Böyük Britaniya mediası Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılşamanı geniş şəkildə işıqlandırmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, “Express.co.uk” yazır ki, Tramp “heç kimin mümkün hesab etmədiyi” bir sülh razılaşmasına nail olub və bununla diplomatiyada yeni bir mərhələ açıla bilər. Nəşrin məlumatına görə, bir neçə gün əvvəl Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 1988-ci ildən bəri davam edən münaqişəyə son qoyacaq sazişi paraflayıblar. Xəbərdə Prezident İlham Əliyevin bu sözləri sitat gətirilib: “Əgər Prezident Tramp, onun komandası və dostumuz, xüsusi nümayəndə Stiv Vitkoff olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan hələ də sonsuz danışıqlar prosesində qalardı”.
Nəşr, həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun açıqlamalarına yer verib. Səfir, D. Trampın prosesdə mühüm rol oynadığını, tərəfləri bir araya gətirmək, danışıqları irəli aparmaq və siyasi dəstəyi təmin etmək istiqamətində önəmli təşəbbüslər göstərdiyini vurğulayıb. O, D. Trampın sülhə səmimi bağlılığının və diplomatik fəallığının danılmaz olduğunu qeyd edib. “GB News” isə səfir Süleymanovun iki ölkə arasında əldə olunan razılaşmanı tarixi məqam kimi qiymətləndirdiyini yazıb. Səfir bildirib ki, sənəd hələ imzalanmasa da, onun paraflanması üç onillikdən artıq davam edən postsovet münaqişə irsini arxada qoymaq üçün mühüm addımdır. Onun sözlərinə görə, Tramp administrasiyasının səmimi səyləri tərəflərin bir masa ətrafına toplaşmasına imkan verib və 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bu prosesin uğurla nəticələnməsinin əsas amillərindən biri olub.
Britaniya mediasının materiallarında qeyd edilib ki, bu razılaşma regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.