AZ

Göygöldə Aqrar Biznes Festivalı keçirilib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kənd təsərrüfatı potensialını tanıtmaq məqsədilə Göygöl rayonunda IV Milli Yaylaq Festivalı təşkil olunub.

Hafta.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, Cavad Xan Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Göygöl Rayon İcra Hakimiyyətinin, digər dövlət qurumlarının, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, özəl sektorun dəstəyi ilə Xan Yurdu yaylağında təşkil olunan festival 3 gün davam edib.

Festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin kənd təsərrüfatı sektorunu, innovativ həlləri və biznes imkanlarını bir araya gətirən Aqrar Biznes Festivalı baş tutub. Aqrar Biznes Festivalında fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları, emal müəssisələri, ixracatçılar, innovasiya şirkətləri kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaları, müxtəlif bitki toxumları, aqrar sahə ilə bağlı yeni xidmətlər, o cümlədən aqrar sığorta məhsulları ilə tanış olublar. Festival iştirakçıları bu kimi tədbirlərin aqrar sahədə yeni işgüzar əlaqələrin qurulması, yerli istehsalçıların məhsullarının daha geniş bazarlara çıxması və aqroturizm potensialının artırılması baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, Süni Mayalandırma Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu öz məhsul və xidmətləri ilə təmsil olunub.

Tədbirdə Aqrar Sığorta Fondunun nümayəndələri ölkəmizdə aqrar sığorta mexanizmi barədə təqdimat keçirib, iştirakçıları aqrar sığortanın üstünlükləri, zərərin hesablanması, fermerlərə ödənişlərin verilməsi, aqrar sığorta məhsulları barədə geniş məlumat veriblər. Daha sonra sığorta müqaviləsində nəzərdə tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub.

Qeyd olunub ki, IV Milli Yaylaq Festivalı həm bölgənin turizm potensialına töhfə vermək, həm də kənd təsərrüfatı ənənələrinin, mədəniyyət, milli mətbəx nümunələrinin tanıdılması baxımından mühüm əhəmiyyətə malik tədbirdir. Proqram zənginliyi və iştirakçı sayının çoxluğu baxımından festival dövlət-özəl sektor tərəfdaşlığının uğurlu örnəyi hesab olunur.

Seçilən
100
30
hafta.az

10Mənbələr