AZ

İstehsal da, ixrac da artır

Əkinçilikdə "işıqsız" qalmamaq üçün məhsuldar milli toxum sortları yetişdirilməlidir

Əvvəllər adi qaydada yetişdirilən kənd təsərrüfatı məhsulları hamıya çatırdı, həm də qiyməti yüksək deyildi. Böyük biznes dairələri isə buna insanların gündəlik tələbatını ödəyən humanitar sahə kimi baxırdılar. 

Son dövrlər isə dünyanı idarə edən həmin biznes dairələri bu yöndə olan yanaşmaları dəyişiblər. Onlar aqrar sektora yüksək gəlir verən sahə kimi yanaşırlar. O üzdən son dövrlər dünyada kənd təsərrüfatı məhsullarının qiymətləri fantastik sürətlə bahalaşır. Tanınmış bəzi mütəxəssislər bu bahalaşmanı əhalinin artması və təbii olaraq tələbatın çoxalması ilə izah edirlər. Ancaq bu izah o qədər də inandırıcı deyil. Səbəbi çox sadədir: dünyada kənd təsərrüfatı məhsullarının istehsalı ilə əhalinin artım səviyyəsini müqayisə etdikdə görürük ki, təklif və tələb arasında elə böyük fərq yoxdur.

Düzdür, dünyada əhalinin sayı da sürətlə çoxalır. Amma aqrar sektorda yüksək texnologiyaların tətbiqi sayəsində məhsuldarlıq da bir yerdə durmur - artır. Yəni çoxalan əhalinin nisbətinə uyğun məhsul istehsalında da artım olur. Buna baxmayaraq, qeyd etdiyimiz və gördüyümüz kimi, kənd təsərrüfatı məhsullarının qiymətləri sürətlə bahalaşır. Bu səbəbdən dünyada əhalinin ərzaq məhsullarına  əlçatanlığında ciddi problemlər yaranır. Yəni insanlar lazım olduğu qədər qida dəyərli ərzaq məhsulları istehlak edə bilmirlər. Bu isə daha çox insanın  xəstələnməsi ilə müşahidə olunur və bu dəfə xəstələr baha qiymətə dərman almağa məcbur qalırlar. Təəssüf ki, müasir dünyanın real gerçəkliyi hazırda belədir.

Bu azmış kimi, dünyanın biznes dairələri tərəfindən qurulan həmin hörümçək torundan siyasətçilər də bəhrələnməyə çalışırlar. Humanizm baxımından dövlətlərarası siyasi mübarizədə heç vaxt ərzaq məhsullarına sanksiyalar qoyulmurdu. Ancaq indi kənd təsərrüfatı və ərzaq məhsullarından sanksiya vasitəsi kimi istifadə olunduğunu görürük. Məsələn, Rusiya-Ukrayna müharibəsinin başlanğıcında taxıl, bitki yağlarına və digər ərzaq məhsullarına sanksiyaların tətbiq olunmasının şahidi olduq. Elə bu gün dünyada "ərzaq təhlükəsizliyi" kimi terminin yaranma səbəblərindən də biri budur.

Keçək ölkəmizə. Sadaladığımız səbəblərdən bu gün Azərbaycanda aparılan aqrar islahatların əsas hədəfi ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsində isə milli toxumçuluğun inkişafı önəmli yer tutur. Bunun bir neçə səbəbi var. Birincisi, dünyanın biznes dairələri toxumçuluğu inhisara almaq istəyirlər. Yəni onlar müxtəlif toxum növləri yetişdirib fermerlərə satır və fermerlər həmin toxumlardan istifadə etməklə əvvəllər istifadə etdikləri ənənəvi yerli toxumlardan məhrum olurlar. Kor-koranə toxum idxalından asılılıq sonda istehsal edilən məhsulların maya dəyərinə təsir etdiyindən onlar bahalaşır. 

Odur ki, tam əminliklə deyə bilərik ki, ölkəmizin ərzaq təhlükəsizliyi yüksək məhsuldar milli toxumçuluğun inkişafından keçir. Bu istiqamətdə Azərbaycanda müəyyən işlərin görülmədiyini iddia edə bilmərik. Xüsusən son dövrlər taxıla olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və idxaldan asılılığın aradan qaldırlması üçün yerli buğda sortlarının yetişdirilməsi istiqamətində xeyli işlər görülüb. Bu işdə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) alimlərinin böyük xidmətləri var. ETİ-nin direktoru Faiq Xudayev deyir ki, bu mövsüm Azərbaycanda ümumilikdə 986 min hektarda taxıl əkilib və həmin sahələrdə institutun təxminən 60 aliminin yaratdığı yerli toxum  sortlarından istifadə olunub: "Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün ilk və ən vacib mərhələ düzgün toxum seçimi ilə bağlıdır. Hazırda institutumuz tərəfindən ölkənin müxtəlif bölgələrinin torpaq-iqlim şəraitinə uyğun, biotik amillərə davamlı və adaptiv xüsusiyyətlərə malik yeni sortların yaradılması istiqamətində seleksiya tədqiqatları aparılır".

F.Xudayev deyir ki, aqrar sahə də qloballaşan dünyanın yaratdığı yeni çağırışlarla üz-üzədir: "Buna görə həm mövcud, həm də gələcək tələblərə cavab verən, daha dayanıqlı və məhsuldar sortların yaradılmasına ehtiyac var. Azərbaycanda əkin sahələrinin əksəriyyəti ya dəmyə, ya da məhdud suvarma şəraitində yerləşir. Belə şəraitdə yüksək məhsuldarlığa nail olmaq üçün müasir texnologiyaların tətbiqi və sürətli seleksiya üsulları xüsusi önəm daşıyır".

Direktorun sözlərinə görə, ənənəvi seleksiya üsulları ilə yeni sortun yaradılması təxminən 15 il çəkir və bu, sürətlə dəyişən dövrün tələblərinə cavab vermir: "Odur ki, institut qarşıya məqsəd qoyub ki, klassik üsullardan genetik səviyyədə tədqiqatlara və sürətli seleksiya texnologiyalarına keçid etsin. Hibridləşmə yolu ilə bir ildə 6 nəsil əldə etmək mümkündür və bu yanaşma ilə yeni sortların 5-6 il ərzində yaradılması nəzərdə tutulur. Bu yanaşma həm elmi səmərəliliyi artıracaq, həm də fermerlər və digər sifarişçilərin artan tələblərinə daha çevik cavab verilməsini təmin edəcək".

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
21
21
azerbaijan-news.az

10Mənbələr