AZ

Azərbaycan arxeologiyasının mərifət zirvəsi

Bakı müqəddəsliyinin siması, böyük İslam alimi Seyid Yəhya Bakuvi Şirvani “Sirlərin şəfası” əsərində kamilliyin ən yüksək mərtəbəsini “Mərifət”, bu mərtəbəyə yetişənləri isə “Arif” adlandırır. Arxeologiya elmi də belədir, hər alim bu mərhələyə çata bilmir, hər kəs ömrü boyu elmin dərin qatlarına enə bilmir, bəsirət gözünü aça bilmir. Hər kəs imkanları daxilində elmə töhfə verir, amma az sayda alim elmin mərifət zirvəsinə yüksələ bilir. Müəllimim Qafar Cəbiyev isə məhz bu zirvəyə çatan, “Arif arxeoloq” adını qazanan alimdir. Mən tələbəsi kimi onun bu arifliyini hər addımında görür, onun bilik və ruhuna heyran qalıram.

“Arif arxeoloq” dedikdə mənim nəzərdə tutduğum odur ki, o, qazıntıda yalnız maddi mədəniyyət qalıqlarını deyil, həm də onların ruhunu, söylədiyi hekayəni görür. Qafar müəllim sadə bir gil qab parçasından xalqın gündəlik həyatını, məişətini, mətbəxini, hətta dini dünyagörüşünü şərh edə bilir. Onun bu kamil baxışı mənim üçün böyük bir məktəbdir.
Qazıntının hər qarışı arif arxeoloq üçün müqəddəsdir. Orta əsr Ağsu şəhərində işçilərdən biri torpaq qatını ehtiyatsızlıqla qazanda Qafar müəllim sakit səslə deyirdi: “Tarixlə kobud davranmaq olmaz. Bu torpaq səssiz danışır, sən isə onu dinləməyi bacarmalısan”. Bu sözlər bizim üçün dərs olur. Biz anlayırıq ki, qazıntı yalnız texniki iş deyil, həm də əxlaqi dəyər daşıyır.
Qafar müəllim üçün arxeologiya şəxsi mənafe vasitəsi deyil. Onun əsas məqsədi abidələri qorumaq, tariximizi gələcək nəsillərə çatdırmaqdır. Mən dəfələrlə şahidi oluram ki, o, öz şəxsi rahatlığını və səhhətini kənara qoyaraq, günün istisində və ya soyuğunda saatlarla abidənin yanında dayanır, bizə dərs verir. Bu fədakarlıq biz tələbələrə elmə və irsə sevgi öyrədir. O, hər dəfə deyir: “Arxeoloq olmaq üçün yalnız əllə yox, qəlblə işləmək lazımdır”.
Onun elmi irsi də bu yanaşmanın davamıdır. Qafar müəllimin kitab və məqalələri yalnız faktların toplusu deyil, həm də tariximizin ruhunu əks etdirən əsərlərdir. O, elmi nəticələri statistika kimi təqdim etmir, onları insanlığın yaddaş xəzinəsinə çevirir.
Mən onunla birlikdə olduğum illərdə görürəm ki, Qafar Cəbiyev üçün arxeologiya bir elm sahəsi deyil, həyat fəlsəfəsidir. O, torpağın altından çıxan hər daşda xalqın yaddaşını, kimliyini görür, hər yazını milli tariximizin səsi kimi oxuyur. Mənim üçün o, sadəcə alim deyil, həqiqi “Arif arxeoloq”dur - elmin mərifətinə yüksəlmiş, tarixin ruhunu dərk edən, tələbələrinə bu ruhu ötürən bir ustad.
2025-ci ilin iyulunda Mədəni İrs Beynəlxalq Ustad Məktəbində çıxış edən italiyalı professor Luiçi Skrinzi də bunu təsdiqləyir. O qeyd edir ki, Qafar Cəbiyevin işi sadəcə qazıntılar və ya tapıntılar deyil. Onun cəsarəti, başqalarının görə bilmədiyini görə bilən intellektli baxışı tarixə yeni üfüqlər açır. Tarix öz fasiləsiz nəqli ilə şərhçilərinə – bizlərə – mənanın qeyri-müəyyən üfüqlərini göstərir. Bu üfüqlərdə “görmək” sadəcə baxış deyil, intellektin işidir. Məhz bu intellekt keçmişi oxumağa, zamanın buraxdığı izləri öyrənməyə, itirilmiş yolları bərpa etməyə imkan verir. Qafar Cəbiyev isə bu intellektli kamil baxışa sahibdir.
Mənim müəllimimlə bağlı əvvəlki yazım 2020-ci ildə olmuşdu: “Azərbaycan Arxeologiyasının Piri haqqında düşüncələrim”. Onda mən arzulamışdım ki, hər gənc arxeoloq Pirimizi çöldə, qazıntıların içində görsün. Ona isə ömrünün yetmişində yeni səfərlər və yeni seyrlər diləmişdim. Son illərdə bu arzu gerçəkləşir. Qafar Cəbiyev Basqalda Şeyx Məhəmməd məscidi, Qalalar yaşayış yeri, Kələxanadakı xanəgah və türbələr, Ağsuda Şıxməzid xanəgahı və türbəsi, Bakının Bayırşəhərində Zərgərpalan hamamı, Sulut məscidi kimi abidələrdə apardığı tədqiqatlarla tələbələrinə yeni dünyalar açır, Azərbaycan tarixi isə yeni kəşflərlə zənginləşir.

Bu gün, 75 yaşında, Qafar Cəbiyev Azərbaycan arxeologiyasının mərifət zirvəsində dayanır. O, cəsarətli və kamil görünür. Biz tələbələri ondan Bayırşəhərin və ayrı-ayrı İslam dövrü abidələrinin öyrənilməsi, qorunması və təbliği üçün yeni, arifanə yanaşmalar gözləyirik. Bu yubiley yaşında onu təbrik edir, möhkəm can sağlığı, irsimizi gələcək nəsillərə çatdırmaq yolunda daim öncüllük etməsini arzulayırıq.

Fariz Xəlilli
Tarix üzrə fəlsəfə doktoru
AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

Seçilən
3
50
ikisahil.az

10Mənbələr