Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib. Telekanalın saytında dövlət başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.
Müsahibədə toxunulan əsas məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı olub. Materialda vurğulanıb ki, Azərbaycan prezidenti Zəngəzur dəhlizi və ya TRIPP ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu, yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq. Belə bir vaxtda dəhlizin Ermənistan tərəfində də tamamlanması üçün praktiki işlərə start verilir. İranda səfərdə olan Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan IRNA agentliyinə müsahibəsində bildirib ki, Ermənistan Tramp marşrutu layihəsi üçün Birləşmiş Ştatların iştirakı ilə şirkət qeydiyyatdan keçirməyi planlaşdırır: “Ermənistanda səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək şirkətin qeydiyyata alınması planlaşdırılır, lakin bu, Birləşmiş Ştatların regionda təhlükəsizlik sferasında iştirakı demək deyil. Bu, İran tərəfini narahat edən əsas məsələlərdən biri idi və hesab edirəm ki, o, aradan qaldırılıb. Mən bura bir mesajla gəlmişəm: Ermənistan İranın mülahizələrini diqqətə alıb və “Tramp yolu” kimi tanınan nəqliyyat bağlantısı layihəsi üzrə ilkin danışıqlarda bu həssas məqamlar nəzərə alınıb”. Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi də Vaan Kostanyanı qəbul edib. Kostanyan bir daha deyib ki, İrəvan İranın həyati əhəmiyyətli maraqlarını nəzərə alır. O bildirib ki, regionda iqtisadi infrastrukturun açılması ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində baş verəcək. Kostanyan İranın digər rəsmiləri, o cümlədən beynəlxalq məsələlər üzrə müşavir Əli Əkbər Vilayəti ilə də görüşüb. Vilayəti Vaşinqton sammitindən sonra demişdi ki, İran Qafqazda Amerika dəhlizinin inşasının qarşısını alacaq. Amma indi İranın özündə də Zəngəzur dəhlizinə qarşı çıxanlar tədricən azlıq təşkil etməyə başlayır. Buna ABŞ-ın da yanaşması təsirsiz ötüşmür. Elə bu günlərdə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs Tramp marşrutuna qarşı çıxanlara xəbərdarlıq edib: “Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz, yaxud edə bilməyəcəyimiz barədə ehtimallar irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu saziş onun üçün vacibdir”.
Belə bir vaxtda daha bir maraqlı açıqlama Rusiya baş nazirinin müavini Aleksey Overçukdan gəlib. O qeyd edib ki, İrəvan Zəngəzur dəhlizinin yaradılmasını zəruri hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir. Ermənistanın baş naziri Nikol Paşinyan isə bəyan edir ki, Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya son dərəcə nəzərəçarpan faydalar gətirəcək: “Bu saziş həyata keçirildikdən sonra İran Fars körfəzindən Qara dənizə qədər dəmiryol infrastrukturuna çıxış əldə edəcək. Rusiya və İran arasında dəmir yolu əlaqəsinin qurulması mümkün olacaq”. Onun sözlərinə görə, bu sazişin iqtisadi tərəfinə diqqət yetirsək, təkcə Azərbaycan, Ermənistan, ABŞ və Türkiyə deyil, həm də Rusiya və İran çox mühüm və əhəmiyyətli, faktiki olaraq misilsiz faydalar əldə edəcək: “Buna görə də bu sazişi bütün ölkələrə, eləcə də bütün beynəlxalq ictimaiyyətə əhəmiyyətli fayda gətirə biləcək çox mühüm sənəd hesab edirəm”. Bunlar fonunda Milli Məclisin deputatı Vüqar Bayramov diqqəti ona yönəldir ki, indi Donald Tramp Zəngəzur dəhlizinin qarantı rolunda çıxış edir. Onun sözlərinə görə, ötən həftə Vaşinqtonda keçirilmiş üçtərəfli görüş yalnız Azərbaycan deyil, bütövlükdə region üçün tarixi əhəmiyyətə malikdir: “Azərbaycan-ABŞ münasibətləri siyasi və strateji əməkdaşlıqla yanaşı, enerji, ticarət və tranzit məsələlərinin daxil olduğu regional kommunikasiya, süni intellekt və rəqəmsal infrastrukturun yer aldığı iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. Görüş çərçivəsində yaradılması razılaşdırılan Strateji İşçi Qrup regional kommunikasiyalar üzrə infrastrukturun təkmilləşdirilməsi və enerji sahəsində sərmayələrin artırılması, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq”. Deputatın fikrincə, ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq: “Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı məqsədlərə nail olunmasına təkan verəcək. Bu kontekstdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Amerika texnologiyasının və sərmayəsinin ölkəmizə axınının başlayacağını, ABŞ-nin buradakı iqtisadi fəallığının artacağını söyləməyə əsas verir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi təsbit olunub. Bu, Zəngəzur dəhlizinin reallaşması deməkdir. Vaşinqtonda, həmçinin, Zəngəzur dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında müvafiq sazişin imzalanması prezident Trampın Zəngəzur dəhlizinin qarantı rolunda çıxış etdiyini göstərir”.
Nahid SALAYEV