Gerçəkdən də siyasətdə əbədi dostluqlar (müttəfiqliklər) yoxdur, əbədi maraqlar var. Regionumuzda gedən siyasi proseslər bu kəlamın doğruluğunu növbəti dəfə təsdiqləməkdədir.
5 il öncə üçtərəfli 10 noyabr atəşkəs memorandumunun hazırlanmasını təşkil edən və oraya Azərbaycanla onun Naxçıvan eksklavı arasında quru yol əlaqəsinin bərpası haqqında müddəa saldıran Rusiya indi o dəhlizin açılmasına qarşıdır.
İnternet məkanında bir-birinin vaxtına, sözünün arasına girən rus politoloqlar ciddi-cəhdlə sübut etməyə çalışırlar ki, Ermənistan Azərbaycana yol verməməlidir, versə, bu, onun faciəsi, torpaq itirməsi, İranla əlaqəsinin kəsilməsi, blokadaya düşməsi ilə nəticələnəcək.
Dünənə qədər Ermənistanla can bir qəlbdə olduğunu bizə eşitdirə-eşitdirə vurğulayan İranın general və ayətullahları “Tramp yolu”nun açılacağı təqdirdə dəhliz ərazisini vuracaqları ilə hədələyirlər. Bəs əbədi müttəfiqlik nə oldu? İranın “müttəfiqi” istəyir ki, yol açılsın və o, bundan fayda götürsün, amma İran qarşı çıxır. Çünki öz mənafeyini düşünür.
Dünən və bu gün Avrasiya İqtisadi İttifaqının İssık-Kul gölü sahillərində keçirilən sammitində müzakirə mövzularından biri də “Zəngəzur dəhlizi”nin ABŞ-ın nəzarətinə keçəcəyi təqdirdə potensial geosiyasi dəyişikliklərin olacağı olub.
Həmin sammitdə Ermənistan hökumətinin başçısı Nikol Paşinyan iştirak etmir, ancaq İttifaqın üzvü olan ölkələrin baş nazirləri toplantıya qatılıblar.
Ümumiyyətlə, Paşinyan son illərdə Rusiyanın patronajlığı ilə təşkil olunan forum, sammit, konfrans və s. tədbirləri boykot edir. Ötən ay o, Minskdə keçirilən Avrasiya İqtisadi Forumunu buraxıb və o, bu gün Çolpon-Ataya gəlməyib. Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Ermənistan hökumətinin başçısı məzuniyyətdədir. Lakin buna heç kəs inanmır. Hətta Belarus prezidenti Aleksandr Lukaşenko təklif edib ki, Ermənistan hökuməti başçısının Aİİ-nin iclaslarını buraxmasının səbəbini axtarmaq lazımdır.
Səbəb isə uzaqda və dərində deyil: müttəfiqlik yox, mənafelər əbədidir. Bu gün Paşinyanın və ölkəsinin mənafeyi tələb edir ki, RF-dən uzaq, Qərbə yaxın dursun.
İssık-kul sammitində müzakirə olunan məsələlərdən biri də İran və Aİİ ilə azad ticarət zonasının yaradılmasına dair imzalanmış sazişdir. Lakin Ermənistan ətrafındakı vəziyyət və onun “Zəngəzur dəhlizi” məsələsində ABŞ ilə tərəfdaşlığı bu layihəyə ciddi maneə yaradır. İran ABŞ-nin qulağının dibinə gəlməsini istəmir. Düzdür, ABŞ üç tərəfdən (Pakistan, Fars\Ərəb körfəzi və Türkiyədəki İncirlik bazası) İranın burnunun dibindədir, amma onlar yox, məhz “Zəngəzur dəhlizi” Tehranın qırmızı xəttidir.
İndi belə qələmə verilir ki, ABŞ-nin Ermənistan ərazisinə (Mehri rayonundan keçən yola) nəzarət etməsi Aİİ-nin mənafe və prinsiplərinə ziddir.
Əslində isə elə deyil. Bu marşrutun açılması Rusiyadan başqa Aİİ üzvü olan ölkələrin hamısının maraqlarına uyğundur, onlar öz yüklərini bu yol vasitəsilə Avropaya, Yaxın Şərqə daha asan çatdıra biləcəklər. Sadəcə, Rusiya onlara “Zəngəzur yolu”na qarşı çıxmağı diktə edir, öz maraqlarını bütövlükdə Aİİ-nin mənafeyinin fövqünə qoyur.
Əsas bəhanə budur ki, malların və xidmətlərin sərbəst hərəkəti Aİİ-nin təməl daşı olduğundan “Zəngəzur dəhlizi”ndən Azərbaycana giriş və çıxışda gömrük postları yaradılanda, gömrük rüsumları tətbiq ediləndə, bu, Aİİ-nin vahid gömrük rüsumları tarifinə zidd olacaq. Bu dəhlizə Ermənistanda yerləşən Rusiya hərbi bazası nəzarət etsə, problem olmazdı, amma yolun vəziyyətinə ABŞ baxsa, Avrasiya İttifaq daxilində malların və xidmətlərin sərbəst hərəkəti məhdudlaşacaq və bu Aİİ-nin nizamnaməsinin birbaşa pozulması deməkdir. Belə deyirlər.
Ona görə də Aİİ (Rusiya) rəhbərliyi Ermənistanı seçim qarşısında qoyur: ya ABŞ ilə tərəfdaşlıq, ya da və Aİİ-yə üzvlüyün davamı.
Əslində isə Ermənistan hansı istiqamətə üz tutduğunu hələ 2020-ci ildən öncə bəlli edib. MDB-nin, KTMT-nin, indi isə Aİİ-nin sammitlərinə qatılmır, onların İrəvan üçün mövcud olmadığını göstərir. Ancaq Kreml bütün bunlara baxmayaraq, onu əldən buraxmaq, “hara istəyirsən, get, yolun açıq olsun” demir, ətəyindən yapışıb durub və vaxtaşırı İrəvana zəng vuraraq israrla müxtəlif toplantılara dəvət edir.
Aİİ-nin sammitindəki müzakirələrdən Ermənistan üçün çıxan nəticə odur ki, o, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq, tərəfdaşlıq edə bilməz, edərsə, bu, Ermənistanın təşkilata üzvlüyünün legitimliyini şübhə altına ala bilər. Artıq Ermənistana Aİ ilə yaxınlaşmasının arzuolunmazlığı barədə xəbərdarlıq edilib.
Sanki Aİİ federal dövlətdir, Ermənistan isə onun federasiya subyektlərindən biridir, özünün müstəqil iqtisadi siyasət yeritmək hüququ yoxdur.
Ermənistanı əldən buraxmaq istəməyən dairələr onun Avropa İttifaqına üzvlüyünü real perspektiv hesab etmirlər və bəyan edirlər ki, Ermənistan əhalisinin yarıdan az hissəsi Aİ-yə üzvlük ideyasını dəstəkləyir, xüsusilə də guya ki, gənclər Aİ üzvlüyünə qarşıdır.
Onlar bu cür informasiya yayarkən hansısa rəy sorğularına əsaslanırlar, amma bunun havadan götürülmüş PR açıqlamaları olduğu hər kəsə bəllidir.
Bildirilir ki, Aİİ Ermənistan iqtisadiyyatı üçün həyat xəttidir, bu təşkilata üzvlük ona milyardlar və sabitlik gətirir. Ancaq görünür, bu milyardlar Ermənistanı qane etmir və o, Qərbə yaxınlaşmağı daha perspektivli hesab edir. İrəvan çəkişən blokların arasında qalıb əzilmək istəmir, hər iki blokla sərfəli əməkdaşlıq etmək niyyətindədir, amma bu lüksü ona rəva görmürlər.
Vəziyyət aşağı-yuxarı belədir və Ermənistanla Rusiya (Aİİ) və İranın arasındakı bu qeyri-müəyyən ilişkilər bizim həyatı vacib yolumuzun açılması xüsusunda maneədir.
Müsavat.com