Gecə həmin videonu izləyəndə əmin idim ki, bu işin cavabı sabaha qalmaz. Bilirdim ki, polis artıq iş başındadır, bilirdim ki, Daxili İşlər Nazirliyinin təq edildiyi videolara dərhal reaksiya olur. Cavab mütləq olacaq. Oldu da. Elə gecə ikən şəhidlərimizə qarşı təhqiramiz hərəkətlər edən ərəb turistlər tutuldu, cəzaları da necə lazımdır kəsiləcək.
Bunların babalarının dünyaya yaydığı dindən xəbəri yoxdursa, yəqin, burada hər şeyi başa düşəcəklər.
Aydın məsələdir ki, ərəb turistlərin sosial şəbəkələrdə paylaşdıqları görüntülər hər birimizi hiddətləndirdi. Çünki Azərbaycanın torpaqları uğrunda, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidimiz bizim hər birimiz üçün əziz və müqəddəsdir. Yəqin ki, dünyaya İslam dininin yayıldığı bir ölkənin vətəndaşı da şəhidin nə demək olduğunu anlayır. Lap tutaq ki, şəhid deyil, adi bir məzarlıqdır. Axı dinimizdə də qeyd olunur ki, ölüyə də, diriyə də hörmətlə yanaşmaq vacibdir. Hər bir insana hörmətlə yanaşılmalıdır. Amma murdar hərəkətlərlə dünyaya iyrənc təbəqə kimi tanınan bəzi ərəb turistlər bunları bilmir və düşünür ki, etdiyi bu hərəkətlər sıradan bir davranış formasıdır.
Video sosial şəbəkələrdə yayılanda baxdım ki, izləyicilərin çoxu Daxili İşlər Nazirliyini və Mətbuat xidmətinin rəisi Elşad Hacıyevi təq edir. Gecə yarısı idi və mən əmin oldum ki, bu iş sabaha həll ediləcək. Amma elə gecə yarısı video yayıldı ki, polislər həmin turistlərin qaldığı oteli aşkar edib və hər ikisini saxlayıb.
Azərbaycan polisinin xüsusi texniki vasitələrlə iş prinsipi istənilən hadisənin izinə düşmək və aşkarlamaq üçün müdhiş addımdır. Bu cür sistem dünyanın inkişaf etmiş ölkələrində olur və Azərbaycanda da DİN tərəfindən sürətli inteqrsasiya baş tutmaqdadır. Sistemi qurmaq asan görünə bilər, amma onu işlətmək olduqca çətindir. Ancaq DİN-in güclü mütəxəssis komandası sistemi necə işlətmək lazım gəldiyini yaxşı öyrənib və praktikada da tətbiq edir.
Bu gün Daxili İşlər Nazirliyinin vermiş olduğu açıqlamalardan məlum oldu ki, hər üç əcnəbi etdikləri hərəkətə görə saxlanılıb və barələrində cinayət işi açılıb. Bu, artıq bizim emosionallığımızı, qəzəb hissimizi bir az sakitləşdirmiş oldu. İctimaiyyətin kəskin reaksiyasına polisin verdiyi operativ reaksiya möhtəşəm idi.
Həm bir Azərbaycan vətəndaşı kimi, həm də DİN yanında İctimai Şuranın üzvü kimi başda nazir Vilayət Eyvazov olmaqla bütün polislərimizə təşəkkür edirəm. Turistlərə layiq olduqları cəzanın verilməsini arzu edirəm!
Elməddin Muradlı