AZ

Bir vaxtlar dünyaya pambıq satan Özbəkistan... ABŞ-dan pambıq alacaq


Özbəkistan ABŞ-dan yüksək keyfiyyətli pambıq almağı planlaşdırır.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə respublikanın İnvestisiya və Sənaye Nazirliyi məlumat yayıb.

İnvestisiya və Sənaye Nazirliyinin xarici ticarət departamentinin rəhbəri İnomjon Abdurahmanovun sözlərinə görə, ölkə Özbəkistan tekstilinin dünya bazarlarında mövqeyini yaxşılaşdırmaq niyyətindədir və yerli fermerləri sıxışdırmayacaq.

“Bütün yerli pambıqların artıq zavodlarda emal olunmasına baxmayaraq, müəssisələrin əlavə ehtiyat gücü var. Zavodlardan orta istifadə hazırda cəmi 75% təşkil edir. Bu o deməkdir ki, sənayenin istifadə olunmamış potensial ehtiyatı var və onu əlavə xammalla doldurmaq olar”, - deyə Abdurahmanov qeyd edib.

Bildirilir ki, yüksək keyfiyyətli Amerika pambığı beynəlxalq keyfiyyət standartları və sertifikat tələb edən istehsal müəssisələrinə göndəriləcək.

Bundan əlavə, “Levi's”, “Ralph Lauren”, “PVH”, “Puma”, “Gap”, “Tesco” və başqa əsas brendlər kolleksiyaların bir hissəsinin sertifikatlı pambıqdan hazırlanmasını tələb edir.

Abdurahmanov vurğulayıb ki, Amerika pambığı ABŞ Kənd Təsərrüfatı Departamentinin kredit zəmanəti və 18 aya qədər ödəniş təxirə salınmasını nəzərdə tutan GSM-102 proqramı çərçivəsində tədarük ediləcək.
Qeyd edək ki, vaxtilə Özbəkistan pambığı SSRİ-nin əksər tekstil fabriklərini mahlıcla təmin edirdi və pambıq xammalı dünya ölkələrinə ixrac edilirdi.

 


Seçilən
21
1
nuh.az

2Mənbələr