AZ

Mütəxəssis: Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40 faiz aşağı olur  

Qan donorluğu həm tibbi, həm də sosial baxımdan son dərəcə önəmli prosesdir. Donor olmaq insan sağlamlığını dəstəkləməklə yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesin təhlükəsizliyi müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir. Elə bu baxımdan donorların daimi və ya müvəqqəti şəkildə qanvermədən kənarlaşdırılması beynəlxalq standartlara əsasən həyata keçirilir. Daimi kənarlaşdırma halları arasında İİV (QİÇS), sifilis, hepatit B və C kimi yoluxucu xəstəliklər, bəzi onkoloji və irsi qan xəstəlikləri, şəkərli diabetin insulinə bağlı forması, ağır ürək-damar, qaraciyər, böyrək və sinir sistemi xəstəlikləri yer alır. Bu kimi göstərişlər olduqda isə, donorluğa icazə verilmir.

AZƏRTAC xəbər verir ki, bunu Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova deyib.

O qeyd edib ki, bəzi hallarda donorlar sağlamlıq göstəricilərinə görə müvəqqəti olaraq qanvermədən uzaqlaşdırılırlar. Kəskin respirator xəstəliklərdə bu müddət, adətən, 2–4 həftə olur. Canlı vaksinlərdən sonra donor 48 saatdan 4 həftəyədək gözləməlidir. Cərrahi əməliyyatlardan sonra bu müddət 1 ilə qədər davam edir. Doğuşdan sonra qadınlar üçün təqribən 12 aylıq fasilə tövsiyə olunur. Malyariya riski olan ölkəyə səfər etmiş şəxslər üçün kənarlaşdırma 1–3 il, əvvəlki il ərzində qan və ya qan komponenti qəbul etmiş donorlar üçün isə ən az 12 ay davam edir. Məqsəd donorun tam sağlam vəziyyətdə yenidən qanverməyə qayıtmasının təmin olunmasıdır. “Donor bir qanvermə zamanı orqanizmdəki ümumi qan həcminin təqribən 8–10 faizini verir. Bu, təhlükəsiz olmaqla yanaşı, bədəndə regenerasiya proseslərini sürətləndirir. Qan hüceyrələrinin yenilənməsi sümük iliyinin aktivləşməsi ilə nəticələnir, immun sistem güclənir, plazma tərkibi təzələnir, toksinlərin xaric olunması tezləşir. Bundan başqa, dəmir mübadiləsinin normallaşması sayəsində ürək-damar sisteminin yüklənməsi azalır. Hər kəs bilməlidir ki, qanvermə prosesi ümumiyyətlə təhlükəsizdir. Bəzən donorlar əməliyyatdan sonra yüngül başgicəllənmə, zəiflik, ürəkbulanma hiss edə bilərlər, lakin bu hallar qısa müddət ərzində keçib gedir. Bunun qarşısını almaq üçün donor qanvermədən əvvəl düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidir, qan verdikdən sonra isə 10–15 dəqiqə istirahət məsləhət görülür. Səhiyyə Nazirliyinin Respublika Qan Bankında bu təcrübələr peşəkar heyətin nəzarəti ilə həyata keçirilir”,- deyə mütəxəssis bildirib.

Mütəxəssis qanvermənin ürək-damar və maddələr mübadiləsinə təsirindən danışıb. Onun sözlərinə görə, qanvermə qan viskozluğunu azaldaraq damarlar üzrə dövranı yaxşılaşdırır, hipertoniya və damar tıxanıqlığı riskini azaldır. Bundan əlavə, artıq dəmirin orqanizmdən çıxarılması oksidativ stresin qarşısını alır. Beləliklə, infarkt və insult riskini, metabolik proseslərin normallaşması nəticəsində isə piylənmə və tip 2 diabetin yaranma riskini də azalır. “Donorluq qan qatılaşmasının qarşısını alır, damar sistemində dövranı yüngülləşdirir, habelə qanın damar divarlarına göstərdiyi təzyiqi zəiflədir. Bu isə, öz növbəsində, hipertoniya və damar tıxanıqlığı riskini azaldır. Elmi tədqiqatlar göstərir ki, müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40 faiz aşağı olur. Bundan əlavə, orqanizmdə artıq dəmir yığıldıqda, oksidativ stres yaranır. Bu da ürək-damar sisteminə zərər verir. Qanvermə bu artıqlığın qarşısını alaraq damar sağlamlığını qoruyur. Eyni zamanda, donorun həyat xilas etdiyini bilməsi ona mənəvi rahatlıq, özünəinam və sosial faydalılıq hissi verir. Bu isə stresin azalmasına, psixoloji rifahın yüksəlməsinə səbəb olur. Ümumilikdə qan donorluğu cəmiyyətin sağlamlıq sabitliyinin qorunmasında mühüm rol oynayır. Təcili əməliyyatlar, doğuşlar, yol qəzası qurbanları, onkoloji və irsi qan xəstəlikləri olan şəxslər üçün qan həyati əhəmiyyət daşıyır. Qan ehtiyatının sabit olması Səhiyyə Nazirliyinə fövqəladə hallarda operativ qərar qəbul etməsi üçün daha geniş imkanlar açır”,- deyə A.Zeynalova əlavə edib.

Seçilən
58
50
azerbaijan-news.az

10Mənbələr