AZ

“İndi əsas sual budur Bakı necə və nə vaxt cavab verəcək?” “Bu, Moskvanın ikiüzlü mövqeyini açıq göstərir”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Politoloq Fərhad Məmmədov Rusiyanın Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) infrastrukturuna qarşı növbəti məqsədyönlü hücumunu şərh edib. Onun sözlərinə görə, Moskvanın bu addımı Azərbaycan-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin xəbərçisi ola bilər.

F.Məmmədov xatırladıb ki, daha əvvəl SOCAR-ın obyektlərinə zərbələrdən sonra Bakı ilk dəfə olaraq Ukraynaya silah satışına qoyulan məhdudiyyətlərin aradan qaldırıla biləcəyi ilə bağlı siqnal vermişdi.

Politoloqun fikrincə, burada məntiq aydındır: “Əgər Moskva indiyə qədər etmədiyini edirsə, Bakı da indiyə qədər atmadığı addımları atmağa məcbur ola bilər”.

Ekspert diqqətə çatdırıb ki, Rusiya tərəfindən SOCAR-a qarşı hücumun fonunda Moskvada Azərbaycanla hökumətlərarası komissiyanın iclası elan edilib.

O xatırladıb ki, ötən il avqustda bu formatda görüş Bakıda keçirilmişdi: “Overçukun bəyanatı Bakının razılığı olmadan mümkün olmazdı. Deməli, Azərbaycan bu komissiyanın keçirilməsinə “çətin dövrə” baxmayaraq razılıq verib. Bu isə ayın sonunda Pekində mümkün yüksək səviyyəli təmas üçün zəmin ola bilərdi”.

Politoloq həmçinin Prezident İlham Əliyevin ABŞ mediasına verdiyi son müsahibəni yada salıb. Dövlət başçısı həmin açıqlamada AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən bilərəkdən vurulmadığını düşündüyünü bildirib.

F.Məmmədovun qənaətincə, bu bəyanat fonunda SOCAR-ın infrastrukturuna təkrar “məqsədli hücum” Moskvanın ikiüzlü mövqeyini açıq göstərir.

Fərhad Məmmədov əlavə edib ki, Rusiyada eyni zamanda azərbaycanlılara qarşı hədəfli həbslər, ksenofob və azərbaycanofob çıxışlar gündəlik mediada geniş yayılır.

Onun sözlərinə görə, hazırda Moskvanın Bakı ilə bağlı siyasətində iki xətdən danışmaq olar: “– bir tərəfdən konfrontasiyanı artırmaq, – digər tərəfdən dialoq qurmağa çalışmaq.

Ancaq bu xətlər şərtidir. Çünki Moskvanın mərkəzləşdirilmiş idarəetmə sistemi var və koordinasiya edən mərkəz yalnız Kremlin özüdür. Oxşar taktikanı biz İranda da görürük, amma İranla müqayisədə Rusiyada mərkəzləşmə daha güclüdür”.

Politoloqun fikrincə, Azərbaycanın cavab reaksiyası Moskva-Bakı münasibətlərinin gələcək trayektoriyasını müəyyənləşdirəcək: “Əgər Azərbaycan bu məqsədli hücumlardan sonra Ukraynaya silah satışına başlasa, o zaman Rusiyanın qanunvericiliyinə əsasən “dost olmayan ölkələr” siyahısına düşəcək. Bu isə Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı etnik təqibləri ilə nəticələnə bilər. Moskva buna qadirdir”.

Fərhad Məmmədov hesab edir ki, Pekin sammiti öncəsi Rusiya gərginliyi qəsdən artırır: “İndi əsas sual budur - Bakı necə və nə vaxt cavab verəcək?”

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
42
azpolitika.info

10Mənbələr