AZ

Euractiv: NATO Avropada silah ehtiyatlarının tükəndiyini etiraf edir

Avropa ölkələrinin silah ehtiyatları Ukraynaya dəstək səbəbindən qısa müddətdə tükənir və Avropa Kiyevə yardım göstərmək üçün ABŞ-dən gələn təchizata bel bağlamalı olur. Bu barədə Euractiv saytına Şimali Atlantika Alyansının adı açıqlanmayan nümayəndəsi bildirib.

“ABŞ-nin hərbi sənayesi olmadan bunu etmək mümkün deyil, çünki Avropa anbarları və müdafiə müəssisələrinin imkanları qısa müddətdə tükənir”, - deyən mənbə Ukraynanı müəyyən növ silahlarla təchiz etmək zərurətinin son dərəcə kəskin olduğunu vurğulayıb.

Bundan əlavə, Avropa hazırda xaricdən silah alışına arxalanaraq öz ehtiyatlarından Kiyevə daha az silah ötürür. Kil Dünya İqtisadiyyatı İnstitutunun Ukraynaya yardımın izlənməsi layihəsinin koordinatoru Taro Nişikava deyib: “Yardımların əksəriyyətinin birbaşa ölkələrin ehtiyatlarından gəldiyi münaqişənin əvvəlki mərhələsi ilə müqayisədə, Avropa indi müdafiə müəssisələrinin yeni sifarişlərinə daha çox güvənir”. O, hesab edir ki, Avropa ölkələrində silah qıtlığı problemi gələcəkdə Aİ ölkələrinin ABŞ-dən Ukrayna üçün hərbi məhsullar alması üçün yeni mexanizm vasitəsilə həll edilə bilər.

Xatırladaq ki, avqustun 4-də Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans ölkəsinin NATO-da “500 milyon avro dəyərində komponentləri və Patriot raketləri də daxil olmaqla, Amerika silah sistemləri paketini Ukraynaya çatdıran” ilk ölkə olacağını açıqlayıb. Çatdırılma ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte tərəfindən iyulun 14-də işə salınan PURL (Prioritləşdirilmiş Ukrayna Tələblər Siyahısı) mexanizmi çərçivəsində həyata keçirilir. Bu mexanizm Vaşinqtonun NATO müttəfiqlərinə Amerika ehtiyatlarından Ukrayna üçün silah almağa imkan verir. Avqustun 13-də Almaniya səlahiyyətliləri ölkənin yeni mexanizm vasitəsilə Ukraynaya dəstək paketinin maliyyələşdirilməsində iştirak edəcəyini açıqlayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr