AZ

Dünyanın bir nömrəli ofisində yazılan tarix...

Zəngəzur Dəhlizi (“Tramp Yolu”) kimləri və niyə qorxudur?

Prezident İlham Əliyevin bu günlərdə Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində Donald Trampın iştirakı ilə keçirilən görüşlərdə və aparılan müzakirələrdə Azərbaycanla Ermənistan arasında postmüharibə dövründə respublikamızın təşəbbüsü ilə başlayan sülhyaratma prosesində mühüm nəticələr əldə olunub. Belə ki,  səfər çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Donald Trampın şahidliyi ilə Birgə Bəyanat imzalayıblar. Eyni zamanda, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə  “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”i paraflayıblar.

Beləliklə, onilliklər boyunca davam edən, regionu müharibə riskləri, təhdidlərlə üz-üzə qoyan münaqişəyə son qoyulur. Sənədlərdə əksini tapan müddəalardan aydın olur ki, Cənubi Qafqaz coğrafiyası heç vaxt olmadığı qədər sülhə yaxındır, artıq regionda etimad quruculuğu, təhlükəsizlik, sabitlik və əməkdaşlıq üçün münbit zəmin yaranıb.

Kommunikasiyaların blokdan çıxarılmasında Azərbaycanın israrlı yanaşması

Vaşinqtonda, Ağ Evin oval kabinetində - dünyanın bir nömrəli ofisində aparılan müzakirələrin ən mühüm nəticələrindən biri isə regionda kommunikasiyaların blokdan çıxarılmasının razılaşdırlmasıdır. Bununla bağlı liderlərin imzaladığı Birgə Bəyanatda konkret müddəalar yer alıb. Dünyanın siyasi, iqtisadi və hərbi güc mərkəzi sayılan ABŞ-ın Prezidenti D.Trampın şahidliyi ilə imzalanan sənəddə oxuyuruq: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.

Birgə Bəyanatdan da göründüyü kimi, regionda kommunikasiyaların blokdan çıxarılması ilə bağlı Azərbaycanın lap əvvəldən ortaya qoyduğu və əsaslandırdığı mövqe Vaşinqton görüşündə də nəzərə alınıb. Xatırladaq ki, 44 günlük müharibənin sonuclanmasını bildirən məlum üçtərəfli bəyanata da Prezident İlham Əliyevin təkidi ilə oxşar məzmunlu bənd salınmışdı. Regionda kommunikasiyaların bərpası Azərbaycan üçün strateji önəm daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının yaradılması Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.

Respublikamız bu məsələdə təkid etməkdə tam haqlıdır. Naxçıvan Muxtar Respublikiası Azərbaycanın ayrılmaz hissəsidir. Bu bölgə Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamıza qarşı başladığı işğalçılıq siyasətinə görə blokada şəraitinə düşdü. Artıq 30 ildən çoxdur ki, Naxıvan əhalisi çətin vəziyyətdə qaıb. Bu regionun vətəndaşları respublikamızın paytaxtına və digər bölgələrinə gedib-gəlmək üçün hava nəqliyyatından  və İran ərazisindən keçən marşrutdan istifadə etmək məcburiyyətindədirlər. Hava nəqliyyatı daimi təmaslar üçün optimal deyil. Eyni zamanda, İran ərazisindən keçən marşrutda sürücülərə bir sıra hallarda maneələr yaradılır, onlar saatlarla keçid məntəqəsində gözləmək məcburiyyətində qalırlar. Yeri gəlmişkən liderlərin Vaşinqton görüşündən sonra belə hallar daha da artıb. Sürücülər şikayətlənirlər ki, son bir neçə gündə İranın müvafiq qurumlarının əməkdaşları yük avtomobillərinin keçidini əngəlləməkdən ötrü heç bir izahat vermədən  müxtəlif bəhanələrə əl atırlar. Təbii ki, bu, normal hal deyil. Vətəndaşlar ölkənin bir nöqtəsindən digər nöqtəsinə maneəsiz hərəkət etmək imkanına malik olmalıdırlar.

Eyni zamanda, Zəngəzur Dəhlizi (TRIPP marşrutu ) fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur Dəhlizi (TRIPP marşrutu ) bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın son illərdə liderlik keyfiyyətləri nümayiş etdirməklə Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli hava limanının yaradacağı imkanları da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur Dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və  respublikamız perspektivdə etibarlı tranzit ölkəsi kimi bundan böyük həcmlərdə gəlirlər qazanacaq.

Yeni marşrut region ölkələri üçün də müstəsna önəm daşıyır

Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) önəmi eyni zamanda hazırkı geosiyasi amillərlə şərtlənir. Son illərdə Rusiya-Ukrayna müharibəsi səbəbindən Şimal marşrutlarının funksionallığı əhəmiyyətli dərəcədə azalıb. Belə bir şəraitdə Orta Dəhliz Avrasiyada ən etibarlı və təhlükəsiz marşrut kimi diqqət çəkir. Transxəzər marşrutu ilə Çindən, Mərkəzi Asiya ölkələrindən yükləri Xəzər dənizindən, Azərbaycan və Türkiyə üzərindən keçirməklə Avropa bazarlarına təhlükəsiz və daha qısa müddətdə çatdırmaq mümkündür.  Azərbaycanın starateji baxışına görə Zəngəzur Dəhlizi (TRIPP marşrutu) Orta Dəhlizin bir qolu kimi inkişaf etdirləcək. Hazırda Orta Dəhlizin Gürcüstandan keçən seqmenti aktivdir.  Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) yaradılması ilə Avrasiya coğrafiyasında tranzit imkanları genişlənəcək.

Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) yaradılması Ermənistan üçün də həyati əhəmiyyət daşıyır. Bu ölkə 30 il ərzində işğalçılıq siyasətinin girovluğunda qalıb və əslində dalan vəziyyətdə qalıb. Hazırda Ermənistanın geniş dünyaya çıxış yalnız dar Lars keçid məntəqəsi və İran üzərindəndir. Lars keçid məntəqəsi daşımalar üçün optimal marşrut sayıla bilməz. Çünki xüsusilə də qış aylarında buradakı dağ silsilələrindən keçmək mümkünsüz hala gəlir və keçid bağlanır. Həmçinin yenə də geosiyasi amillərə və infrastruktur məhdudluğuna görə İran üzərindən keçən yollar da əlverişli deyil. Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) yaradılması ilə Ermənistanla Türkiyə arasında məlum səbəblərdən bağlı olan sərhədlər açılacaq və bu ölkənin Avropaya asan çıxışı təmin olunacaq. 

Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təmin edəcək. O cümlədən Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq. Qeyd edək ki, respublikamızın ərazisində  Şimal - Cənub marşrutu ilə Orta Dəhlizin bağlantısı təmin edilib. Beləliklə də İran və Rusiya da yeni marşrutdan faydalana biləcəklər.

İranın haçalanan mövqeyi

Təəssüf ki, bəzi region dövlətləri Vaşinqtonda  Zəngəzur Dəhlizi (TRIPP marşrutu) ilə bağlı aparılan müzakirələri və əldə olunan razılaşmaları qısqanclıqla qarşılayıblar. O cümlədən qonşu İranın buna münasibətdə mövqeyi haçalanır. Məlumdur ki, əvvəllər İran rəsmiləri bəhs olunan marşruta münasibət bildirəndə adətən buna qarşı çıxaraq “qırmızı xətt” ifadəsini işlədirdilər. Hərçənd ki, Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılmasında İranın mənafeyinə hansısa bir zidd məqm yoxdur. Qeyd etdiyimiz kimi, burada söhbət yalnız regional əməkdaşıq üçün yeni imkanların yaradılmasından gedir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın təşəbbüsü əsasında İran üzərindən də paralel yol çəkilir. Ancaq İranın ayrı-ayrı dairələri bu ölkənin ərazisində paralel yolun inşasını alqışlasalar da, Ermənistandan keçəcək marşrutla bağlı anlaşılmaz bəyanatlar verirlər. 

Sözsüz ki, Vaşinqtonda Zəngəzur Dəhlizi (TRIPP marşrutu) ilə bağlı aparılan müzakirələrdə region dövlətlərinin də maraqları nəzərə alınıb. Burada hər hansı bir ölkənin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirilməsindən söhbət belə gedə bilməz.  Buna görə də Prezident Məsud Pezeşkian və İranın Xarici İşlər Nazirliyi yeni marşrutun açılmasına qarşı çıxmırlar və onu dəstəklədiklərini ifadə edirlər. “İran Zəngəzur Dəhlizinin açılmasını bölgədəki ölkələrin ərazi bütövlüyünə xələl gəlmədiyi təqdirdə dəstəkləyir”, - deyə Məsud Pezeşkian bildirib. O vurğulayıb ki, marşrutda İranın bu qeydləri də nəzərə alınıb: “Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur”.

Zənnimizcə, İrandan yeni marşrutla bağlı gələn ən sağlam açıqlama da elə budur. İran hakimiyyətinin hərbi-dini qanadı isə Zəngəzur dəhlizi ilə bağlı radikal çıxışlar, bəyanatlar səsləndirirlər. ABŞ-da məlum razılaşma əldə olunduqdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi kanallarında Qafqaz regionu ilə bağlı hərbi təhdid xarakterli mesajlar yayıb. Paylaşımlarda İran və Rusiya əsgərlərinin təsviri fonunda Ermənistan xəritəsi, Zəngəzur dəhlizi (TRIPP marşrutu) və regiondakı strateji nəqliyyat xətləri əks olunub.

Eyni zamanda, İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti avqustun 8-də keçirilən Vaşinqton görüşündə imzalanmış Birgə Bəyannamə ilə bağlı sərt mövqeyini açıqlayıb. O, Zəngəzur Dəhlizinin “Tramp marşrutu” kimi açılmasının İranın maraqlarına zidd olduğunu iddia edib və ərazinin ABŞ-n icarəsində ola bilməyəcəyini vurğulayıb.”Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biridir və bu dəhliz Trampa məxsus tranzit marşrutu deyil, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”, - deyə Vilayəti bildirib.

Əlbəttə, İran hakimiyyətinin hərbi-dini qanadının təmsilçilərinin bu qəbildən olan açıqlamaları regionda gərginliyi artırmağa hesablanıb. Eyni zamanda, Pezeşkianın və Vilayətinin açıqlamaları, SEPAH-ın sərgilədiyi mövqe İranda hakimiyyətin qolları arasında kəskin fikir ayrılığının olduğunu təcəssüm etdirir. Təəssüf ki, bu fikir ayrılığı İran üçün strateji önəm daşıyan məsələləri də əhatə edir. İndi İran üçün həssas dönəmdir. Ölkə sanksiyalar və təhdidlər altındadır. 12 günlük müharibə İrandakı mühafizəkar qüvvələr üçün bir dərs olmalıdır. Ölkə təcridə yox, əməkdaşlığa, daha geniş inteqrasiyaya can atmalıdır.

Gecikən Rusiya günahı özündə axtarmalıdır

Ağ Evdə Zəngəzur Dəhlizi “Tramp marşrutu” ilə bağlı əldə olunan razılaşmaya Moskvadan da reaksiya özünü çox gözlətməyib. Təəssüf ki,  şimal qonşumuzun da yeni marşrutun yaradılmasına münasibəti qərəzli və qısqanclıq ruhunda olub. “Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı Rusiyanın sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev “Tramp marşrutu” ilə bağlı açıqlamasında bildirib. O əlavə edib ki, layihənin detallarını öyrənənədək və hələ açıqlanmayan sənədi nəzərdən keçirənədək nazirlik rəsmi mövqeyini bildirməyəcək. Fadeyev qeyd edib ki, Rusiya 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan üçtərəfli razılaşmaları aktuallığını saxlayan sənədlər hesab edir və tərəflərin heç biri bu razılaşmalardan çıxmaq niyyətini açıqlamayıb.

Vaşinqton görüşləri ilə bağlı həmçinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da danışıb. O, yekun sülh sazişinin paraflanmasını alqışladığını bildirsə də,  ölkəsinin regionda kommunikasiyaların açılmasına birmənalı yanaşmadığını və özəl məqsədlər güddüyünü gizlətməyib.  “Regiondankənar oyunçuların Cənubi Qafqazda həll yollarının axtarışına cəlb edilməsi yeni ayırıcı xətlər yaratmamalıdır. Rusiya Federasiyası əlavə olaraq Vaşinqtonun Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı bəyanatlarını təhlil edəcək”, - deyə Zaxarova bildirib.

Bu açıqlamalardan sonra Zaxarovanın Vaşinqtonda əldə olunan sülh razılaşmalarını alqışlamasının bir mənası qalmır. Zaxarovanın və Fadeyevin açıqlamaları ona dəlalət edir ki, Rusiya Zəngəzur Dəhlizinin (“Tramp marşrutu”) yaradılmasından bərk narahatdır və buna mane olmaq üçün addımlar atacaq. Əslində, Rusiyanın narahatlığı başa düşülmür. Üçtərəfli bəyanata əsasən bəhs olunan marşrutun yaradılması Rusiyanın himayəsi altında həyata keçiriləcəkdi. Yəni dəhlizə nəzarətin məsuliyyətini  bu ölkə daşıyacaqdı. Üçtərəfli bəyanat 2020-ci il noyabrın 10-da imzalanıb. Aradan beş il vaxt ötüb. Bu müddətdə Rusiya vasitəçi ölkə olaraq marşrutun yaradılması istiqamətində praktiki müstəvidə hər hansı bir addım atmayıb. Buna görə də gecikən Rusiya layihədən kənarda qalmasının günahını özündə axtarmalıdır.

Gürcüstan Azərbaycanın yaxın qonşusu, dostu və strateji tərəfdaşıdır

Belə görünür ki, Zəngəzur Dəhlizinin (“Tramp marşrutu”) yaradılmasından  bir çox maraqlı dairələr və siyasətçilər öz paylarını götürmək istəyirlər. Məsələn, Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Vaşinqton razılaşması fonunda özünü yada salıb. O, razılaşmanı “Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir” məzmununda dəyərləndirib. Mixail Saakaşvilinin arqumenti budur ki, ABŞ-ın Zəngəzur Dəhlizini (“Tramp marşrutu”)100 il müddətinə icarəyə götürdüyü müqavilə Rusiya və İranla yanaşı Gürcüstandan da yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. Mixail Saakaşvili vəziyyətin bu həddə çatmasında Bidzina İvanişvili hakimiyyətini günahlandırıb. Keçmiş Prezidentin sözlərinə görə, İvanişvili hökuməti Gürcüstanı əsas müttəfiqlərindən təcrid etdi və indi bütün bunlara görə Gürcüstan tranzit qovşağı funksiyasını itirir.

Belə yanaşma kökündən səhvdir. Gürcüstan Azərbaycanın yaxın qonşusu, dostu və starteji tərəfdaşıdır. İndiyədək respublikamızın bu ölkə ilə əməkdaşlığı şəraitində bir sıra nəhəng, qlobal əhəmiyyətli  enerji və nəqliyat layihələrini reallaşdırmaq mümkün olub. Bu əməkdaşlığa gələcəkdə də kölgə sala biləcək qüvvə yoxdur.  Azərbaycan Orta Dəhlizin Gürcüstan qolunun inkişaf etdirilməsində çox maraqlıdır. Ötən il respublikamızın səyləri sayəsində Gürcüstandan keçən Bakı - Tbilisi - Qars (BTQ) dəmir yolunun ötürücülük imkanlarının 1 milyon tondan 5 milyon tonadək artırılması bunun əyani göstəricisidir. Təkcə bu fakt təsdiqləyir ki, qonşu Gürcüstan perspektivdə də Orta Dəhliz və Şərq-Qərb marşrutu üzrə daşımaların ən fəal iştirakçı ölkələrindən biri olaraq qalacaq.

Mübariz ABDULLAYEV

Seçilən
2
yeniazerbaycan.com

1Mənbələr