AZ

“TRT TÜRKÜ” radiosunda Xalq şair Bəxtiyar Vahabzadəyə həsr olunan veriliş yayımlanıb

İstanbul, 18 avqust, Günel Karatepe, AZƏRTAC

“TRT TÜRKÜ” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının buhəftəki buraxılışı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub.

Bununla bağlı proqramının müəllifi və aparıcısı Səidə Ömər AZƏRTAC-a müsahibə verib.

O bildirib ki, Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da böyük ehtiramla xatırlanır. Şairin yaradıcılığına qardaş Türkiyədə də böyük hörmət və maraq var. Onun əsərləri tez-tez anılır, xüsusilə vətəndaşlıq ruhu, milli düşüncə və azadlıq ideyaları, hər iki ölkənin birlik və bərabərliyini əks etdirən şerləri Türkiyə ədəbi ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bəxtiyar Vahabzadə sadəcə bir şair deyil, o həm də Türk dünyasının birliyi üçün çalışan görkəmli şəxsiyyətlərimizdəndir.

“Dahi şairin həyat və yaradıcılığına həsr olunan proqram Azərbaycan Prezidenti İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ərsəyə gətirilib. Verilişdə şairin seçilmiş şeirlərini səsləndirdim. Bununla yanaşı, proqramda Bəxtiyar Vahabzadənin əsərlərinə bəstələnmiş mahnılar Azərbaycanın məşhur sənətçilərinin ifasında dinləyicilərə təqdim olundu”, - deyə müəllif bildirib.

Xatırladaq ki, “Azərbaycan rüzgarı” proqramı 2024-cü ildən etibarən hər bazar günü “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanır.

Seçilən
78
10
azertag.az

10Mənbələr