AZ

Tramp Zelenskini güzəştə məcbur edəcək – Ukraynalı ekspertdən ŞOK PROQNOZ

“Təəssüf ki, Donald Tramp bütün dünyanın gözü qarşısında refleksiv idarəetmə obyektinə çevrildi. Və onu başqası deyil, elə Vladimir Putin idarə etdi”.

Bu sözləri ABŞ və Rusiya prezidentlərinin Alyaskadakı görüşünü Globalinfo.az-a şərh edən Dünya Siyasəti İnstitutunun direktoru (Ukrayna), Ukrayna Milli Texniki Universitetinin dosenti Evgen Maqda deyib.

“Putin, vəziyyətin ağası olduğunu göstərdi. Tramp üçün ağrılı olan 2020-ci il seçkilərini xatırlatdı. Qeyd etdi ki, Tramp prezident olsaydı, müharibə başlamayacaqdı. Bəli, ictimai şəkildə razılığa gəlmədilər. Əgər nəsə əldə edilmişdisə də, bu, açıqlanmadı. Amma məndə belə bir fikir var ki, Putin Trampı inandıra bilib ki, məhz Ukrayna ümumi iqtisadi inkişafa və Rusiya ilə ABŞ arasında münasibətlərin inkişafına əngəl törədir. Və buna görə də düşünürəm ki, Donald Tramp ayın 18-də Vladimir Zelenskini güzəştə getməyə inandırmağa çalışacaq. Burada başqa bir mühüm məqam da var. Putin Zelenskini müstəqil dövlətin başçısı kimi qəbul etmir. Və Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi üçün o bu mövqeyini dəyişməyə hazırdır. Bu etik olmasa da, bu gün görünən məhz budur”.

Evgen Maqda

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyini elan edib.

Xatırladaq ki, avqustun 15-də axşam Ankoricdə (Alyaska) ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub. Danışıqların əsas mövzusu Rusiyanın Ukraynada hərbi əməliyyatlarını dayandırması olub. Trampın sözlərinə görə, görüş zamanı atəşkəslə bağlı razılığa gəlmək mümkün olmayıb və indi gələcək hadisələr Ukrayna Prezidenti Volodimir Zelenskidən asılıdır.

Seçilən
74
2
editor.az

3Mənbələr