AZ

Türkiyə hava gücü planlamasında strateji addım atır

BAKI, TurkicWorld

Türkiyə, hava qüvvələrinin gücləndirilməsi istiqamətində strateji bir addım atmağa hazırlaşır. 5-ci nəsil milli döyüş təyyarəsi KAAN inventarda yerini alana qədər, qısa və orta müddətli dövrdə 40 ədəd Eurofighter, yeni nəsil F-16 və F-35 təyyarələrinin alınması planlaşdırılır.

TurkicWorld xəbər verir ki, Türkiyə hava məkanı müdafiəsini gücləndirmək üçün bütün ehtimalları nəzərdən keçirən Türkiyə, 5-ci nəsil milli təyyarə KAAN inventarda yerini alana qədər alternativlər üzərində diplomatik danışıqlar aparmağa davam edir.

İngiltərə, Almaniya, İtaliya və İspaniyanın konsorsiumu tərəfindən istehsal edilən Eurofighter üzrə ilkin razılaşma əldə edən Türkiyə, satış və təchizat mərhələsinə keçidlə birlikdə prosesi yaxından izləməyə başlayıb. 40 ədədlik paketin alınması ilə bağlı müqavilə imzalandıqdan sonra, bu təyyarələrin 2 il ərzində Türk Hərbi Hava Qüvvələrinin inventarına daxil olması gözlənilir.

Eurofighter müqaviləsinin ilin sonuna qədər imzalanması planlaşdırılır. Bu təqvimə əsasən, ilk təyyarələrin 2027-ci ildə Türk Hava Qüvvələrinin inventarına daxil olması nəzərdə tutulur. Ancaq təyyarələrin tam şəkildə əməliyyat qabiliyyətinə malik olması üçün hazırlıq mərhələsi keçiriləcək. Bu müddət ərzində təyyarələr üçün xüsusi hangarların tikilməsi, pilotların təlim alması və texniki heyətin yetişdirilməsi kimi geniş infrastruktur tədbirləri həyata keçiriləcək.

Əldə olunan məlumatlara görə, Türkiyə yalnız Eurofighter deyil, şərait uyğun olduğu halda F-35 və F-16 qırıcı təyyarələrinin də hər birindən 40 ədəd almaq üçün planlar üzərində işləyir. Türkiyənin bu marağı, hava qüvvələrinin çeşidliliyini və elastikliyini artırmaq strategiyası çərçivəsində dəyərləndirilir.

Türkiyə, F-16 Blok 70 təyyarələrinin təchizatı ilə bağlı olaraq isə 79 ədəd modernizasiya dəstinin yerli alternativini nəzərdən keçirmək qərarına gəlmişdi. Eyni zamanda, 40 təyyarə və əlaqəli silah sistemlərinin alınması ilə birlikdə layihənin ümumi dəyərinin 23 milyard dollardan 6-7 milyard dollara qədər azaldılması üçün dəyişiklik edilmişdi.

F-35 məsələsində isə Türkiyənin əlaqələri ən yüksək səviyyədə davam edir. Prezident Rəcəb Tayyib Ərdoğan bu ilin aprel ayında NATO Zirvəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşdükdən sonra verdiyi açıqlamada, “F-35-ləri almaq məsələsində Trampın niyyətinin müsbət olduğunu gördük” demişdi. Bu açıqlama, ABŞ-ın geri addım ata biləcəyi və Türkiyənin F-35 təyyarələrinə sahib ola biləcəyi kimi şərh olunur.

Qeyd edək ki, Türkiyə F-35 proqramında sənaye tərəfdaşı olmuşdu. Lakin S-400 hava hücumundan müdafiə sistemini almasının ardından proqramdan çıxarılmış və sanksiyalara məruz qalmışdı. Digər tərəfdən, Türk Hərbi Hava Qüvvələri üçün istehsal edilən 6 ədəd F-35A döyüş təyyarəsi isə 2018-ci ildən bəri ABŞ-da anbarlarda saxlanılır.

Seçilən
102
10
turkic.world

10Mənbələr