olunur.
Qadınların avtobus sürməsi ictmai nəqliyyatda hansı müsbət dəyişikliyə səbəb ola bilər?
Referans xəbər verir ki, Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert hesab edir ki, bu, cəmiyyətdə “sensasiya” kimi təqdim olunacaq bir yenilik deyil: “Hesab etmirəm ki, bu, fantastik bir dəyişiklik gətirəcək. Burada sürücülərin qadın və kişiyə bölünməsinin tərəfdarı deyiləm. Onlara xüsusi təlim keçib, sonra xəttə buraxacaqlar ki, artıq müstəqil şəkildə avtobusu idarə edə bilsinlər. Bildiyim qədər, ötən ildən bu məsələ müzakirə olunur, müraciətlər də var, hətta kateqoriyası uyğun olmayan sürücülər də müraciət ediblər. Bilirsiniz ki, avtobus sürmək üçün D kateqoriyası lazımdır. Amma indi həvəsləri var, müraciət ediblər. Aidiyyəti qurumlar, eləcə də ”BakuBus" onları təlimlərə yönləndirir və onlar yenidən imtahan verib sürücülük vəsiqəsini qaydaya salmalıdırlar ki, bəzi təlimlərdən sonra xəttə çıxa bilsinlər.
90-cı illərdə Bakıda trolleybus sürən qadınları görmüşəm, avtobus sürən qadınlar da olub. Bu gün təyyarə sürən, qatar sürən, taksi sürən qadın, kran sürən qadın var. İndi avtobus sürən qadın da olanda nə olacaq ki? Bəziləri buna “mız” qoyur. Mən burada bir problem görmürəm. Sadəcə, normal istirahət və iş rejimi olsa, hər şey qaydasında olacaq. Bir də qadınlarla bağlı incə məqamlar var, şirkətlər onu nəzərə alsa, hər hansı bir problem yaşanmayacaq".
Ekspert əlavə edib ki, növbəli iş rejiminə çox ciddi nəzarət olacaq, avtobus sürücüləri 8 saat iş rejimində çalışacaqlar: “Belə olan halda qadınların da bu sahədə iştirakı maraqlı olar. İndiki avtobuslar o qədər çətin funksiyaya malik deyil. İstər idarəetmə mexanizminə, istər digər detallara baxsaq, çox rahatdır. Əgər cəmiyyətdə gender bərabərliyindən danışırıqsa, bu sahədə də qadın olmalıdır. Bu gün avtobuslar xüsusi kamera altındadır, konkret marşrut üzrə hərəkət edir, xüsusən avtobus üçün zolaqlar var. Belə məqamları nəzərə alanda əminəm ki, ciddi problem yaranmayacaq. Qeyd etdiyim kimi, nə də müsbət fantastik bir dəyişiklik gözləmirəm. Yəni qadınlar bu sahəyə gələndən sonra avtobuslarda hər şey ideal olacaq deyə bir şey yoxdur”.
Mehriban Zeynalova
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, qadın sürücülərə müsbət yanaşır: “Əlbəttə ki, qadın sürücülər arasında yaxşı sürücü olmayanlar, nəqliyyat vasitəsindən görüntü üçün istifadə edənlər var. Amma əksəriyyəti məsuliyyətlidir. Şəxsən mən hər gün kişilərin məsuliyyətsiz, qarşı tərəfə hörmət qoymadan sürücülük etdiyini görmüşəm. Sürücülük həm də digərlərinə hörmət nümayiş etdirməkdir, sürücülük adi məsələ deyil. Yəni sürücülük həm nəqliyyatda, həm də nəqliyyatdankənar insanlara hörmətlə yanaşmaqdır.
Hesab edirəm ki, qadınlar daha məsuliyyətli avtobus sürücüsü olacaqlar. Necə olur ki, qadınlar 5 uşaq, 10 uşaq böyüdə bilirlər və onların həyatı ilə bağlı kifayət qədər mübarizə aparır, özlərini fəda edə bilirlər, amma avtobusu idarə edə bilməyəcəklər? Kimin xoşuna gəlməyəcəksə, minməsin. Hesab edirəm ki, bu məsələdə ajiotaj yaratmağa ehtiyac yoxdur. Çünki kifayət qədər qadın məsuliyyətli sürücüdür".
Mehriban Zeynalova həmçinin psixoloji testlərin vacibliyinə diqqət çəkib: “Daha bir məsələ, düşünürəm ki, qadın və ya kişi fərq etmir, ictimai nəqliyyata çıxan istənilən sürücü xəttə çıxmazdan əvvəl onun psixoloji vəziyyəti yoxlanılmalıdır. Bildiyim qədər metro işçiləri üçün bu, tətbiq edilir və bu, çox yaxşıdır. Mən bunu alqışlayıram. Yəqin ki, yaxın vaxtlarda bu, avtobus sürücüləri üçün də tətbiq ediləcək
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta