AZ

Tünzalə Abduləlimova: “Şəhid oğlum indi yaxşı yerdədir” - Miqdad Abduləlimovun anası oğlunun xatirəsini yaşadır...


“5 yaşı olanda şəhadət barmağını qaldırıb bacısına “Qarabağı mən alacağam” demişdi”

On səkkiz bahar, on səkkiz yay yaşadı, on səkkiz qış, on səkkiz payız gördü. Ömrünün fidan çağında Vətən torpağının bir parçasına çevrildi, mübhəm duyğusunu, çılğın sevgisini bəlkə də sevdiyi qıza aça bilmədi, qəlbini lalələrə, bənövşələrə açdı...

44 günlük Vətən savaşı başlayanda 18 yaşlı Miqdad Faiq oğlu Abduləlimov 5 ayın əsgəri idi.

İki bacının tək qardaşı idi Miqdad, anasının gözləri yolda, atasının qulaqları səsdə idi ki, o, nə vaxt əsgərliyini çəkib sağ-salamat evə qayıdacaq, təhsilini davam etdirəcək, arzularının ardınca at çapacaq, ailə quracaq, oğul-uşaq sahibi olacaq. Hər bir valideyinin arzusudur bu. Abduləlimovlar ailəsinin yeganə oğulları ilə bağlı arzuları bitib-tükənməzdi. Amma Miqdad özü heç vaxt arzularını danışmağı sevməzdi. Bəlkə də şəhid olacağı, canını Vətəninə qurban verəcəyi əvvəlcədən ona əyan olubmuş deyə, arzularından danışmaq istəmirmiş ki, bir gün yoxluğunda o nakam arzular ata-anasına dərd olmasın, onsuz da onun itkisi ailəsinə ən böyük dərd olacaqdı.

Hansısa sirri-xudadır bilmirəm, bütün şəhidlərin taleyi, qisməti bir-birinə bənzəyir, sanki onlar bir-birinin ürəyindən su içiblər. Hamısı vətənpərvər, hamısı cəsur, hamısı qorxmaz, bayrağı, torpağı canından, sevdiklərindən, gözləri yollarda qalanlarından çox istəyiblər. Miqdad üçün də Vətən sevgisi hər şeydən üstün olub...

Miqdad Faiq oğlu Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda dünyaya göz açıb, orta məktəbi bitirdikdən sonra 2019-cu ildə Baki Dövlət İqtisad Kollecinə qəbul olub. 4 aprel 2020-ci ildə hərbi xidmətə çağrılıb və buna görə də təhsilini donduraraq 4 may 2020-ci ildə hərbi xidmətə gedib.

Azərbaycan Ordusunun əsgəri olan Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Vətən uğrunda", Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlikvə şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Laçının azad olunmasına görə" medalı, Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

“Allah -Təala onu şəhidlik zirvəsi ilə mükafatlandırıb”

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Miqdad Abduləlimov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Tale elə gətirib ki, Miqdadın anası Tünzalə Abduləlimova ilə əvvəl də görüşmüşük. Lakin Miqdaddan yazmaq bu dəfəyə nəsib oldu.

Əvvəlcə onu deyim ki, oğlunun şəhadətə yüksəlməsindən sonra Tünzalə ana "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təsis edib və hazırda şəhid ailələrinin sosial problemlərinin həlli ilə yaxından məşğuldur.

Oğlu ilə fəxr edən ana deyir ki, Allah onu şəhidliklə mükafatlandırdı: “Miqdad indi yaxşı yerdədir. Allah -Təala onu şəhidlik zirvəsi ilə mükafatlandırıb. Oğlumdan nigaran deyiləm".

“Oğlum şəhid olanda 18 yaşı vardı, 5 ayın əsgəri idi. Fəxrimdir, baş ucalığımdır. Mən ona şəhid olmağı arzulamışdım, Allah-Təlşala ona şəhidlik qismət elədi, peşiman da deyiləm, qeyrətimizi təmizləyiblər. Sakit təbiətli olsa da həmişə sözünü deyən uşaq olub. Ağıllı, qeyrətli uşaq idi, hər şeyin yerini bilirdi. Çox danışmağı sevməzdi, bir söz deyərdi o sözlə bütün söhbətlərə nöqtə qoyardı.

5 yaşı olanda şəhadət barmağını qaldırıb bacısına “Qarabağı mən alacağam” demişdi. Miqdadla bağlı arzulara gəlincə, nədənsə heç arzu qurmağı xoşlamamışam. Elə bilirdim heç nə olmayacaq, mən bu uşağın nə toyunu görəcəyəm, nə də başqa şeyini. Həmişə “qismət” deyirdim. Heç vaxt arzularla yaşamamışam. Özü istəyirdi şəhid olmağı şəhid də oldu...Qızlardan üç il sonra doğulub, üçüncü uşaq idi. Uşaq vaxtından Qarabağ haqqında, Xocalı faciəsi barədə maraqlanardı. Əsgər gedəndə avtobusda “mən şəhid olacağam, qayıtmayacağam”-demişdi. O əsgər gedəndən sonra evdən böyük bayraq asdım, sonra yanına gedəndə dedim ki, Miqdad, evdən böyük bir bayraq asmışam. Dedi ki, ay ana, nə yaxşı edib o bayrağı asmısan. Gedib uşaqlara demişdi ki, mənimkilər hazırdırlar mən şəhid olacağam. Dostlarının danışdığına görə, çox igid, mərd, həqiqətən də sözünü deyən bir uşaq idi...həm də çox ailəcanlı idi. Heç vaxt demirdi ki, nəçi olmaq istəyir, hansı arzularla yaşayır. Bircə həmişə onu deyirdi ki, mən Mübarizin postuna çıxmaq istəyirəm...Elə o istiqamətdə şəhid olub”.

İndi ananın təsəllisi yaratdığı təşkilatla şəhid ailələrinə, qazilərə dəstək göstərmikdir. Ana deyir ki, Miqdad şəhid olandan sonra həyat yoldaşı ilə birgə “Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təsis ediblər: “Şəhid ailələrinə yanında olmağa çalışırıq, onlara təmənnasız olaraq qulluq edirik. Oğlumuz şəhid olandan sonra dövlətin bizə verdiyi vəsaiti bu yolda xərcləmişik. Hər ailə şəhid övladının xatirəsini bir cürə yaşadır, biz də belə yaşadırıq. Dünyada heç kəs “rəhmətdən” başqa heç nə qoyub getməyib. İstəyirik o dünyada oğlumuz bizə əlini uzadanda ürəklə uzatsın. Çalışırıq ki, birini Allaha, ikincisi də ona layiq yaşayaq...”

Ailəsi Miqdadı yaşatmaq, onun xatirəsini şad etmək üçün xeyirli işlərlə məşğul olur, canını Vətən yolunda qoyan insanlara, onların ailələrinə dayaq durur. Dünyada hər kəsdən yaxşı ad qalır təbii. Tünzalə ana da çalışır ki, hər yerdə şəhid ailələrinə, qazilərə dəstək olsun, olur da, insanlara imkanı dərəcəsində yardımlar edir.

Əlbəttə, şəhid olan yeganə oğullarının itkisi ürəklərini ağrıdır, amma onun Vətən yolunda canını fəda etməsi ilə fəxr edirlər. Miqdad kimi oğullar bu xalqın cəsarət, düşmənə dirəniş simvoludur. Bayrağımız, torpağımız, Vətənimiz qədər əzizdir şəhidlərimiz...

İradə SARIYEVA
Quba-Bakı

Seçilən
2
baki-xeber.com

1Mənbələr