Prezident İlham Əliyev Zəngəzur dəhlizinin (TRIPP) reallaşması ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib.
Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində razılaşmadan təşvişə düşənlərə mesajını yollayıb. Azərbaycan Prezidenti bildirib ki, bu, yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq. Yəni heç kəs həyəcanlanmasın, Zəngəzur dəhlizi – Sülh və Rifah Naminə Tramp Yolu nəinki Azərbaycan, Türk dünyası, yaxud region anlamında, ümumiyyətlə, beynəlxalq səviyyədə uğurlu və faydalı perspektivlər vəd edən layihədir, kimsəyə qarşı da yönəlməyib.

Ən yüksək səviyyədə bəyan olunan bu mövqedən sonra Zəngəzur adı gələndə stressə düşənlər sakitləşəcəkmi? Demək çətindir. 8 avqust Vaşinqton razılaşmalarından sonra şimal və cənub qonşulardan gələn reaksiyalarda müəyyən dəyişikliklər müşahidə olunsa da, bu, hələ son deyil...
Qəribəsi budur ki, dünənə qədər Ermənistanın guya blokada vəziyyətində qaldığını özünə dərd eləyən çevrələr 8 avqustda Nikol Paşinyanın sevincək imzaladığı anlaşmanı da özləri üçün faciəyə çeviriblər. Ermənistan rəsmiləri davamlı şəkildə açıqlamalar verirlər ki, Azərbaycanla kommunikasiyaların açılması nəticəsində ermənilərin üstünə gün doğacaq. Ermənistan prezidenti, Baş naziri daxil, reallıqdan çıxış etməyə çalışan ermənilər Zəngəzur dəhlizinin (Tramp yolu) açılmasının Ermənistan üçün hər hansı təhlükə yaratmayacağını qəbul edir və bəyanlayırlar. Amma elə ötən ilin bu vaxtlarında “Zəngəzur dəhlizi Ermənistanın ziyanınadır”, iddiası ilə “canıyananlıq” göstərənlər bu gün müşkül duruma düşüblər, “gah nala, gah mıxa vururlar”. Zarafat deyil, iki ay əvvəl “biz Zəngəzur dəhlizinin açılmasına imkan vermədik”, deyib Ermənistanın “xilaskarı” qismində özlərini göstərməyə çalışanlar Vaşinqton anlaşmalarından sonra “ofsayd”da qalıblar. Ermənistanda kifayət qədər tanınmış ekspertlər, siyasət adamları, jurnalistlər etiraf edirlər ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli danışıqlarında Bakı böyük üstünlüklə qalib gəldi, burada ikinci şərh ola bilməz. Ermənistanın “Joqovurd” qəzeti bir müddət əvvəl yazmışdı ki, Azərbaycan Vaşinqton razılaşması ilə aşağıdakıları əldə edib: “1.ABŞ vasitəsilə Ermənistan üzərindən keçən dəhliz (Zəngəzur); 2.Qarabağ ermənilərinin geriqayıdışı səhifəsini bağlayan ATƏT-in Minsk qrupunun ləğvi; 3.Avropa İttifaqının müşahidəsi missiyasının Ermənistanı tərk etməsi; 4.Azərbaycana qarşı ABŞ-nin yardımlarını məhdudlaşdıran “907-ci düzəliş”in ləğvi; 5.Azərbaycanın ərazi bütövlüyünün tanınması; 6.Azərbaycana qarşı bütün beynəlxalq iddiaların geri götürülməsi...”

Azərbaycan Prezidentinin Vaşinqtondan mütləq qələbə ilə qayıdışını erməni tərəfi etiraf edir. Üstəlik, ölkəmizin uğurlarına qarşı çıxmağa imkanlarının olmadığını da təsdiqləyirlər. Vaşinqton razılaşmalarının geri götürülməsini mümkünsüz edən anlaşma artıq baş verənlərin geridönməz xarakter aldığını sübut edir. Bunu Azərbaycanla münaqişə tərəfi olmuş Ermənistanda anlayırlarsa, qəbul edirlərsə və ölkə rəhbərliyinin imzası ilə sülhə doğru addımlar atılıbsa, İran və Rusiyanın prosesləri tormozlamaq cəhdləri, istəyi, düşüncəsi əcaib səslənmirmi?
Gec-tez hamı Azərbaycan deyəni deyəcək, həm də ona görə ki, “Zəngəzur dəhlizinin açılacağını” qətiyyətli şəkildə Prezident İlham Əliyev deyib! Necə ki, “Valday” Diskussiya Klubunda, elə Putinin iştirak etdiyi tədbirdə “Qarabağ Azərbaycandır və nida”-nı qətiyyətlə tribunadan bəyan etdi və döyüş meydanında da dediklərini Ali Baş Komandan olaraq isbata yetirdi. Vladimir Putinin Azərbaycan Prezidenti barədə dediklərini də unutmamışıq! “Ola bilər ki, onunla nədəsə razılığa gəlmək çətin olur. Bu, xüsusilə əsas məsələlərdə asan proses deyil. Lakin razılığa gəlinirsə, tam əmin olun ki, vəd yerinə yetiriləcək. Bu, istənilən insanın əsas xarakterik xüsusiyyətlərindəndir, siyasətlə məşğul olanlar üçünsə ikiqat vacibdir. Mən onu uzun illərdir tanıyıram. Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi, öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir”. Rusiya rəhbərliyi də bilir ki, İlham Əliyev prinsiplərinə, imzasına, sözünə sadiq liderdir və onu milli maraqlardan kənar hansısa anlaşmaya sövq etmək mümkün deyil. Eyni zamanda dünyanın bir çox prezidentləri, hökumət başçıları İlham Əliyevlə bağlı çox yüksək fikirlər səyləyiblər, ondan öyrənməli olduqları barədə etiraflar ediblər. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonda keçirilən çox yüksək və səmimi şəkildə keçən görüşdə cənab Əliyevə “Siz böyük lidersiniz”, söylədi. Dünyanın super dövlətinin başçısı tərəfindən verilən bu qiymət uzun illərin uğurlarının, millət və dövlət naminə zəfərlərinin, bəşəriyyətin xilası istiqamətində qətiyyətli addımların, döyüş meydanında olduğu kimi, sülh masasında da mərdi-mərdanə davranmağın, sözü ilə imzasının vəhdət təşkil etməsinin məntiqi yekunu sayıla bilər. Bütün bunları ona görə xatırladıram ki, İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı əsas hədəfinə çatacağı ilk gündən bizlərdə şübhə doğurmadığ kimi, ayrı-ayrı paytaxtlarda da bu siyasətə qarşı dayanmağın mənasızlığını anlayırdılar. Sadəcə maksimum vaxtı uzatmağa, status-kvonu hansısa “uyğun şərait” üçün qoruyub-saxlamağa, məqamı çatanda yenə də ortaya nifaq salıb, “parçala, hökm et” siyasətini yürütməyə çalışırdılar. Alınmadı...

Budur, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Qırğızıstanda jurnalistlərə bildirib ki, əgər İrəvan Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) yaradılmasını zəruri hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir. Sitat: “Ermənistan bizim strateji müttəfiqimizdir və əgər ölkə nəyinsə onlar üçün yaxşı olduğunu hesab edirsə, biz, əlbəttə ki, burada onu dəstəkləyirik. Əgər onlar hesab edirlərsə ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha böyük təhlükəsizlik zəmanətlərini təmin edir, o halda bu yaxşıdır, çünki biz də Cənubi Qafqazda sülh proseslərini dəstəkləyirik, bu, bizim maraqlarımıza tam cavab verir”.
Bir neçə gün əvvəl Rusiya XİN rəsmisi Zəngəzur dəhlizində rus sərhədçilərinin olduğunu xatırlatmışdı. Necə deyərlər: “Adın nədir? Daşdəmir...”, misalı...
Bu arada Tehranın siyasətindəki dəyişiklik də diqqət çəkir. Xüsusilə də Prezident Məsud Pezeşkianın Zəngəzur dəhlizinə “Xandostu, amandı, qoyma gəldi...” misalındakı kimi yanaşan və dəhlizi “xoxan” gözündə görənlərin bəsirət gözünü açmağa yönəlik cəhdləri də nəticə verməkdədir. Artıq bəyan edirlər ki, əgər dəhlizin açılması İran-Ermənistan əlaqələrini məhdudlaşdırmayacaqsa, yaxud regionda ərazi təhdidinə səbəb olmayacaqsa, onların da məsələyə yanaşması müsbətdir.

Rusiya və İranın “Tramp yolu”nu 99 illik icarəyə götürəcək ABŞ şirkəti ilə bağlı narahatlığına gəldikdə, bu da mənasız söhbətdir. Təsəvvür edin, Ermənistan ABŞ ilə birgə hərbi təlimlər keçirir, İrəvanda ABŞ-nin ən böyük – 2 mindən artıq kontingenti olan səfirliyi fəaliyyət göstərir, Paşinyan hakimiyyətini ABŞ kəşfiyyatı qoruyur, Avropa İttifaqının cəsus-kəşfiyyat şəbəkəsi 2022-ci ildən Ermənistanda “meydan sulayır”, şərti sərhədlərədək gəlir, eləcə də İranla sərhəd zonasına, rus sərhədçilərinin xidmət etdiyi bölgələrədək yaxınlaşırlar, nə Tehranın, nə də Moskvanın “tükü tərpənmir”, amma Amerika şirkətinin dəhlizlə bağlı fəaliyyətindən həyəcanlanırlar. Həyəcan sadəcə, Zəngəzur dəhlizinin işə salınmasından və əbədi nəzarətin əldən çıxmasından doğur.

Amma artıq gecdir, “qatar gedir”, həm də üzü Zəngəzur dəhlizinə doğru, Azərbaycan da sərbəst hərəkət imkanını əldə edəcək! Azərbaycan ərazilərinin 30 il ərzində işğalda qalmasına biganə olanlar və status-kvonun saxlanmasından ötrü Ermənistana əlindən gələn dəstəyi göstərənlərin yürütdüyü siyasəti unutmamışıq. Uzun on illiklər ərzində iddia edirdilər ki, “Qarabağın açarı” onlardadır. O qədər nağıllar dinlədik ki...Reallığı isə Azərbaycan və onun Lideri diktə edir. Məhz bu böyüklüyün məntiqi nəticəsidir ki, cənab Prezident Vaşinqtondakı tarixi görüşlərdən həm də nadir şəxsiyyətlərə hədiyyə edilən Ağ Evin rəmzi açarı ilə Vətənə döndü. Evin açarını bir qayda olaraq etibar olunan insana təqdim edərlər, qədimdən bəri belə bir qayda var. Azərbaycan Prezidenti yüksək etibarı, etimadı superdövlət və onun Lideri səviyyəsində qazanıb, mərdliyi, cəsurluğu, imzasına və bəşəri dəyərlərə sadiqliyi ilə. Belə bir Liderin barmağını tuşladığı hədəfin qarşısını almaq, HAQQ YOLUNU kəsmək kimsənin hünəri deyil! Biriləri vaxt itirmədən işə başlasalar, qazanacaqlar, onsuz da bir azdan hamı “Zəngəzur dəhlizi” deyəcək...
Elşad PAŞASOY,
Musavat.com