AZ

Bazarlarda pomidor bolluğu

ain.az, 525.az saytına istinadən bildirir.

Bu il Azərbaycanda pomidorun məhsuldarlığı əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. Qiyməti də münasib. Paytaxt bazarlarında pomidorun 1 kiloqramı 35-40, bölgələlərdə isə hətta 15-20 qəpiyə alıcılara təklif olunur.

İlkin ehtimallar görə, Rusiyaya pomidor ixracında müşahidə edilən durğunluq daxili bazarda daha çox məhsulun qalmasına səbəb olub. Bu da bazarlarda həm bolluq, həm də qiymətlərdə nisbi stabillik yaradıb. Ekspertlər isə deyirlər ki, pomidorun qiymətindəki bu ucuzlaşmanın başqa bir səbəbi də açıq sahələrdə becərmənin genişlənməsi, eləcə də bəzi rayonlarda istixanalarda məhsuldarlığın artması ilə bağlıdır. Yay aylarında əsasən isti və günəşli hava şəraiti pomidor bitkisinin yetişməsi üçün ideal şərait yaradıb. Zamanında yağışlar da torpaqda rütubət balansını qoruyaraq məhsuldarlığa müsbət təsir göstərib. 

Yeni texnologiyaların tətbiqi, xüsusi ilə hidroponika və damcı-suvarma kimi müasir texnologiyaların yayılması məhsul itkilərinin azalmasına, daha keyfiyyətli və bol məhsul alınmasına şərait yaradıb.

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, bu il pomidorun bol və ucuz olmasının iki səbəbi var. Birincisi, keçən il pomidor qıt və baha olduğu üçün bu il çox əkildi. Nəticədə də məhsul bolluğu oldu: "Bizdə hər zaman belə olur. Strateji planlaşdırma olmadığından  bir mövsüm bolluq olur, o biri mövsüm qıtlıq. Normadan artıq məhsul olanda isə fermer ziyan edir. Həm məhsulu xarab olur, həm də qiyməti çox ucuz olduğundan mayasını çıxara bilmir".

Natiq Cəfərli qeyd edib ki, Rusiyanın Azərbaycandan gedən pomidoru ölkəyə buraxmaması da bolluq və ucuzluq yaranmasının başqa bir səbəbidir. Bu, bir tərəfdən yaxşıdır, insanlara sərf edir. Amma məhsul bolluğu itkiyə də səbəb olur: "Planlaşdırılmış, strateji yanaşma ortaya qoyulmalı, yeni ixrac bazarlarının tapılmalıdır. Körfəz ölkələri, Orta Asiya, Cənubi Asiya, xüsusilə Hindistan və Pakistan istiqamətləri araşdırılmalıdır. Logistika və infrastrukturun gücləndirilməsi vacibdir. Soyuducu anbarlar, keyfiyyətli daşınma sistemləri qurulmalı, məhsulların uzaq bazarlara da çatdırılması təmin olunmalıdır. Fitosanitar nəzarətin gücləndirilməsi və beynəlxalq sertifikatlaşdırma işləri də inkişaf etdirilməlidir. Məhsulların keyfiyyəti və təhlükəsizliyi beynəlxalq standartlara uyğun sertifikatlarla təmin olunmalıdır. Fermerlərə və ixracatçılara dövlət dəstəyi real olmalıdır. Güzəştli kreditlər, ixrac subsidiyaları, vergi tətilləri və bazar tənzimləməsi vasitələri ilə sektorda panikanın qarşısı alınmalıdır. Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan 80 faizə yaxın asılılıq doğru deyil. Yeni, daha premium bazarlara çıxış tapmaq lazımdır".

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, bazarda pomidorun qiymətinin ucuz olmasının bir səbəbi də mövsümlə əlaqədardır. Yay aylarında qiymətlərin enməsi müşahidə olunur. Yüksək keyfiyyətli məhsullar adətən bir qədər yüksək qiymətə satılır. Lakin bolluq zamanı yüksək keyfiyyətli məhsulun da qiymətində ciddi artım müşahidə olunmur, çünki təklif çoxdur: "Digər səbəb suyun çatdırılmasıdır. Su ehtiyatımızın kifayət qədər olması ucuzlaşmaya gətirib çıxarır. Digər hal isə Rusiya ilə bağlıdır. Rusiya ölkəmizdən gələn məhsulları geri qaytarır. "Rosselxoznadzor" Dağıstan ərazisində Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub. Başqa bir gömrük postunda 400 ton məhsul Azərbaycana qaytarılıb. Bu da bazarda məhsulun bol olmasına səbəb olur. Məhsul boldursa, qiymətlər aşağı düşür. Əgər məhsullar kütləvi şəkildə bazarlara yönəldilirsə, onun keyfiyyətinə də baxmaq lazımdır. Qiymətdən asılı olaraq, keyfiyyət fərqli ola bilər".

İqtisadçı ekspert Cəfər İbrahimli də bu il məhsul bol olduğuu təsdiqləyir. Lakin onun fikrincə, bu bolluq satışda çətinliklər yaradır: "Bütün regionlarda fermerlər məhsulu bazara çıxarmaqda çətinlik çəkdiklərini deyirlər. Bazarda təklif həddindən artıq artıb. Mövsüm olduğu üçün məhsulu nə tarlada saxlamaq mümkündür, nə də uzun müddət soyuducuda. Məcbur olaraq bazara çıxarılır".

Cəfər İbrahimlinin dediyinə görə, bu cür problemlərin qarşısını almağın əsas yolu kənd təsərrüfatı məhsullarının emal sənayesinin inkişaf etdirilməsidir: "Hazırda bu məhsulla işləyən emal müəssisələri də pomidor qəbul etmir. Ehtimal olunur ki, onların anbarları artıq doludur. Bu səbəbdən yeni məhsulun emalı dayanır. Bu cür vəziyyətlər davamlı olaraq təkrarlana bilər. Ona görə də emal sənayesi inkişaf etdirilməlidir ki, məhsul tarlada məhv olmasın və bazardakı təzyiq azalsın".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, münasibətlərin gərginləşməsi fonunda Rusiya hakimiyyəti idxal-ixrac məhsullarına məhdudiyyət qoymaqdan bir siyasi alət kimi istifadə edir: "Bu, əvvəl də belə olub. Əvvəllər bizim çoxsayılı fermerlər Rusiyanın apardığı bu siyasətdən çox ciddi zərərə məruz qalıblar. Məsələn, Şəmkir rayonunun Düyərli kəndində, Göyçayda azsaylı pomidor istehsalçıları qalıb. Xatırlayırsınızsa, 5-6 il bundan öncə Rusiyaya sanksiya qoyulanda, ruslar Azərbaycandan idxal həcmini xeyli artırdılar. Növbəti mərhələdə idxalda alternativ bazarlar tapan Rusiya yenidən Azərbaycana diş qıcamağa başladı. Rusiya mətbuatı və dövlət rəsmiləri açıq-aşkar idxal və ixrac məsələsində Azərbaycanı təhdid etməkdədir. Vəziyyət daha da gərginləşə bilər".

İqtisadçı ekspert Akif Nəsirlinin dediyinə görə, hazırda tələb-təklif balansı pozulub və nəticədə fermerlər iqtisadi zərərlə üzləşirlər: "Dövlət və yerli idarələr əkin planlaşdırılmasına yönəlik maarifləndirmə və tənzimləmə aparmalıdır. Məhsulu uzun müddət saxlamaq üçün soyuq anbarların sayı artırılmalıdır. Eyni zamanda xarici bazarlara ixrac sabit şəkildə tənzimlənməlidir ki, daxili bazarda qıtlıq yaranmasın. Fermerlərin birləşməsi və məhsullarını birlikdə satmaları bazar qiymətlərinə daha çox nəzarət etməyə imkan verər. Fermerlər üçün zərərin minimuma endirilməsi məqsədilə aqrar sığortaların və subsidiya mexanizmlərinin genişləndirilməsi vacibdir. Qiymətlərin sabit saxlanması üçün isə planlı istehsal, saxlama şəraiti və ixracın tənzimlənməsi kimi amillər önəmlidir. Əgər iqlim şəraiti stabil qalarsa və ixrac kəskin artmazsa, qiymətlərin sabit qalması mümkündür. Lakin avqust ayının sonuna doğru məhsul həcmi azaldıqca qiymətlərdə müəyyən artım ola bilər".

İqtisadçı Xalid Kərimli qeyd edib ki, Rusiya zaman-zaman idxal məsələlərindən təzyiq vasitəsi kimi istifadə edib. Rusiya Azərbaycana təzyiq etməyə çalışanda kənd təsərrüfatı məhsullarının idxalı ilə əlaqədar çətinliklər yaradır. Təəssüf ki, Rusiya bu kimi vasitələrlə manipulyasiya etməyə çalışır. Rusiya deyil, hansı ölkə olur-olsun, bir bazardan asılı olmaq ciddi riskdir. Sahibkarların ixrac etdiyi məhsulların demək olar ki, 90 faizi Rusiya bazarlarına çıxarılır. Bu da ciddi risk yaradır: "Adətən, bir bazardan asılılıq 25 faiz səviyyəsində olmalıdır. Bu həddi keçmək risk yaradır. Buna görə də hesab edirəm ki, sahibkarlarımız başqa bazarlara çıxış imkanlarını nəzərdən keçirməlidirlər. Əks halda,  biznesin dayanıqlılığı üçün risk yaranır. Bir bazardan bu qədər asılı olduğumuz müddətdə bu risklər qalacaq. Yəni günahı təkcə Rusiyada görməməli, sahibkarların səhvlərinə də diqqət çəkməliyik. Çıxış yolu dünya bazarlarına çıxmaqdır. Bu məsələ dövlətdən çox, sahibkarlardan asılıdır. Məhsulu yetişdirməklə yanaşı, onun satışını da təşkil etmək lazımdır".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
525.az

3Mənbələr