AZ

Akkan Suver: Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasında nəfəs rolunu oynayacaq  

Türkiyənin iqtisadi-siyasi məsələlər üzrə “Gözlem” qəzetində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suverin Vaşinqton Sammiti və Zəngəzur dəhlizinin yaradacağı perspektivlərlə bağlı məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın təxminən otuz ildən artıq bir müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarını haqqı ilə geri qaytardıqdan sonra başlatdığı sülh prosesindən bəhs edilir. “Bu, böyük uğurdur. Çünki qarşılıqlı atılan imzalar və buna şahid olan ABŞ Prezidenti bütün dünyanın gözü önündə qalıcı sülhə gedən yolun xəritəsini cızmış oldular. Mən bunu çox önəmli sayıram. Çünki sülhün başlanmasına səbəb olmaq insanlığın gələcəyi üçün bir ümiddir. Bu ümidi yaratmaq heç də asan deyildi. Lakin Prezident İlham Əliyev bunu bacardı. Əlbəttə, Nikol Paşinyanı da təbrik edirəm. O da bu uğurun əldə olunmasında pay sahibidir” - deyən professor Sülh Sazişinin ən vacib bəndlərindən biri olan Zəngəzur dəhlizinin yalnız bölgə üçün deyil, dünya baxımından da əhəmiyyətini vurğulayıb. O deyib: “Zəngəzur Türkiyə ilə Azərbaycan arasında nəfəs rolunu oynayacaq bir dəhlizdir. Eyni zamanda, Zəngəzur Orta Asiya və Uzaq Şərqdən Azərbaycan üzərindən Avropaya çıxış yolu yaradacaq. Bununla, Naxçıvan da nəfəs alacaq. Şübhəsiz ki, iqtisadi və sosial inkişaf da baş verəcək. Azərbaycanla Ermənistanın öz aralarında və öz torpaqlarında apardıqları bu razılaşmaya digər ölkələrin hörmət göstərməkdən başqa edəcəkləri heç nə yoxdur”.

Yazıda Türkiyənin xarici işlər naziri Hakan Fidanın məsələyə verdiyi dəyərləndirməyə də xüsusi yer ayrılıb. Bəzi qüvvələrin yeni dəhlizlə bağlı gərəksiz fikirlərinin olduğunun vurğulandığı məqalədə deyilir: “Bütün bunlarla yanaşı, Zəngəzur və ya yeni adı ilə “Trump Route for International Peace and Prosperity” (TRIPP) strateji dəhlizini yalnız iqtisadi və ticarət baxımından yolun qısalması kimi qiymətləndirmək heç də düzgün deyil. Çünki bu dəhliz Naxçıvanı Azərbaycana, daha da önəmlisi Türk dünyasını bir-biri ilə birləşdirəcək. Bu isə böyük, həm də çox böyük bir uğurdur. İndi bizə düşən bu uğuru gerçəkləşdirənləri alqışlamaq və təbrik etməkdir. Qalanı isə boş sözlərdir”.

Seçilən
40
4
azerbaijan-news.az

5Mənbələr