AZ

Azercell və Bakcell eyni vaxtda eyni tarifləri tətbiq edir: Rəqabət yox, monopoliya var...

Azercell və Bakcell-in eyni gündə, eyni məzmun və eyni qiymətlə tariflər tətbiq etməsi, Azərbaycanda mobil rabitə bazarında rəqabətin formal xarakter daşıdığını və operatorlar arasında koordinasiyalı qərarların qəbul edildiyini göstərir...

Müəllif: İlkin Məmmədkərimov

Azərbaycanın iki böyük mobil operatoru, Azercell və Bakcell bu gündən etibarən eyni vaxtda, eyni şərtlərlə yeni "Digimax" və "GO" adlı tarif paketləri istifadəyə verib. Tariflərin dəqiqələri, internet trafiki, qiymətləri və hətta müddətləri bir-birinin tam surətidir.

İctimai müşahidələrə görə, bu vəziyyət təsadüf kimi izah oluna bilməz. Eyni tarixdə, eyni məzmun və qiymətlə paketlərin istifadəyə verilməsi, operatorlar arasında gizli sövdələşmə ehtimalını ciddi şəkildə gündəmə gətirir. Bu hal mobil rabitə bazarında monopoliyanın mövcudluğunun açıq göstəricisidir.

Həm Azercell, həm də Bakcell yeni tariflərdə “aylıq” anlayışını dəyişdirərək 30 gün əvəzinə 28 günlük müddət müəyyən edib. Bu, istifadəçilərin hər il daha çox pul ödəməsi deməkdir. Paketlərin məzmunu dəyişməsə də, müddətin azaldılması ictimai narazılığı artırıb.

Məlumata görə, yeni tariflər tətbiq olunmazdan əvvəl Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyi ilə operatorlar arasında görüş keçirilib. Lakin bu görüş vətəndaş üçün sərfəli nəticə verməyib. Çünki hər iki operator eyni vaxtda eyni şərtlərlə yeni paketləri təqdim edib.

Azercell və Bakcell-in eyni gündə, eyni məzmun və eyni qiymətlə tariflər tətbiq etməsi, Azərbaycanda mobil rabitə bazarında rəqabətin formal xarakter daşıdığını və operatorlar arasında koordinasiyalı qərarların qəbul edildiyini göstərir. Bu isə həm istehlakçının maraqlarına ziddir, həm də bazarda monopolist yanaşmanın davam etdiyini ortaya qoyur.

Poliqon.info

Seçilən
55
poliqon.info

1Mənbələr