AZ

Ermənistanın “EV TAPŞIRIĞI” – Yeni konstitusiya ilə bağlı referendum bu tarixdə KEÇİRİLƏ BİLƏR

Xəbər verdiyimiz kimi, Ermənistanın yeni Konstitusiya mətninin hazırlanması üçün yaradılan xüsusi şura yaxın vaxtlarda işə başlayacaq.

Məlumata görə, şura qısa müddət ərzində intensiv iclaslar keçirərək yeni Konstitusiyanın mətnini yazmaq üzərində işləyəcək.

İddialara görə, dəyişikliklər layihəsi erməni cəmiyyətinin mövcud tələbinə cavab olaraq təqdim ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda yeni Konstitusiyanın MƏTNİ HAZIRLANIR


Bildirilir ki, yeni Konstitusiya ölkənin gələcək idarəetmə modelinə və hakimiyyətin quruluşuna birbaşa təsir göstərəcək.

Qeyd edək ki, Azərbaycan tərəfi sülh sazişi ilə bağlı məsələdə Ermənsitan qarşısında iki tələb qoyub. Onlardan biri ATƏT-in Minsk qrupunun ləğvidir ki, üçtərfəli Vaşinqton görüşündən sonra, bu istiqamətdə ilk addımlar atılmağa başlanılıb. Digər tələb isə Ermənistan Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının götürülməsi məsələsidir. 

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda yerli mətbuata müsahibəsində bu məsələni xüsusi vurğulayıb:

““Təbii ki, Ermənistanın “ev tapşırıqları” da var. Onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün Sülh Sazişi imzalansın. Amma bu dəyişikliklər edildikən sonra, saziş istənilən vaxt imzalana bilər”.

Bu əsasda görəsən, İrəvan həmin məsələ üzrə “ev tapşırığı”nı nə vaxt yerinə yetirəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, Ermənistan Konstitusiya ilə bağlı prosesi situasiyadan asılı olaraq 2026-cı ilin ortaları və ya sonuna doğru gerçəkləşdirə bilər:

“Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Nazirlər Şurasına Minsk prosesi strukturlarının ləğv edilməsilə bağlı müraciət ünvanladılar.  Bu Azərbaycanın sülh sazişini imzalamaq üçün irəli sürdüyü tələblərdən biri idi. İkinci tələb isə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlıdır. Söhbət konstitusiyanın preambulasından müstəqillik haqqında bəyannaməyə olan istinadın çıxarılmasından gedir”.

Həmsöhbətimiz qeyd edir ki, Ermənistan Konstitusiyanı dəyişmək yox, yeni Konstitusiya qəbul etmək yolunu seçib:

”Görünür, bunu əhaliyə qəbul etdirməyin daha asan olacağını düşünürlər. Belədə, İrəvan artıq konstitusiya üzərində işə başlayıb. Bu barədə bir neçə dəfə rəsmi bəyanatlar verilib.Yeni konstitusiya layihəsini hazırlamaq o qədər də çətin deyil. Yəqin ki, qısa müddətdə onu hazırlayacaqlar. Ancaq bunun üçün referendumun keçirilməsi məsələsi kifayət qədər ciddi problemdir.

Ermənistan hakimiyyəti referendum məsələsini yalnız parlament seçkilərindən sonra reallaşdırmaq istəyir. Paşinyan hökuməti parlament seçkilərində qalib gəldikdən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsini planlaşdırır. Bu da 2026-cı ilin sonlarına düşə bilər”.

Amma ekspertin fikrincə, parlament seçkilərini irəli çəkmək təklifi reallaşsa, bu halda referendumu da gələn ilin ortalarında keçirə bilərlər:

“Ancaq bir şey aydındır ki, İrəvan referendumu yalnız parlament seçkilərindən sonra keçirəcək. Mövcud situasiyada, Rusiyanın təzyiqlərinin davam etdiyi bir vəziyyətdə, Ermənistanın parlament seçkilərini bir neçə ay qabağa çəkməsi Paşinyanın xeyrinə olacaq”. 

Rüfət Sultan, Bizim.Media

Seçilən
24
24
bizim.media

10Mənbələr