Sea Breeze

Alyaskada keçirilən ABŞ və Rusiya liderlərinin sammiti çərçivəsində Prezident Vladimir Putin və Prezident Donald Trampın birgə mətbuat konfransı başlayıb. Görüşün məkanı barədə danışan Putin bildirib ki, “Alyaskada görüşmək məntiqlidir, çünki bu yer Rusiya ilə ABŞ arasındakı ortaq tarixin bir hissəsini təmsil edir”. O, danışıqların “çox əhatəli və faydalı” keçdiyini vurğulayıb. Putinin sözlərinə görə, iki ölkə “yaxın qonşudur” və aralarındakı məsafə cəmi 4 kilometrdir. Rusiya lideri Alyaskada hələ də “rus Amerikası”na aid böyük mədəni irsin mövcud olduğunu qeyd edib.

Redaksiya xəbər verir ki, Putin son 4 ildən çoxdur Rusiya-ABŞ zirvə görüşlərinin keçirilmədiyini, münasibətlərin Soyuq müharibədən bəri ən aşağı səviyyəyə enməsini xüsusi vurğulayıb. O, Tramp ilə “çox yaxşı, birbaşa əlaqələr” qurduğunu, ABŞ liderinin Ukrayna münaqişəsini həll etmək istəyini gördüyünü bildirib. Putinin sözlərinə görə, əldə olunan qarşılıqlı anlayış Ukraynada sülhə yol aça bilər. Rusiya “bütün böhran səbəblərinin aradan qaldırılmasının” və “Ukraynanın təhlükəsizliyinin təmin olunmasının” tərəfdarıdır. O, həmçinin yeni administrasiya dövründə Rusiya-ABŞ ticarət dövriyyəsinin artıq 20% artdığını açıqlayıb.

Putin bugünkü razılaşmaların yalnız Ukrayna böhranının həlli deyil, həm də Moskva və Vaşinqton arasında münasibətlərin bərpası üçün başlanğıc nöqtəsi olacağına ümid etdiyini söyləyib. Rusiya lideri “Kiyevin nəzərdə tutulan irəliləyişə mane olmamasına” ümidvar olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi də Tramp və Putinin danışıqlarını “mükəmməl” adlandırıb.

Tramp isə mətbuata açıqlamasında görüşü “çox məhsuldar” adlandırsa da, “təəssüf ki, hələ razılaşma yoxdur” deyib. O, Putinlə “mükəmməl münasibətləri” olduğunu vurğulayıb, Zelenskiyə, NATO-ya və digər tərəflərə görüşün nəticələrini çatdıracağını bildirib. Tramp, həmçinin gələcəkdə Moskvaya səfər edə biləcəyini istisna etməyib və Putinin növbəti görüşü Moskvada keçirmə təklifinə müsbət yanaşdığını qeyd edib. ABŞ lideri Putin və onun komandasına danışıqlara görə təşəkkür edib.

Sevinc Kərimova

ETX
ETX
ETX