AZ

Azərbaycançılıq təkcə ideya deyil, həm də sosial birləşdirici gücdür...


Azərbaycançılıq ideyası müasir Azərbaycanın milli və dövlətçilik fəlsəfəsinin təməlini təşkil edən ən mühüm anlayışlardan biridir. Tarixi köklərə malik olan bu ideya əsrlər boyu xalqın milli kimliyini, vətənə bağlılığını və mənəvi birliyini qorumağa xidmət etmişdir.

Bu gün Azərbaycançılıq yalnız bir ideoloji xətt deyil, həm də milli şüurun, vətəndaş həmrəyliyinin və sosial sabitliyin simvoludur. Onun təbliği həm dövlət, həm də cəmiyyət səviyyəsində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir.

Müstəqillikdən sonra bu ideya dövlətçilik fəlsəfəsinin əsasına çevrildi

Azərbaycançılıq ideyasının formalaşması XIX əsrin ikinci yarısında – Çar Rusiyası dövründə yaşayan azərbaycanlı ziyalıların maarifçilik fəaliyyəti ilə başlayır. Bu dövrdə mətbuat, təhsil və ictimai təşəbbüslər vasitəsilə xalq arasında milli özünüdərkin inkişafı üçün zəmin yaradılırdı. 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Azərbaycançılıq ideyasının siyasi və hüquqi səviyyədə tətbiq olunduğu ilk dövr oldu. Bu dövrdə Azərbaycançılıq sadəcə etnik kimlik anlayışı deyildi. O, hüquqi və siyasi vətəndaşlıq modeli olaraq inkişaf etdirildi. Müxtəlif millətlərə mənsub şəxslər AXC parlamentində təmsil olunur, bütün vətəndaşlara bərabər hüquqlar verilirdi. Bu da sübut edirdi ki, Azərbaycançılıq milli ayrı-seçkiliyə deyil, vətəndaş birliyinə söykənən inklüziv bir ideyadır. 1920-ci ildə sovet hakimiyyətinin qurulması ilə milli ideologiyalar sıxışdırılmağa başlandı. Rəsmi ideologiya beynəlmiləlçilik idi və azərbaycançılıq kimi ideyaların açıq şəkildə təbliği yasaq edilirdi. Lakin buna baxmayaraq, milli kimlik və Azərbaycançılıq ruhu xalqın içində yaşamağa davam etdi. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycançılıq ideyası yenidən ön plana çəkildi. Lakin bu dəfə fərqli səviyyədə – dövlət ideologiyası kimi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycançılıq ideyası dövlətçilik fəlsəfəsinin əsasına çevrildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılıq ideyası həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Dövlət başçısının “Biz azərbaycançılığı ideoloji sütun kimi görürük” fikri bu ideyasının cəmiyyətin bütün təbəqələrində necə güclü kök saldığını göstərdi. Müxtəlif etnik və ideyanın dövlətin gələcək strategiyasında da mərkəzdə durduğunu göstərir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsi Azərbaycançılıq dini mənsubiyyətə malik insanlar eyni ordu sıralarında vətən uğrunda döyüşdülər. Bu, Azərbaycançılığın təkcə ideya deyil, real sosial birləşmə gücünə malik olduğunu təsdiq etdi.

Prezident Əliyevin beynəlxalq tribunalarda dediyi hər sözün arxasında azərbaycançılıq məntiqi dayanır

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, bu gün Azərbaycan dövlətinin daxili və xarici siyasətinə diqqətlə baxanda, Prezident İlham Əliyevin “Biz azərbaycançılığı ideoloji sütun kimi görürük” sözlərinin keçici bir bəyanat olmadığını, real dövlət idarəçiliyinin fəlsəfi dayağına çevrildiyini açıq-aydın görürük: “Azərbaycançılıq – xəlqi birliyin ideoloji dayağıdır. Azərbaycançılıq anlayışı coğrafiya ilə məhdudlaşmır və necə deyərlər, sadəcə bir pasport qeydindən ibarət deyil. Bu ideya – çoxmillətli, çoxkonfessiyalı, fərqli mədəni qatların, birgəyaşayış ənənəsinin üzərində qurulmuş vahid, möhkəm milli kimlik aktıdır. Bu kimlikdə

Bakının çoxəsrlik tolerantlıq nəfəsi,

Qarabağın Zəfər nəğməsi,

Gəncənin ruhani dərinliyi, üfüqü genişliyi,

Naxçıvanın təmkinli dirənişi,

Şirvanın incəsənət zövqü,

Tovuzun dövlətcanlılığı,

Qubanın etnozənginliyi,

Şəkinin sözün hər mənasında şirinliyi,

Lənkəranın qonaqpərvərliyi…

var. Həmçinin “Vətənin qıraqda qalan yerləri”ni unutmamaq, mədəniyyət coğrafiyamızın 86,6 min kvadratkilometrdən dəfələrlə böyük olduğunu bilmək də azərbaycançılığın tərkib hissəsidir.

Prezident İlham Əliyevin azərbaycançılığı “ideoloji sütun” adlandırması, əslində, xalqın dövlətçilik, birlik fəlsəfəsinin gücləndirilməsi deməkdir.

44 günlük şanlı savaş – sözügedən ideyanın döyüş meydanındakı imtahanı və təntənəsiydi!

2020-ci ilin Vətən Savaşı və 2023-cü ilin antiterror əməliyyatı, eləcə də, “Böyük Qayıdış” azərbaycançılığın kağız üzərində yazılmış açıqlaması deyil, cəmiyyətin damarlarında axan və öz canlılığını gerçək yaşamda parlaq şəkildə göstərən enerji olduğunu sübut etdi. Cəbhə xəttində yan-yana döyüşənlərin arasında talış, ləzgi, tat, avar, kürd və digər mənşəli gənclər vardı. Eyni səngərdə, eyni məqsəd uğrunda savaşan bu insanlar, əslində, “Azərbaycançılıq” adlı böyük ordunun əsgərləriydi. Bu birlik düşmənə qarşı silah, dünyaya qarşı isə ismarıc oldu: Azərbaycanın gücü onun parçalanmaz kimliyindədir! Həmin bu birlik indi mülki quruculuqda, azadlıqdan abadlığa, işğal izlərinin silinməsindən xoşbəxt həyatın quruculuq yoluna keçidlə davam və inkişaf edir. Daxildə milli həmrəylik, xaricdə milli mövqe - bax, bu ideya təkcə daxili siyasətdə milli birliyi möhkəmləndirmir, həm də xarici siyasətdə ölkənin özünüifadə formasına çevrilir. Prezident İlham Əliyevin beynəlxalq tribunalarda dediyi hər sözün arxasında azərbaycançılıq məntiqi dayanır: milli maraqların qorunması, müstəqil qərarvermə, tarixi ədalətin bərpası, gələcək nəsillərə güclü dövlət miras qoymaq!

Azərbaycançılıq, artıq yalnız tarixi dəyər və ya emosional çağırış deyil, dövlətin uzunmüddətli inkişaf strategiyasının mərkəzində dayanan siyasi-ideoloji xətdir. İqtisadi islahatlardan mədəniyyət layihələrinə, diaspor siyasətindən enerji diplomatiyasına qədər bütün yönlərdə bu ruhun izlərini görmək mümkündür. Sonda demək olar, Azərbaycançılıq bu gün həm Vətən Savaşında qazanılmış Zəfərin qürurunu, həm də müstəqilliyin sabahına daşınan dövlətçilik əzmini təcəssüm etdirir. Bu ideya xalqın ruh köküdür, müstəqil dövlətçiliyin isə işıq sütunu. İlham Əliyevin liderliyində bu sütun getdikcə daha da ucalır.

Dövlətimiz zaval görməsin!”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
5
baki-xeber.com

1Mənbələr