AZ

Yükdaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların ödədikləri MDSS və İTS haqqının hesablanması

2023-cü ilin sonuna qədər yükdaşıma ilə məşğul olan şəxslər  “Fərqlənmə nişanı” almaqla fəaliyyətlərini davam etdirir və bunun üçün ödəniş edirdilər. Lakin 2024-cü ildən Vergi Məcəlləsinin 218.4.1, 220.5, 221.4 maddələrində edilən dəyişikliklərə əsasən, artıq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri əvvəlki kimi “Fərqlənmə nişanı”na görə deyil, dövriyyədən vergini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Bəs bu fəaliyyətlə məşğul olan fiziki şəxslər özlərinə görə ödədikləri MDSS və İTS haqqını hansı qayda əsasında hesablanmalı və ödəməlidirlər? 

vergiler.az”ın sualına İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi Elvin Zaidov aydınlıq gətirir. 

Məsələni aydınlaşdırmaq üçün 2 məqama diqqət etmək lazımdır.

Birinci məqam: Yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxs muzdlu işçi cəlb etmədən fəaliyyətlə məşğul olursa, bu zaman MDSS və İTS haqqı aşağıdakı kimi hesablanacaq:

1. MDSS haqqının hesablanması

“Sosial sığorta haqqında” Qanunun 14.5.7-ci maddəsinə əsasən, fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yükdaşıma fəaliyyəti üzrə - 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında hesablanır. Qanunun 14.5.1-2-ci maddəsinə əsasən, aylıq sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

• Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2
• Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5
• Digər şəhər və rayonlarda – 1

2. İTS haqqının hesablanması

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərdi sahibkarlar üçün icbari tibbi sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 4 faizi miqdarında hesablanır.

Misal 1: Vergi ödəyicisi Elmir Əzizov (ad şərtidir) Gəncə şəhərində muzdlu işçı cəlb etmədən yükdaşıma fəaliyyəti ilə məşğul olur. 2025-ci ilin 2-ci rübü üzrə onun tam fəaliyyəti olub. Elmir Əzizov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcək (Nəzərə alaq ki, hazırda Azərbaycanda minimum aylıq əmək haqqı 400 manatdır):

Aylıq MDSS haqqı: (400 x 6%) x 1.5 = 36 manat;
3 aylıq MDSS haqqı: 3 x 36 = 108 manat;
Aylıq İTS haqqı: 400 x 4% = 16 manat;
3 aylıq İTS haqqı: 3 x 16 = 48 manat.

İkinci məqam: Yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxs muzdlu işçi cəlb edərək fəaliyyətlə məşğul olursa, bu zaman MDSS və İTS haqqı aşağıdakı kimi hesablanacaq:

1. MDSS haqqının hesablanması

“Sosial sığorta haqqında” Qanunun 14.5.1.maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır. Həmin maddəyə əsasən, aylıq sosial sığorta haqqının məbləğinə aşağıdakı faizlər tətbiq edilməklə müəyyən olunur:

• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.

2. İTS haqqının hesablanması:

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, sığortalı qismində çıxış edən fiziki şəxslər üçün İTS məbləği minimum aylıq əməkhaqqının 4 faizi miqdarında müəyyən edilib.

Misal 2. Lənkəran şəhərində yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Şahin Xələfovun (ad şərtidir) 3 muzdlu işçisi vardır. O, 2025-ci ilin 2-ci rübündə tam fəaliyyət göstərib. Şahin Xələfov 2-ci rüb üzrə aşağıdakı məbləğlərdə MDSS və İTS haqqı ödəyəcək (Minimum aylıq əmək haqqı 400 manat)6

Aylıq MDSS haqqı: (400 x 25%) x 80% = 80 manat;
3 aylıq MDSS haqqı: 3 x 80 = 240 manat;
Aylıq İTS haqqı: 400 x 4% = 16 manat;
3 aylıq İTS haqqı: 3 x 16 = 48 manat.

Seçilən
6
3
vergiler.az

5Mənbələr