AZ

Adı Novruz bayramı ilə qoşa çəkilir

O, bədii yaradıcılığa erkən yaşlarında başlamışdı. 12 yaşında yazdığı şeir 1937-ci ildə Pionerlər Evi tərəfindən buraxılmış "Şeirlər məcmuəsi"ndə çap olunmuşdu. "Hərbə hazıram" adlı bu şeir azyaşlı uşağın vətənpərvər ruhunun səsi idi:

Qələmi əlimə alıb yazıram,

Azğın faşistlərə qəbir qazıram.

Qoy mənim şeirimin hər dəmir bəndi,

Faşist dünyasına salsın burulğan.

Arzusu ədəbiyyat müəllimi olmaq idi. 1941-ci ilin iyun ayında yazdığı, Azərbaycan Pedaqoji İnstitutunun arxivində saxlanılan ərizəsində arzusunu belə ifadə etmişdi: "Mən hələ gənc yaşlarımdan ədəbiyyatla maraqlanmağa başlamışam. Mənim gənc qəlbim bir ədəbiyyatçı olmaq eşqilə, daha doğrusu, bir müəllim olmaq eşqilə çırpınır. Mən özümü gələcəkdə proqressiv bəşəriyyətin qabaqcıl nümayəndəsi olan bir müəllim görmək istədiyim üçün, ən şərəfli bir vəzifə olan gənc nəsli tərbiyə etmək kimi bir vəzifəni ifa etmək istədiyim üçün məni ədəbiyyat fakültəsinə qəbul etməyinizi bütün varlığımla xahiş edirəm".

Söhbət adı Novruz bayramı ilə qoşa çəkilən, bütün ruhu, canı ilə xalqımızın tarixinə, milli adət-ənənələrinə bağlı olan yazıçı, dramaturq, şair, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü.Hacıbəyli adına Azərbaycan SSR Dövlət mükafatı laureatı Şıxəli Qurbanovdan gedir. 

Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda qulluqçu ailəsində anadan olub. 1940-cı ildə ozamankı Caparidze rayonundakı 150 nömrəli məktəbi əla qiymətlərlə başa vurub. Məktəb illərində bacarığı ilə seçilən, müxtəlif janrlarda ədəbi nümunələr, məqalələr yazan Şıxəli Qurbanovun hətta yaxşı rəsm çəkmək qabiliyyəti də var idi. O, Pionerlər Evində təşkil edilən, Ənvər Əlibəyli və Nəbi Xəzrinin də üzv olduğu ədəbiyyat dərnəyinin fəallarından idi. 

Şıxəli Qurbanov 9-cu sinfi bitirdikdən sonra Bakıdakı Axundov adına ikillik Müəllimlər İnstitutunun Dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirib. Onun ədəbiyyat fakültəsində təhsil aldığı illərdə almanlar artıq SSRİ-yə hücum etmişdi. O zaman sovet ideologiyasına inanan, kommunizm quruculuğu uğrunda fəal mübarizəyə qoşulan vətənpərvər gənclər özləri könüllü ordu sıralarına yazılır, vətənin müdafiəsi naminə canlarını belə əsirgəmirdilər. Şıxəli Qurbanov da zəmanəsinin gənci idi. 17 yaşlı Şıxəli 1942-ci ilin iyununda təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə getmək qərarına gəlir. Sonralar "Həyatımdan səhifələr" adlı bitməmiş qeydlərində Şıxəli Qurbanov bu haqda belə yazırdı: "Bir neçə ay gözləməli oldum. Axırda günlərin bir günündə məni 1897-1931 nümunəli tüfənglə yan-yana qoydular. İkimiz də demək olar ki, bir boyda idik. Mən əsgər oldum". 

Baltik donanmasının bölmələrində hərbi xidmətə sıravi əsgər kimi başlayan Şıxəli Qurbanov Zaqafqaziya cəbhəsinin snayperlər məktəbində oxumuş, elə orda da komsomola keçmişdir. 1942-ci ilin dekabr ayında snayper məktəbinin bölmə komandiri olan Şıxəli Qurbanov 1943-cü ildə Leninqraddakı Frunze adına Ali Hərbi Dənizçilik Məktəbində təhsil almışdır. 1944-cü ilin yayında isə ikinci Pribaltika cəbhəsinin xüsusi atıcılıq bölməsinin komandiri olmuşdur. Müharibənin ən şiddətli vaxtı - 1944-cü ilin sonunda Şıxəli Qurbanov Baltik donanmasının artilleriya vzvodunun xüsusi komandirlər bölüyünə rəis təyin edilmişdir. Müharibə başa çatsa da, 1946-cı ildə sovet ordusunda xidmətini davam etdirən azərbaycanlı zabit Sov.İKP üzvlüyünə qəbul olunmuşdur. Vətən müharibəsindəki xidmətlərinə görə o, "İgidliyə görə", "Alaniya üzərində 1941-1945-ci illərdə qələbə" medalları ilə təltif edilmişdir.

1947-ci ildə indiki Nəsirəddin Tusi adına Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olan Şıxəli Qurbanov 1951-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. 1950-ci ildə o, ədəbiyyatşünaslıqda elmi axtarışlarla məşğul olub, sonra institutun Ədəbiyyat tarixi kafedrasının müəllimi, dosenti kimi uzun illər rus ədəbiyyatından dərs deyib.

Bədii yaradıcılığa şeir yazmaqla başlayan Şıxəli Qurbanovun müxtəlif mövzulara həsr olunmuş "Məktub yazılmışdır", "Fırtına qabağı", "Neftçi qardaşıma", "Durnalar", "Sülh göyərçini", "Mahir", "İnsanın gərək hər şeyi gözəl ola", "Telefon zəngi", "Keçəl dərman bilsəydi", "Karyerist", "Malades qanacağına", "Alim", "Gözdən olmasın", "Bayram şamları" və s. şeirləri çap olunub. Onun yaradıcılığında xalqımızın adət-ənənələri, dostluq duyğuları ilə yanaşı, satirik üslubda yazılmış şeir nümunələrinə də kifayət qədər yer verilirdi. 

Şıxəli Qurbanovun ilk nəsr əsəri isə "Telefon zəngləri" hekayəsidir. Bu hekayə ilk dəfə 1963-cü ildə "Kirpi" jurnalında çap olunub. Yazıçının müxtəlif mətbuat orqanlarında "Elmi ezamiyyət", "Mənə bu da azdır", "Natiq", "Balaxanımın dərdi", "Xaş Məmiş", "Mən niyə Qorki olmadım?", "Yaxşılıq", "Uğursuz başlanğıc", "İnkubator danaları", "Mənim qonşumun yuxusu" hekayələri dərc edilib.

Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və onlar ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. O, 1958-1961-ci illərdə "Rəis məşğuldur", "Əcəb işə düşdük", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Sənsiz" pyeslərini, "Bahadır və Sona" librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı "Milyonçunun dilənçi oğlu" komediyası uzun müddət teatr səhnələrində oynanılıb. 

Şıxəli Qurbanov həm də dövlət xadimi idi. 1950-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri təyin olunub. 1957-1961-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK-nın katibi və büro üzvü seçilib.

Yaşlı nəslin nümayəndələri Şıxəli Qurbanovu uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuş dövlət xadimi kimi xatırlayırlar. O zaman respublikada dini bayramlar, Novruz bayramının qeyd olunmasına qadağa qoyulmuşdu. Buna baxmayaraq, Azərbaycan kommunistlərinin ovaxtkı rəhbəri, akademik Vəli Axundov və tanınmış yazıçı-dramaturq, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanov Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasına nail ola bildilər. Sözsüz ki, işin əsas təşəbbüskarı və təşkilatçısı da Şıxəli Qurbanov idi. Hadisənin şahidləri, şənlik iştirakçıları nəql edirlər ki, 1967-ci ildə Novruz tonqalları yandırılanda sanki bütün insanlar oyanmışdı. Onlar kütləvi şəkildə Qız qalasına doğru hərəkət edirdilər.

Kommunist nomenklaturası, donos yazanlar Novruz bayramını islam dini ilə bağlamağa cəhd edirdilər. Şıxəli Qurbanovun kommunistə yaraşmayan hərəkətləri barədə Moskvaya çoxsaylı ərizələr yazırdılar. Şıxəli Qurbanov isə 22 səhifəlik izahat yazaraq Novruz bayramının dinlə heç bir əlaqəsi olmadığını sübut etmişdir. Bu əhvalatdan sonra Vəli Axundov və Şıxəli Qurbanov Moskva tərəfindən ciddi təzyiqlərə məruz qalırlar. Şıxəli Qurbanov özünün izləndiyini hiss edir. Həyat yoldaşı Xavər xanım Şıxəli Qurbanovla aralarında olan söhbəti belə nəql edib: "Şıxəli mənə dedi ki, bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın".

Ölümündən bir gün əvvəl mayın 23-də Azərbaycan Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" dramının ictimai baxışı təyin edilmişdi. Mayın 23-də Şıxəli Qurbanov son məşqi xaricdən qonaqlar gəldiyinə görə yarımçıq qoyub getməli olur. Gedərkən də "Sənsiz"ə baxarsız mənsiz..." deyib.

1967-ci il mayın 24-də Şıxəli Qurbanov dişini müalicə etdirmək üçün stomatoloq dostu Əliağa Əhmədovun yanına gəlir. Dostunun ona vurduğu iynədən sonra 42 yaşlı Şıxəli Qurbanov bir anın içindəcə dünyasını dəyişir. O zaman qəzetlər onun şok keçirərək dünyasını dəyişdiyini yazırlar. Uzun illər sonra həkim Əliağa Əhmədov yazdığı kitabda Şıxəli Qurbanovun anafilaktik şok keçirdiyini qeyd edir.

Şıxəli Qurbanov Fəxri xiyabanda dəfn olunub, keçmiş Musiqili Komediya Teatrına, Bakı küçələrindən birinə onun adı verilib.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr