AZ

İran Vaşinqton razılaşmasının qisasını Naxçıvan sürücülərindən alır...


Bəhruz Quliyev: “Naxçıvan sürücülərinə qarşı atılan bu qisasçı addımlar həm beynəlxalq hüquqa, həm də qonşuluq münasibətlərinə ziddir”

“Azad İran" Teleqram kanalının yaydığı məlumata görə, İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib.

Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxırlırlar.

"Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlərlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar", - deyə, sürücülərdən biri bildirib.

Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara, "xoşunuza gəlmirsə, gedin "Tramp marşrutu"ndan istifadə edin" deyirlər.

Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında "Tramp marşrutu"nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ şirkətinin nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.

“Azərbaycan dövləti və xalqı belə təzyiqlər qarşısında heç vaxt geri çəkilməyəcək”

İranın bu davranışına münasibət bildirən “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə “Vaşinqton razılaşmasından sonra İran molla rejiminin azərbaycanlı sürücülərə qarşı nümayiş etdirdiyi təzyiqlər və təhqiramiz davranışlar bir daha göstərir ki, bu rejim regiondakı hər hansı sülh təşəbbüsünü qəbul etmək iqtidarında deyil." “Gedin Tramp yolundan keçin" kimi ifadələr, əslində, İranın diplomatiya mədəniyyətindən uzaq, küçə üslubunu dövlət siyasəti səviyyəsinə qaldırmasının bariz nümunəsidir"-deyə bildirdi.

B.Quliyev təəssüflə qeyd edti ki, mollakratiya (molla rejimi) Vaşinqton razılaşmasının əsl mahiyyətini anlamır: “Bu sənəd Cənubi Qafqazda sabitlik və qarşılıqlı əməkdaşlıq üçün tarixi bir şansdır və region ölkələri yalnız bundan bəhrələnə bilər. Ancaq Tehran bunu Azərbaycanla münasibətlərin inkişafı üçün fürsət kimi görmək əvəzinə, öz köhnə revanşist düşüncələrinin bəhanəsinə çevirir. Maraqlıdır ki, İranın yeni prezidenti Məsud Pezeşkian mövqeyində daha praqmatik və müsbət mesajlar versə də, onun təşəbbüsləri molla rejiminin sərt, köhnəçi dairələri tərəfindən bloklanır. Bu isə göstərir ki, Tehranda real siyasi qərarlar hələ də köhnə qapalı klanların əlindədir. Prezidentin mövqeyi heç nəyi həll etmir.

Azərbaycan dövləti və xalqı belə təzyiqlər qarşısında heç vaxt geri çəkilməyəcək. Naxçıvan sürücülərinə qarşı atılan bu qisasçı addımlar həm beynəlxalq hüquqa, həm də qonşuluq münasibətlərinə ziddir. İran rəhbərliyi unutmamalıdır ki, Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar artıq geri dönüşü olmayan bir mərhələyə qədəm qoyub və bu proses qarşısında dayanan hər kəs tarixin səhifələrində məğlub kimi qalacaq. Rəsmi İran düşünməlidir ki, regionda mənzərə dəyişib. Azərbaycanla həm qonşu, həm də eyni kökənli millət kimi dost, qardaş münasibəti qurmaqla böyük dividend əldə edə bilər”.

İradə SARIYEVA

Seçilən
15
baki-xeber.com

1Mənbələr