AZ

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ŞAHİDLƏR DANIŞDI - "Küvəzlər çox yaxın idi"

Respublika Perinatal Mərkəzi publik hüquqi şəxsdə baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən Fatimə Bağırova təqsirləndiriləndən Mehriban xanımı tanıdığını deyib: “Təqsirləndirilən şəxslərlə heç bir ədavətim yoxdur. Hadisə baş verən günün səhəri növbədəydik. İşə gələndə bütün aparatları suyun içində, yanmış vəziyyətdə gördüm. Sonra məni və məndən başqa Mətanət və Günel xanımı Yeni Klinikaya ezam etdilər. Hadisəyə birbaşa canlı şahid olmamışam".

Hakim Leyla Əsgərova-Məmmədova şahidə sual ünvanlayıb: “Sizə elektrik uzadıcılarından istifadə etməyi kim deyib?”

Fatimə Bağırova Mərkəzdə uşaq sayı çox olduğuna görə elektrik uzadıcılarından istifadə olunduğunu bildirib: "Bu tapşırığı kimin verdiyi barədə məlumatım yoxdur".

Şahid Məxbilə Qurbanova təqsirləndirilən şəxslərin hər birini tanıdığını bildirib: “Hadisə günü orada deyildim. İşə gəldikdə gördüm ki, bütün otaq su içindədir. Mən Mərkəzdə baş tibb bacısı kimi fəaliyyət göstərmişəm. 2021-ci ildə struktur dəyişikliyi oldu. Bu barədə bizə iclas zamanı məlumat verildi. Biz Hamlet müəllimin bölməsində çalışmağa başladıq. İlk olaraq iki otağımız vardı, daha sonra dörd otaq oldu. Xəstə artımı çox olduğu üçün otaq sayını artırıb altı etmək fikirləri var idi.

Əvvəl iki otaq olanda rahat işləyə bilirdik, amma dörd otaq olanda küvəzlər bir-birinə çox yaxınlaşdırıldı, uşaqları otağa yerləşdirmək mümkün deyildi. Dəfələrlə Mehriban xanımın yanında iş yükümüzün çox olduğunu bildirmişəm. Mehriban xanım isə deyib ki, işləyə bilməyən ərizəsini yazsın və çıxsın".

Növbəti məhkəmə prosesi avqustun 25-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Seçilən
87
10
news24.az

10Mənbələr