Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu səbəbdən kirayə mənzil bazarında canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta üz tutan tələbələr üçün münasib qiymətə, universitetə yaxın və normal şəraitli ev tapmaq bu il də çətindir.
Yay aylarında nisbətən sakit olan əmlak bazarında avqustdan etibarən ciddi hərəkətlilik başlayır ki, bu da qiymət artımına səbəb olur. Araşdırmalar göstərir ki, tələbələrin əksəriyyəti aylıq 300–500 manat aralığında kirayə mənzil axtarır. Lakin bu qiymətə uyğun ev tapmaq mümkünsüz olub. Mütəxəssislər isə sentyabr ayında vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlamasında deyib ki, son illər kirayə mənzil bazarında aparılan monitorinqlər göstərir ki, hər il bazarda təklif həcmi, xüsusilə də ucuz mənzillər üzrə azalır.
"Sözügedən proses əsasən söküntülər nəticəsində, kirayə bazarının əsas hissəsini təşkil edən köhnə və münasib qiymətli mənzillərin sürətlə bazardan çıxarılması ilə bağlıdır. Onların yerini isə daha bahalı və yeni tikililər tutur. Nəticədə ucuz mənzillərə olan tələb yüksək olaraq qalır, amma təklif azalır. Bu da öz növbəsində qiymət artımına səbəb olur”.
Əmlak eksperti qeyd edib ki, qiymət artımına təsir edən digər bir amil isə ümumilikdə kirayə mənzillərə olan tələbin yüksək olmasıdır:
"Eyni zamanda bəzi pilot layihələr çərçivəsində tikinti şirkətləri binalar tikildikdən sonra mənzilləri vətəndaşlara kirayə verməklə təqdim edirlər və bu da kirayə bazarında tələbin bir qədər də artmasına səbəb olur.