Zəngəzur dəhlizi məsələsi təkcə regional deyil, həm də qlobal güclərin maraq toqquşmasının mərkəzindədir. Bu layihə Cənubi Qafqazda kommunikasiya xəritəsini dəyişməklə yanaşı, həm də böyük iqtisadi və siyasi üstünlüklər vəd edir. Məsələnin geosiyasi çəkisini artıran amillərdən biri də ABŞ-ın, xüsusilə də Donald Tramp administrasiyasının bu dəhliz üzərindəki xüsusi marağıdır. Trampın bu məsələyə yanaşması, həm şəxsi siyasi ambisiyaları, həm də ABŞ-ın strateji planları ilə birbaşa bağlıdır.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Vaşinqtonda keçirilən görüşlərin əsas fiquru Prezident Donald Trampdır və orada əldə olunan razılaşmaların qarantı rolunda məhz o çıxış edir:
“Zəngəzur dəhlizi ilə bağlı ABŞ-ın xüsusi maraqları da heç kimə sirr deyil. ABŞ Dövlət Departamentinin açıqlamalarında bu dəhlizdə Trampın rolunun vurğulanması da təsadüfi deyil.
Əgər Zəngəzur dəhlizi ilə bağlı ziyanverici müdaxilələr olarsa, ilk növbədə məhz Trampın reaksiya göstərəcəyi gözlənilir. Bütün hallarda dəhlizin açılmasına qarşı Rusiyadan və İrandan müəyyən addımların atılması ehtimal olunur. Əgər bu addımlar reallaşarsa, ABŞ-ın sərt müqaviməti ilə qarşılaşacaqlar.
Tramp bu məsələyə həm ABŞ-ın strateji maraqları, həm də öz şəxsi siyasi reytinqi prizmasından yanaşır. Zəngəzur dəhlizinə İran və ya Rusiya tərəfindən ediləcək hər hansı təsir nəticə verərsə, bu, Trampın beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər. Eyni zamanda, ABŞ böyük bir strateji layihənin reallaşmasından kənarda qalma riski ilə üz-üzə qalacaq”.
“Bu səbəbdən, heç kəs unutmamalıdır ki, Zəngəzur dəhlizinin normal fəaliyyət göstərməsi istiqamətində ABŞ-ın xüsusi maraqları mövcuddur və bu maraqlar, ehtiyac yaranarsa, güclü şəkildə müdafiə olunacaq”,- deyə analitik bildirib.
//Gülnarə Abasova, Editor.az