AZ

AÇG böyük həcmdə sərbəst təbii qaz vəd edir

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının sərvəti təkcə yüksəkkeyfiyyətli neftdən ibarət deyil. Bu nəhəng neft yataqları blokundan həmçinin səmt qazı əldə olunur. İndiyədək AÇG-dən milyonlarla kubmetr mavi yanacaq hasil edilib ki, onun da böyük hissəsi təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilib.

AÇG-nin səmt qazı Səngəçal terminalından SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məxsus kəmərlə "Azəriqaz" sisteminə ötürülür. Qazın qalan hissəsi isə laylarda təzyiqi saxlamaq üçün yenidən kollektora vurulur. Məsələn, bu ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilib. Səmt qazının qalan hissəsi isə, qeyd edildiyi kimi, yenidən laylara vurulub.

Lakin "Azəri-Çıraq-Günəşli"nin mavi yanacaq ehtiyatı səmt qazı ilə bitmir. Onun dərinliyində qazın olduğu ehtimalı da var. Odur ki, bir müddət əvvəl buradakı dərin qaz laylarının qiymətləndirmə işləri başlandı.

Keçən il sentyabrın 20-də isə bu yataqlar blokundakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı. Belə ki, AÇG-nin çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür.

2025-ci ilin birinci yarısında iki prioritet STQ layını hədəfləyən ilkin quyu qazılıb və tamamlanıb. Quyu mövcud "Qərbi Çıraq" platformasından qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək. Bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Hazırda həmin quyudan ilk qaz hasilatının əldə olunması istiqamətində bütün lazımi sualtı birləşdirmə işləri davam edir.

Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın qaz ehtiyatlarından, bir sıra ölkələrdə mavi yanacağımıza artan tələbatdan, hasilatın və ixracın artırılması perspektivlərindən bəhs edərkən AÇG-dən çıxarılacaq STQ məsələsinə də toxunub. Cari ilin əvvəlində dövlət başçısı yerli televiziya kanallarına verdiyi müsahibədə bu barədə belə deyib: "Ehtiyatlarımız var, çünki onların təsdiqlənmiş həcmi artmaqdadır. Bir neçə il öncə onların həcmi 2,6 trilyon kubmetr təşkil edirdi. Lakin indi yenicə kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlarla bu səviyyə daha da artacaq. Ümid edirik ki, bu il biz AÇG-də "Dərin Qaz" layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, "Şahdəniz"in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz "Abşeron"da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq. Bununla yanaşı, "Qarabağ", "Babək", "Asiman" və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq". 

Beləliklə, ölkəmizin qaz ehtiyatlarında AÇG-nin STQ-sinin də payı var. 

AÇG-dən söz düşmüşkən qeyd edək ki, blokdan hasilat sabit və təhlükəsiz şəkildə davam edir. Layihənin operatoru olan BP şirkətinin məlumatına görə, bu ilin birinci yarısında AÇG-dən ümumi hasilat gündə orta hesabla 327 min barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub. Gündə orta hesabla  "Çıraq"dan 21 min, "Mərkəzi Azəri"dən 86 min, "Qərbi Azəri"dən 75 min, "Şərqi Azəri"dən 42 min, "Dərinsulu Günəşli"dən 54 min, "Qərbi Çıraq"dan 24 min və ACE-dən ("Azəri Mərkəzi Şərqi") 25 min barel təşkil edib. 

Bu il fevralın 18-də AÇG layihəsi "Mərkəzi Azəri" platformasından ilk neftin əldə olumasının 20 illiyini qeyd etdi. İndiyədək bu qurğu ümumilikdə 1,1 milyard barel (154 milyon ton) neft verib.

Onu da qeyd edək ki, AÇG-də aparılan dördölçülü (4D) yüksəkdəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı bu ilin birinci yarısında tamamlanıb və ikinci il üçün məlumat toplanması işləri iyun ayında başlanıb.

Bundan əlavə, AÇG layihəsi çərçivəsində ACE platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınıb. Ümumilikdə ilin birinci yarısında AÇG-də 3 neft hasilatı, 3 su injektor, 1 qaz injektor quyusu qazılıb və tamamlanıb. Beləliklə, hazırda AÇG-də 143 neft hasilatı, 46 su injektor və 10 qaz injektor quyusu istismardadır.

Xatırladaq ki, AÇG-də iştirak payları belədir: BP (30,37 faiz), SOCAR (31,65 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "EksonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş (2,92 faiz). 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
40
15
azerbaijan-news.az

10Mənbələr