“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Cəzaçəkmə müəssisələrində kütləvi mədəni tədbirlərin təşkili” adlı qrant layihəsi çərçivəsində təşkil edilən təlimlər davam edir.
Layihənin əsas məqsədi cəzaçəkmə müəssisələrini tərk etmiş qadınların cəmiyyətə uğurlu reinteqrasiyasına dəstək göstərmək, onların sosial həyata yenidən inteqrasiyası və iqtisadi imkanlarının artırılması üçün əlverişli şərait yaratmaqdır.
Artıq bir neçə gündür ki, həbsdən azad olunmuş qadınlar üçün sahibkarlıq üzrə ixtisaslaşdırılmış təlimlər keçirilir. Növbəti sessiyada təlimçi Rəvan Cəfərli biznes planın tərtib edilməsi qaydalarına xüsusi diqqət ayıraraq, biznes layihələrinin hazırlanma prosesi və strukturunu ətraflı şəkildə izah etmişdir.
Təlim zamanı iştirakçılara biznes planın əsas komponentləri – məqsəd və vəzifələr, bazar analizi, rəqabət üstünlükləri, marketinq strategiyası, maliyyə proqnozları və risklərin idarə olunması üzrə geniş məlumat verilmişdir. Rəvan Cəfərli, həmçinin, biznes plan hazırlanarkən nəzərə alınmalı incə məqamları, layihənin reallığa uyğunlaşdırılması və investorlar üçün təqdimata hazır vəziyyətə gətirilməsi yollarını praktik nümunələr əsasında təqdim etmişdir.
Bu istiqamətdə keçirilən dərslər qadınların biznes ideyalarını sistemli şəkildə sənədləşdirməsinə və uğurla reallaşdırmasına imkan yaradır. Layihə, həssas qrupdan olan qadınların iqtisadi və sosial mövqelərinin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm və strateji addım kimi qiymətləndirilir.







