AZ

Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi…

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb.

Məlum olub ki, onlara qarşı cinayət işi sən demə keçmiş hüquq-mühafizə əməkdaşı və Tümen vilayəti qubernatorunun sabiq müşaviri Yevgeni Filipoviçin saxlanılmasından sonra başlanıb.

Turkustan.az lent.az-a istinadən bildirir ki, Filipoviç 2024-cü ildə Talitsada azərbaycanlı kriminal avtoritetlərdən pul alarkən tutulub. Sabiq müşavir polis ilə bağlı problemlərin həllində onlara kömək edəcəyinə söz verib, lakin vədini yerinə yetirməyib. Bundan sonra əməliyyatçılar keçmiş Sredneuralsk merinə çatıb, ardınca isə Səfərovlara qədər izi sürüblər.

Yerli ura.ru nəşrinin mənbəsinin sözlərinə görə, hər şey ötən ilin sonunda Talitsada qanunsuz ağac qırmaqla məşğul olan Azərbaycan əsilli bir şəxsin saxlanılması ilə başlayıb.

“Bacarıqlı sahibkarın ətrafında dostu Əhliman Gəncəyev var (Səfərovlar işi üzrə həbs olunanlardan biri — red. qeydi). Söz-söhbətə görə, o, Filipoviç ilə yaxşı münasibətdə olub və ondan kömək istəyib. Filipoviç guya on milyon rubl tələb edib və bütün məsələləri hüquq-mühafizə orqanları ilə həll edəcəyini deyib. Lakin sahibkarlar aldadıldığını anlayaraq onu ifşa ediblər. Filipoviç isə beş milyon rublun verilməsi zamanı avtomobildə saxlanılıb” — deyə mənbə bildirib.

Filipoviçə qarşı dələduzluq etmək cəhdi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsi, 3-cü hissə və 159-cu maddəsi, 4-cü hissə) üzrə cinayət işi açılıb. Yanvarda onun istintaq təcridxanasına salındığı məlum olub. “Deyirlər ki, o, inkar etməyib, günahını etiraf edib və guya başqa bir azərbaycanlı – Vidadi Mustafayev barədə də məlumat verib,” — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Ura.ru-nun məlumatına görə, bundan sonra keçmiş Sredneuralsk meri Andrey Zaşlyapin saxlanılıb. Hüquq-mühafizə orqanları onu keçmiş təhlükəsizlik əməkdaşı Artyom Şunaylova altı milyon rubl rüşvət verməkdə ittiham ediblər. Mənbənin sözlərinə görə, keçmiş məmur pulları guya vasitəçi — Vidadi Mustafayev vasitəsilə ötürüb.

Zaşlyapin ev dustaqlığına məhkum edilib. O, cinayətini etiraf edib və Şunaylov barəsində ifadə verib (Şunaylov isə günahsız olduğunu bildirir və bunun böhtan olduğunu hesab edir). Onunla bağlı iş hərbi məhkəmədə araşdırılır. Mustafayev isə ümumiyyətlə məhkəmədən yayınıb, çünki guya korrupsiya barədə ilk olaraq hüquq-mühafizə orqanlarına məlumat verdiyinə görə qanundakı qeyd üzrə məsuliyyətdən azad edilib. Mustafayev müxbirə təsdiqləyib ki, o, cinayət işində fiqurant deyil.

Ehtimal olunur ki, Mustafayevin ifadələri Səfərovların saxlanılmasına da səbəb ola bilər. Məlumata görə, Səfərovlar Sverdlovsk vilayətində Azərbaycan diasporunun lideri Şahin Şıxlınskiyə yaxın olublar. “Məlumdur ki, Şıxlınski ilə Mustafayev arasında münaqişə mövcuddur,” — deyə mənbə əlavə edib.

Qeyd edək ki, iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların tutulmasına yönəlmiş genişmiqyaslı əməliyyat keçirilib. Məlumata görə, həmin vaxt hüquq-mühafizə orqanları 50-dən çox azərbaycanlını yoxlayıb. Onlar arasında 2001, 2010 və 2011-ci illərdə baş vermiş qətllər və qətl cəhdləri ilə bağlı şəxslər axtarılıb. Həmin əməliyyatda Məzahir, Akif, Ayaz, Bakir, Kamal Səfərovlar, Əhliman Gəncəyev, Şahin Lalayev və Azər Abbasov həbs olunublar. Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, onlardan biri dəstənin digər üzvləri barəsində ittihamedici ifadə verib. Hüquq-mühafizə orqanları onları “etnik qruplaşma” adlandırıb.

Əməliyyat zamanı iki qardaş – Hüseyn və Ziyəddin Səfərovlar öldürüblər.

Versiyalardan birinə görə, istintaqla əməkdaşlıq çərçivəsində saxlanılanlardan biri Sverdlovsk vilayətində Azərbaycan diasporunun lideri Şahin Şıxlınski barədə də ifadə verə bilər. Hazırda o, Basmannı rayon məhkəməsinin qərarı ilə düşdüyü istintaq təcridxanasında saxlanılır (o, özünü günahkar saymır). Qeyri-rəsmi məlumatlara görə, ona iyulun 1-də saxlanılması əməliyyatında iştirak edən xüsusi təyinatlı əməkdaşa qarşı zor tətbiq etmə və adam öldürməyə cəhd ittihamı irəli sürülüb.

Bu hadisədən sonra Şahinin oğlu — vəkil Mutvalı Şıxlınski də saxlanılıb. İstintaq versiyasına görə, o, atası ilə birlikdə olduğu qara “Mercedes”lə geriyə hərəkət edərkən hüquq-mühafizə əməkdaşını vurub. Nəticədə həmin şəxs yıxılıb və başından xəsarət alıb. Məhkəmə Mutvalını istintaq təcridxanasına göndərib. O, etdiyi hərəkətə görə peşman olduğunu bildirib, lakin əməliyyatçını görmədiyini əlavə edib.

Bu faktlar barədə Yekaterinburqda əməliyyat zamanı öldürülən Hüseyn və Ziyəddin Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynovla əlaqə saxladıq.

Həmkarımız məsələ barədə tamamilə məlumatsız olduğunu bildirib.

Seçilən
3
2
turkustan.az

3Mənbələr