AZ

15-17 yaşlılarda abort halları çoxalır - qorxunc proses...


Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb. “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsinə görə, 2024-cü ildə ölkədə 78 245 abort qeydə alınıb.

Onlardan 72-si 15-17 yaş, 2 751-i isə 15-19 yaş qrupuna aiddir. Yeniyetmələr arasında abort sayı ötən illərlə müqayisədə artıb.

Fatimə Hacıbəyli: “Yeniyetmələr arasında abortun artması təhlükəli vəziyyətin yaxınlaşmasından xəbər verir”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erkən yaşlı qızların hamilə qalması narahatlıq doğurur: “Nəzarətsiz qalan uşaqların sayı çoxdur. Baxmayaraq ki, onların valideynləri var, amma nəzarətsizlik sonda belə sonluqlarla nəticələnir. Həmin uşaqlar kifayət qədər sərbəst davranışa malik olur və onları idarə etmək çətindir. Biz nə qədər milli mentalitetdən danışsaq da, müasir dünyanın müasir davranışları var. Uşaqlar daha sərbəst, daha rahat və seksual azadlığa üstünlük verirlər. Təbii ki, təcrübəsizlik, eyni zamanda nəzarətsizlik, ailədə zorakılıq halları buna təsir göstərir. Yeniyetmələr arasında abortların artması Azərbaycanda cinsi tərbiyənin, cinsi maarifləndirmənin zəif olduğunun göstəricisidir. Mövcud vəziyyətdən çıxış yolu 7-8-ci sinifdən etibarən sırf cinsi tərbiyə mövzusunda dərslərin keçirilməsidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, yeniyetmələr arasında abortun artmasının səbəbləri arasında erkən nikah faktı az deyil: “Bu mövzu ilə bağlı nə qədər mübarizə aparılsa da, bəzi valideynlər hələ də övladını erkən yaşda ərə verir. 15-17 yaşlı qızın orqanizmi hamiləliyə hazır olmadığı üçün problemlər yaşanır və nəticə statistik rəqəmlərin artmasına təsir edir.

Ümumiyyətlə, yeniyetmələr arasında abortun artması təhlükəli vəziyyətin yaxınlaşmasından xəbər verir. Statistik rəqəmlər ildən-ilə artır. Bu isə milli-mənəvi dəyərlərin məhv olması, açıq cinsi münasibətlərin artmasından xəbər verir. Bunun səbəbi isə sosial şəbəkə, xüsusilə TikTok platformasıdır. TikTok ölkəni, dəyərləri məhvə aparır”.

Pərvanə Mustafayeva: “15-17 yaşda abortlar gələcəkdə hamiləliyə problem yarada bilər”

Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeniyetmə yaşlarında - 15-18 yaş aralığında abortların artması vəziyyətin ciddiliyindən xəbər verir: “Erkən yaşda aparılan abortlar müxtəlif ciddi fəsadlara yol açır. Bunlar arasında uşaqlığın və boruların iltihabları, cinsiyyət orqanlarının infeksiyaya qarşı həssaslığının artması, gələcəkdə ikincili sonsuzluq risqi, təkrarlanan pozulmuş hamiləliklər, hətta ölü dölün doğulması halları da müşahidə edilə bilər. Yeniyetmə orqanizmində cinsi inkişaf prosesi davam etdiyi üçün, abortdan sonra travma, qorxu və emosional stress də uzunmüddətli fəsadlara səbəb ola bilər. Bununla yanaşı, abortlar zamanı infeksion yoluxma və qanaxma baş verə bilər. Abortarın ən böyük təhlükəsi sonsuzluğa səbəb olmasıdır. 15-17 yaşda abortlar da gələcəkdə hamiləliyə problem yarada bilər. Abort zamanı uşaqlıq boynunun zədələnməsi gələcəkdə düşüklərə gətirib çıxara bilər".

Günel CƏLİLOVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr