AZ

Azərbaycan diplomatiyasının növbəti uğuru

Ölkəmizin əleyhinə olan qətnamə layihəsi İsveçrə parlamentində rədd edilib

Cenevrə kantonunun parlamentinin bir sıra ermənipərəst üzvü tərəfindən 2024-cü il noyabrın 5-də irəli sürülmüş “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi Azərbaycanın İsveçrədəki səfirliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində avqustun 11-də bu ölkənin parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən bildirilib ki, bununla yanaşı, həmin omitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Karlo Sommaruga tərəfindən irəli sürülmüş, yalnız “məhbuslara” və “erməni mədəni irsinin mühafizəsinə” istinad edən yeni qərar layihəsi 5 əleyhinə, 4 lehinə və 3 bitərəf səslə omitənin gündəliyindən çıxarılıb.

Ənənəvi erməni təəssübkeşliyi

İsveçrənin bəzi parlamentarilərinin qanunverici orqanı erməni işğalçılarının, separatçıların müdafiəsi tribunasına çevirmək cəhdləri yeni hadisə deyil. Bu qəbildən olan parlamentarilərin erməni təəssübkeşliyi artıq ənənəvi hal alıb. Bəzi parlamentarilər 44 günlük Vətən müharibəsinə, 23 saatlıq lokal xarakterli antitrror tədbirlərinə münasibətdə də eyni amluada idilər. O cümlədən Cenevrə kantonunun parlamentariləri Azərbaycanın öz ərazi bütövlüyü uğrunda savaş aparmasını özlərisayağı qınayır, Qarabağdan köç edən ermənilərin yaşamaq hüququ ətrafında  sərsəm “müzakirələr” aparırdılar. Hətta “Ermənistanın sağ qalmasının təmin olunması” məsələsi gündəmə gətirilmişdi. Xatırladaq ki, İsveçrə parlamentinin aşağı palatası olan Milli Şura ötən ilin sonlarında “Dağlıq Qarabağ: sülh konfransı” adlı absurd qətnamə də qəbul edib. Qətnamənin müəllifi ermənipərəst deputat Erix Fontobel olub.

Əlbəttə, İsveçrənin Cenevrə və yaxud başqa bir kantonunun ermənipərəst deputatlarının səyi ilə aparılan müzakirələrin və qəbul olunan qətnamələrin hansısa bir hüquqi əhəmiyyəti yoxdur. Onlar adi kağız parçasından fərqlənmirlər və qəbul olunduğu andan etibarən toz basmış arxivlərdə qalırlar. Bu, məsələnin bir tərəfidir. Bəs parlamentarilər mətbuatı, dünya gündəmini izəmirlərmi? Ləğv olunan qətnamə layihəsində “Dağlıq Qarabağın ilhaqından” bəhs olunur. Deputatların ağlına, məntiqinə yağlı bir “2” düşür. Azərbaycan 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq tarixi ədaləti və beynəlxalq hüququ təmin edib. Beynəlxalq təsisatlar, dünya ölkələri hər zaman Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü dəstəkləyiblər. Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan ərazilərini işğal etməsi faktı həmçinin BMT-nin 4 icra olunmayan qətnaməsində də təsdiqini tapıb. Azərbaycan öz gücünə işğala son qoymaqla, torpaqlarını geri qaytarmaqla həm də BMT-nin məlum qətnamələrinin icrasını təmin etmiş oldu. Azərbaycanın müharibəsi tam ədalətli idi, bu müharibə başqa bir dövlətə qarşı yönəməmişdi, döyüşlər əvvəldən axıradək məhz Azərbaycanın ərazisində getdi. O başqa məsələdir ki, Azərbaycan əsgər və zabitləri Vətən torpağını işğalçılardan təmizləmək üçün inanılmaz şücaətlər göstərdilər və cəmi 44 gün ərzində düşmən ordusunu kapitulyasiyaya məruz qoydular. Burada hansı ilhaqdan söhbət gedə bilər. 44 günlük müharibədən sonra  23 saatlıq lokal xarakterli antiterror əməliyyatlarına gedən yol başladı. Siz bilərəkdən unutqanlıq edirsiniz. Qalib Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanata sadiq idi. Ancaq qarşı tərəf adekvat davranmadı. Ərazilərimizə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistandan silah-sursat daşındı, torpaqlarımızda ən ağlagəlməz yerlərdə sayı-hesabı bilinməyən minalar basdırıldı. Müharibə başa çatsa da, Xankəndidə separatçılar iş başında idilər. Onlar bir tərəfdən yeni müharibə hazırlıqları görür, digər tərəfdən isə sərvətlərimizi talayıb Ermənistana aparırdılar. Təsəvvür etmək çətindir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin təxminən 15 minlik kontingenti Xankəndidə və ətraf ərazilərdə qalmaqda davam edirdi. Azərbaycan buna dözə bilməzdi və dözmədi də. 2023-cü ilin sentyabr ayında həyata keçirlən 23 saatlıq antiterror tədbirləri separatçıların sonunu gətirdi, Azərbaycan öz suverenliyini tam təmin etdi. Əgər parlamentarilər bütün bunları ilhaq adlandırırırlarsa, bu artıq bir vicdan məsələsidir.

Hazırda isə bütün dünya Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Parlamentarilərə xatırlatmaq istərdik ki, Ermənistan rəhbərliyinin özü də Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyinə dair bəyanat verib. Bugünlərdə Vaşinqtonda Donald Trampın iştirakı ilə aparılan müzakirələr, Azərbaycan və Ermənistan liderlərinin verdikləri Birgə Bəyanat, yekun sülh sazişinin paraflanması artıq Azərbaycan-Ermənistan münasibətlərində yeni bir mərhələ açıb. Bütün bu kimi proseslərin fonunda İsveçrənin Cenevrə kontonunun palamentariləri sanki qış yuxusuna gediblər, onlar gələcəyə baxmırlar, keçmişlə yaşayırlar. Parlamentarilərin erməni lobbisinin sifarişləri əsasında çaldıqları köhnə havalar, apardıqları müzakirələr və səs verdikləri absurd qətnamələr sülyaratma prosesinə hansısa bir təsir göstərmək gücündə deyil. Ancaq bir məsələ aydındır ki, belə reallıqdan uzaq yanaşmalarla parlamentarilər ilk növbədə özlərini və təmsil etdikləri ölkəni nüfuzdan salmış olurlar.

“Siyasi məhbuslar” yox, separatçılar

Ermənistanın silahlı birləşmələri həm Birinci, həm də İkinci Qarabağ müharibəsini, necə deyərlər, özlərisayağı aparıblar. Onlar döyüşlərdəki məğlubiyyətlərinin əvəzini, bir qayda olaraq, silahları mülki şəxslərə, yaşayış məntəqələrinə tuşlamaqla çıxmağa çalışıblar. Bu yolla onlar hələ Birinci Qarabağ müharibəsi zamanı Ağdaban, Qaradağlı, Başlıbel kimi faciələr törədiblər.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmiş və burada soyqırımı törətmişlər.

İkinci Qarabağ müharibəsində eyni ssenari təkrarlandı. 44 günlük müharibənin əvvəlindən Müzəffər Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyəcəklərini başa düşən erməni hərbi birləşmələri keçmiş təmas xəttindən uzaqda yerləşən əraziyə, Bərdəyə və digər yaşayış məntəqələrimizə mərmilər atdılar. Yenə də heç bir günahı olmayan uşaqlar, qadınlar, yaşlı insanlar həyatlarını itirdilər və yaxud yaralandılar.

Lakin Avropadakı bir sıra ermənipərəst siyasətçilər kimi, İsverədən olan bəzi parlamentarilər də Ermənistanın, separatçıların müharibə cinayətlərini görməzdən gəlirlər. Görəsən, 2023-cü ildə Qarabağdan könüllü köç edən ermənilərin halına yanan parlamentarilər niyə azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə heyrət doğuran soyuanlılıq nümayiş etdirirlər? 

Ləğv olunan qətnamədə parlamentarilər həbs olunaraq Bakıya gətirilən və hazırda məhkəmələri aparılan separatçıları “siyasi məhbuslar” kimi təqdim edirlər. Bunun da heç bir hüquqi əsası yoxdur. Azərbaycan hüquqi dövlətdir və qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərinin məsuliyyətini yaxşı başa düşür. O cümlədən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra saxlanılaraq Bakıya gətirlən separatçı rejimin nümayəndələrinə münasibətdə müvafiq qurumlarımız tərəfindən beynəlxalq hüquq normaları çərçivəsində və milli qanunvericiliyimizə uyğun qaydada davranışlar sərgilənir. Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın ölkədaxili qanunların və beynəlxalq konvensiyaların tələblərinə uyğun hüquqları təmin olunub. Onlar vəkil və tərcüməçi ilə təmin olunublar. Separatçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları vaxtaşırı ziyarət edirlər. Ailə üzvləri ilə telefon danışığına imkanlar yaradılır. Məhkəmə iclaslarında zərərçəkənlərin verdikləri ifadələr dəhşət saçır. Separatçı rejimin təmsilçilərinin göstərişləri ilə əsir düşən azərbaycanlılarla son dərəcə qəddar rəftar edilib, onlar amansız işgəncələrə məruz qalıblar. Belələrini hansısa kantonunun hansısa parlamentarilərinin qondarma qətnamə layihəsi əsasında azad etmək mümkündürmü? Əsla! Onlar ölkəmizə qarşı dövləti cinayət törədiblər və layiqli cəzalarını da alacaqlar! Yeri gəlmişkən,  İsveçrə parlamentinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat məlumatında Cenevrə kantonal parlamentinin təxribat xarakterli məlum təşəbbüsünün birtərəfli olduğu, yalnız Azərbaycan tərəfinə tələblər irəli sürdüyü vurğulanıb və bu cür yanaşmaya etiraz ifadə olunub.

Mübariz FEYİZLİ

Seçilən
6
yeniazerbaycan.com

1Mənbələr