AZ

Ramiz Yunus: Zelenski hər zaman Azərbaycan prezidentinin məsləhətini xatırlayacaq: “Heç vaxt işğalla barışma”

“ABŞ və Rusiya prezidentlərinin Alyaskadakı görüşü mənə qəribə şəkildə 1938-ci il sentyabrın 29-da keçirilmiş tarixi görüşü xatırlatdı. O vaxt Almaniyanın reyxskansleri Adolf Hitler, Böyük Britaniyanın baş naziri Nevill Çemberlen, Fransanın baş naziri Eduar Daladye və İtaliyanın baş naziri Benito Mussolini bir araya gəlmişdilər. Tarixə “Münhen sazişi” kimi düşən həmin görüş britaniya-fransa “yumşaltma siyasətinin” zirvəsi olmuşdu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində ABŞ-da yaşayan azərbaycanlı politoloq Ramiz Yunus səsləndirib.

Onun sözlərinə görə, o zaman Hitlerin təhrik etmək istədiyi Avropa müharibəsi müvəqqəti olaraq təxirə salındı, lakin Böyük Britaniya və Fransa açıq şəkildə Çexoslovakiyaya bildirdilər ki, Almaniyanın tələbləri rədd ediləcəksə, heç bir yardım gözləməsinlər:

“Müharibədən yayınmaq üçün isə Çexoslovakiya bu şərtləri qəbul etməyə məcbur oldu”.
Politoloqun fikrincə, ABŞ və Rusiya prezidentlərinin Alyaskada Ukrayna liderinin iştirakı olmadan “yeni Münhen” yaratmaq cəhdi əvvəlcədən uğursuzluğa məhkum idi, çünki 2025-ci ilin Ukraynası ilə 1938-ci ilin Çexoslovakiyası arasında çox ciddi fərqlər var:

“Əminəm ki, prezident Volodimir Zelenski yaxın günlərdə – bazar ertəsi Ağ Evdə Oval kabinetdə keçiriləcək görüşdə bir daha öz iradəsini nümayiş etdirəcək və prezident Trampın təzyiqləri qarşısında geri çəkilməyəcək. Onun bu mövqeyi artıq həmin kabinetdə bir neçə ay əvvəl özünü göstərmişdi”.

Ramiz Yunus hesab edir ki, 1938-ci ilin Çexoslovakiyasından fərqli olaraq, müasir Ukrayna ağır müharibə aparır:

“Rusiya “üç günlük blitskriq” planının baş tutmasına imkan verməyən Ukrayna 3,5 illik müharibədən sonra artıq bu qarşıdurmanın tamhüquqlu subyektinə çevrilib. İndi onun mövqeyi ilə hər kəs hesablaşmağa məcburdur – hətta bu müharibəni onun arxasında gizli sövdələşmələrlə bitirmək istəyənlər də”.

Politoloq qeyd edib ki, xalqı qarşısında məsuliyyətini dərk edən və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi çıxış edən prezident Zelenski ABŞ və Rusiya prezidentlərinə bir daha sübut edəcək ki, o, 1938-ci ilin Çexoslovakiya prezidenti Eduard Beneşdən tamamilə fərqlənir:
“Eyni zamanda, o, hər zaman Azərbaycan prezidentinin məsləhətini də xatırlayacaq: “Heç vaxt işğalla barışma”.


Bizim.Media

Seçilən
87
50
bizim.media

10Mənbələr