AZ

Reklamı da azalıb, satışı da: Qənaətcil, sağlam, daha ucuz avtomobillər

Elektromobillərlə bağlı mövcud durum bəzi suallar yaradır. Həm təbliğatda, həm də satışda müəyyən durğunluq müşahidə edilir. Bəziləri artıq elektromobil mifinin sona çatdığı qənaətindədir. Ancaq mütəxəssislər belə düşünmürlər.

Bir zamanlar elektrikli avtomobillər geniş təbliğ olunurdu. Avtomobil şirkətləri cəmiyyətin tanınmış simalarını reklam əməkdaşlığına cəlb edib, onların vasitəsilə bu avtomobilləri təriflədirdilər. Amma son dövrlərdə bu təbliğat səngiyib. Hətta tez-tez elektrikli avtomobillərdən şikayətlər eşidirik. Bu hansı anlama gəlir? Artıq elektromobil eyforiyasının başa çatdığını düşünmək olarmı?

“Bunlar şişirdilmiş rəqəmlərdir”

Tanınmış texnobloqer Fərid Pərdəşünas da elektromobil istifadəçisidir. Onun sözlərinə görə, elektromobillərlə bağlı real problemlər mövcuddur: “Elektromobillərlə bağlı həm mənfi, həm müsbət cəhətdən informasiya çirkliliyi mövcuddur. Bəzi insanlar mənfi tərəfləri, bəziləri isə müsbət tərəfləri çox qabardır. Güzəştlərin olması insanlarda elektromobilə maraq yaratdı. Çünki qiymətləri münasibdir. Avtomobil brendləri maşını satanda onun getdiyi məsafəni vurğulayırlar. Tam dolu enerji ilə 500-700 km məsafə qət etmək olur. Amma bunlar şişirdilmiş rəqəmlərdir. Belə testlər avtomobilin ən ideal hava şəraitində bütün funksiyaları sönülü vəziyyətdə həyata keçirilir. Elektromobil istifadəçiləri o rəqəmləri il ərzində maksimum üç ya dörd dəfə görə bilər. Bu da istifadədən asılıdır. Mən 500 km məsafə qət edən elektromobil istifadəçisiyəm, amma onun mənə şəhər içində təqdim etdiyi performans 300-350 km-dir. Çin avtomobillərində isə bu rəqəmlər daha da aşağıdır. Elektromobildə əsas diqqət etməli olduğunuz məsələ sərfiyyatdır. Yəni avtomobiliniz 100 km məsafəyə nə qədər enerji sərf edir”.

F.Pərdəşünasın fikrincə, rayonlara tez-tez səfər edirsinizsə, maşınınız elektromobildirsə, problemlərlə üzləşə bilərsiniz.

“Stansiyalarda enerji üç dəfə baha satılır”

F.Pərdəşünas elektromobil almaq istəyənlərə məsləhətlərini də verdi: “Şəhər daxilində diqqət etməlisiniz ki, sizin iş yerinizdə, evinizdə enerji stansiyası varmı? Əks halda stansiyaya getdikdə bir saatdan da artıq müddət enerji doldurmaq üçün gözləyəcəksiniz. Əgər şarj stansiyanız yoxdursa, hər hansı məntəqədə doldurmaq sizin büdcənizə də ziyandır. Çünki sürətli enerji stansiyalarında enerji üç dəfə baha satılır. Əgər öz şarj stansiyanız olarsa, bu zaman digər avtomobillərlə müqayisədə qənaət etmiş olarsınız”.

“Narazılıqlar daha çox infrastrukturla bağlıdır”

Aparıcı, avtomobil bloqeri İlkin Həsəni isə deyir ki, problemlərə baxmayaraq, elektromobillərin müsbət cəhətləri çoxdur. İlk növbədə sükut, rahat sürüş və qənaətcil istismar xərcləri vurğulanmalıdır: “Bir ilə yaxındır elektromobil sürürəm və ən çox qiymətləndirdiyim şeylərdən biri benzin növbəsində vaxt itirməməyimdir. Həm də servisə getmək demək olar ki, unudulub. Yağ, filtr dəyişmək kimi ehtiyaclarım yoxdur. Amma elektromobillərdən narazılıq edənlər də var və bu, normaldır. Çünki bu, hələ formalaşmaqda olan bir sahədir. Ən çox eşitdiyim narazılıq qışda batareyanın tez boşalması, yükləmə stansiyalarının sayının az olması və bəzən gecikmələrlə dolmasıdır. Amma yeni modellər, xüsusilə istilik pompası olan avtomobillər bu problemi demək olar ki, aradan qaldırır. Narazılıqlar daha çox infrastrukturla bağlıdır, avtomobillə yox. Hesab edirəm ki, dövlət və özəl sektor birgə işləsə, bu problemlər 2-3 il içində xeyli dərəcədə aradan qalxacaq”.

Seçilən
42
3
publika.az

6Mənbələr