AZ

UEFA reytinqi: Ümid yalnız “Qarabağ”a qaldı

Avrokuboklarda 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Arena.az xəbər verir ki, bu həftənin yekunlarına əsasən, Azərbaycan UEFA reytinqində əmsallarını artırsa da, əvvəlki mövqeyində qalıb.

Belə ki, cari mövsümdə qazanılmış əmsal 2,125-ə yüksəlib. Hazırda Azərbaycanın son beş mövsüm üzrə hesablanan əmsalı bütövlükdə 19,250-dir. Ölkəmiz 55 UEFA üzvü arasında 28-ci sırada qərarlaşıb. Bizdən öndə 19,725 əmsala malik Ukrayna qərarlaşıb. Hansı ki, cari mövsümdə mübarizə aparan 4 təmsilçisindən 3-ü yoluna davam edir. Azərbaycanı isə Bolqarıstan izləyir. Sözügedən ölkə əmsalını 18,375-ə çatdıraraq Rusiyanı qabaqlayıb. Bolqarların da 4 təmsilçisindən 3-ü hələ yoluna davam edir. Bu isə onların Azərbaycanı qabaqlamaq şansının yüksək olmasından xəbər verir.

Xatırladaq ki, bu həftə Azərbaycan təmsilçilərindən “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Bakıdakı cavab oyununda Şimali Makedoniyanın “Şkendiya” kollektivini 5:1 hesabıyla üstələyib. Səfərdə də rəqibini bir cavabsız qolla yenmiş “köhlən atlar” növbəti raundda Macarıstan təmsilçisi “Ferentsvaroş”la üz-üzə gələcəklər.

“Sabah” Avropa Konfrans Liqasında Bolqarıstanın “Levski” (Sofiya) komandasına növbəti dəfə uduzub. Səfərdə 0:1 hesablı məğlubiyyət almış “bayquşlar” ötən gün evdə də 0:2 hesabıyla uduzaraq avrokuboklarla vidalaşıblar.

Konfrans Liqasındakı digər təmsilçimiz “Araz-Naxçıvan” isə Kiprdə “Omoniya”ya biabırçı hesabla uduzub – 0:5. Bu, Bakıda da 0:4 hesabıyla uduzmuş Naxçıvan təmsilçisinin Konfrans Liqasında mübarizəni dayandırması ilə yekunlaşıb.

Xatırladaq ki, daha öncə avrokuboklardakı digər təmsilçimiz “Zirə” də Konfrans Liqasındakı çıxışını başa vurmuşdu. Bir sözlə, Azərbaycan cari mövsümdəki bütün ümidini bundan sonra “Qarabağ”a bağlayacaq. Hansı ki, bu mövsüm üçün qazanılmış 2,125 əmsalın da böyük qismini elə Ağdam klubu qazanıb – 1,000. “Sabah” Azərbaycana 0,625, “Araz-Naxçıvan” 0,375, “Zirə” isə 0,125 əmsal qazandıra bilib.

Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (94,839) başçılıq edir. İtaliya (84,374) ikinci, İspaniya (78,703) üçüncü, Almaniya (74,545) dördüncü, Fransa isə (67,748) beşincidir.

Seçilən
65
50
arena.az

10Mənbələr