AZ

NDU-nun Enactus komandası  “2025-ci il Enactus Azərbaycan Milli Yarışı”nda II yerin sahibi olub

Naxçıvan Dövlət Universitetinin (NDU) Enactus komandası “2025-ci il Enactus Azərbaycan Milli Yarışı”nda uğurla iştirak edib. Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, avqustun 12-də onlayn formatda keçirilən yarımfinal mərhələsində hakimlərin qiymətləndirilməsi nəticəsində komanda ən yüksək bal toplayaraq  24 komanda arasında final mərhələsinə vəsiqə qazanan altı komandadan biri olub. Avqustun 15-də isə Bakı Konqres Mərkəzində baş tutan final mərhələsində yekunda II yerə layiq görülüb.

Qeyd edək ki, bu il NDU-nun Enactus komandası iki innovativ layihə– IMYEN və EDUCE ilə yarışa qatılıb. Hər iki layihə uğurlu nəticələr göstərib, effektiv təsir yaradıb və böyük maraqla qarşılanıb. Layihələr BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin bir çoxunu özündə ehtiva edib. Həmçinin, komanda bu günədək 5 dəfə milli çempionatın qalibi olub və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edib.  Belə ki, 2010-cu ildə ABŞ-nin Kaliforniya ştatında, 2011-ci ildə Malaziyanın Kuala Lumpur şəhərində keçirilən SIFE dünya çempionatında, 2014-cü ildə isə Çin Xalq Respublikasında keçirilən dünya çempionatında iştirak edib. 2023-cü ildə Niderlandın Utrext şəhərində baş tutan dünya çempionatında  və 2024-cü ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən dünya çempionatında isə ölkəmizi layiqincə təmsil edib. 

Xatırladaq ki, “2025-ci il Enactus Azərbaycan Milli Yarışı” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilib. 

 

Seçilən
68
12
xalqqazeti.az

10Mənbələr