35 illik təcrübəyə malik bağban İrina Alekseeva bildirib ki, xiyarın acı dadı cucurbitacin adlı maddədən qaynaqlanır. O, bunun əsas səbəbinin düzgün olmayan qulluq və suvarma zamanı yaranan stress olduğunu deyib.
E-saglam.az-ın məlumatına görə, ekspertin sözlərinə görə, xiyarları soyuq su ilə sulamaq olmaz. Suvarma üçün temperaturu 18 dərəcədən yuxarı olan isti, oturmuş sudan istifadə edilməlidir. İsti havalarda həftədə 2-3 dəfə suvarmaq və torpaqda nəmliyi saxlamaq üçün çarpayıları saman və ya otla malçlamaq məsləhətdir.
Alekseeva əlavə edib ki, xiyarları soyuq hava və temperatur dəyişkənliyindən qorumaq üçün aqroliflə örtmək, qeyri-sabit iqlim şəraitində isə istixanada yetişdirmək daha yaxşıdır. Bitkilərdə kalium və azot çatışmazlığı da acılığın yaranmasına səbəb ola bilər, buna görə xiyarları peyinlə deyil, kalium nitrat, kül və humatlarla qidalandırmaq tövsiyə olunur.
Bağban qeyd edib ki, həm çox isti günəş, həm də soyuq hava cucurbitacinin toplanmasını artırır. Buna görə də xiyarı yüngül kölgəli yerlərə, məsələn qarğıdalının yanına əkmək faydalıdır. Eyni zamanda, formalaşdırma zamanı bütün yarpaqları qoparmaq olmaz, çünki yarpaqlar bitkinin soyumasına kömək edir.
Tərcümə: Könül Oruc
E-saglam.az