AZ

“Bu, iqtisadi inkişafın əsas lokomotividir” - EKSPERT AÇIQLADI

“Regionlarda sənaye parklarının yaradılması iqtisadi inkişafın sürətləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Belə parkların yaradılması təkcə istehsal müəssisələrinin artması demək deyil, eyni zamanda bütöv bir iqtisadi ekosistemin formalaşması deməkdir. Bu ekosistem həm dövlət, həm özəl sektor, həm də yerli icmalar üçün yeni imkanlar açır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, sənaye parklarının yaradılması istehsal müəssisələrinin bir məkanda toplaşmasına imkan verir. Bu isə xərclərin optimallaşdırılması, infrastrukturdan səmərəli istifadə və kooperasiya imkanlarının genişlənməsi deməkdir. Eyni ərazidə yerləşən müəssisələr həm resurs, həm logistika, həm də texnoloji baxımdan əməkdaşlıq edə bilirlər. Nəticədə daha səmərəli istehsal, daha ucuz maya dəyəri və daha keyfiyyətli məhsul əldə olunur: "Digər mühüm faktor məşğulluqla bağlıdır. Regionlarda sənaye parklarının yaradılması minlərlə yeni iş yeri deməkdir. Yerli əhalinin məşğulluq səviyyəsi yüksəlir, sosial rifah yaxşılaşır və ən əsası, paytaxta köç meyli azalır. Çünki insanlar öz doğma bölgələrində işləmək və dolanışıq imkanları qazanmaq imkanı əldə edirlər. Bu isə həm regional balansı qoruyur, həm də ölkənin ümumi sosial sabitliyinə töhfə verir. Sənaye parkları həm də investisiyalar üçün mühüm mərkəzə çevrilir. Burada dövlətin təqdim etdiyi vergi güzəştləri, hazır infrastruktur və əlverişli logistika imkanları yerli və xarici investorları cəlb edir. İnvestisiyanın regionlara yönəlməsi isə həmin bölgələrin iqtisadi aktivliyini artırır, yeni sahələrin formalaşmasına təkan verir.

Bundan başqa, sənaye parkları yalnız ənənəvi istehsal müəssisələrinin deyil, həm də innovativ və texnoloji bizneslərin inkişafı üçün əlverişli şərait yaradır. Müasir texnologiyaların tətbiqi həm məhsulun keyfiyyətini artırır, həm də Azərbaycanın beynəlxalq bazarlarda rəqabət gücünü yüksəldir. Məsələn, aqrar sənaye parkları kənd təsərrüfatı məhsullarının emalı və ixracı üçün mühüm imkanlar açır, texnoloji parklar isə startapların və yüksək texnologiyaların inkişafına təkan verir. Regionlarda sənaye parklarının yaradılması ölkənin iqtisadi inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biridir. Bu, həm qeyri-neft sektorunun güclənməsinə, ixrac imkanlarının genişlənməsinə, həm də dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir. Əgər bu proses düzgün idarə olunarsa, sənaye parkları Azərbaycanın iqtisadi gələcəyində lokomotiv rolu oynaya bilər".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
31
9
sia.az

10Mənbələr