AZ

Şamaxıda keçirilən “Yay Fest”in VI düşərgəsi yekunlaşıb

Şamaxıda keçirilən ən böyük gənclər festivalı “Yay Fest”in altıncı “Vətənpərvərlik” düşərgəsi yekunlaşıb.

"Report" xəbər verir ki, çadır formatlı düşərgə respublikanın müxtəlif regionlarından, o cümlədən Qazaxıstan, Özbəkistan və Qırğızıstandan xarici qonaqların da olduğu 250 gənci bir araya gətirib.

Düşərgənin əsas məqsədi Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətini təbliğ etmək, gənclərdə milli-mənəvi dəyərlərə sadiqlik, tarix və mədəniyyətə bağlılıq hisslərini gücləndirmək, eyni zamanda gənclər arasında beynəlxalq dostluq və əməkdaşlıq körpüsü qurmaq olub.

Festivalın bu həftəki proqramında gənclərin vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, dövlətçilik prinsiplərinə uyğun hərtərəfli inkişafını təmin etmək məqsədilə görüşlər, interaktiv təlimlər, motivasiyaedici sessiyalar və komanda oyunları həyata keçirilib.

Düşərgə müddətində təşkil edilən “Startap bacarıqları” və “Səhnədə sən” vörkşopları, eko çanta master-klassı, intellektual oyun və “Bu Şəhərdə” kollektivinin sevimli simaları Rafael İsgəndərov və Coşqun Rəhimov ilə görüş gənclərin şəxsi inkişafını dəstəkləmək, peşəkar bacarıqlarını, yaradıcılıqlarını artırmaq və motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb.

Ümumilikdə iki mindən artıq gəncin iştirakının planlaşdırıldığı “Yay Fest 2025” avqustun 29-dək davam edəcək və festival çərçivəsində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.

Qeyd edək ki, “Yay Fest 2025” Azərbaycan Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Seçilən
18
7
report.az

10Mənbələr